Yalnız Azərbaycan dilində gözəl səslənən sözlər

Loading

“Partizan” Lamiyə Həbibovanın yeni essesini təqdim edir.

Elə sözlər var ki, onları məhz Azərbaycan dilində oxuyanda və səsləndirəndə həyəcanlanıram, içimə qəribə bir aydınlıq gəlir, lakin həmin sözləri ingilis dilində çələngə də bürüsən fikirdə işıq yandırmır. Məsələn, bu dönəm bioarxeologiya seminarında Yeni Qvineyada yaşayan insanların ölən doğmalarının ayaq sümüyündən (tibia) hazırladıqları xəncərləri araşdırıram və onları buna olduqca bənzər olan dəvəquşu sümüyündən hazırlanan xəncərlərlə müqayisə edirəm. Digər uşaqlar isə kəllə sümüyündən hazırlanan qədəhləri tədqiq edir. Elə bura qədər olan faktların necə ağız dolusu səslənişi var! Xəncər, ayaq sümüyü, kəllə. Ana dilində verilən bu bir neçə açar sözü uzadıb esse yazmaq olar.

Artıq Avropada uzun müddətdir azərbaycan dilində sadəcə məişət sözlərindən istifadə etdiyimin fərqinə varıram və buna görə də akademik səsli nitqim tənbəlləşib. Dostlarımla görüşmədiyim, anamla danışmadığım günlərdə isə bütün gün ingilis dilotusu yesəm də, lal kimi hiss edirəm özümü. Bakıda oxuyanda antropologiya müəllimimiz deyərdi ki, insanların dünyagörüşü gün ərzində istifadə etdiyi sözlərin ortalamasıdır. Azərbaycan dilində şikayət və ya qeybət edən hər hansı insan görəndə söhbətə də, insana da olan bütün həvəsim yox olur, istəyirəm o insanlar da təkrarçılıqdan çıxsınlar, özlərindən sözlər uydursunlar və onlara məna versinlər. Məsələn, burda tanışlardan biri bir dəfə çox yaxşı bir ifadə işlətmişdi: polyak uşaqları üçün “balaca cinkuyelər” demişdi. Dziękuję polyakca təşəkkür etmək deməkdir və biz azərbaycanlılar da elə ən çox bu sözü yaxşı bilirik.

Dil, həqiqətən də, fikrin aynasıdır və danışılan dildən asılı olaraq bu ayna səni müxtəlif cür göstərir. Stikerlər, giflər, snaplar, retweetlər, şablonlar və bir çox başqa əlavələr isə sonsuzluq burulğanında yalnız məişəti əks etdirən bu aynanın şəffaflığını azaldır, təəccübü aradan qaldırır, suallar yox olur və hər şey adiləşir. Amma ayaq sümüyündən hazırlanan xəncərlər…onları düşünmək çox həyəcanlıdır.