“Partizan” İlhamə Kədərin “Ay-ulduzun nağılı” nağılını təqdim edir.
Biri var idi, biri yox idi. Yeddi qat yerin üstündə, yeddi qat göyün altında, uca dağların kölgəsində, yalçın qayaların əhatəsində suyu qoz qərzəyi rəngində Ər-raz adlı bir çay, bu çayın üzərində on üç tağlı bir körpü var idi. Bu körpünün birinci tağında Ley quşunun yuvası, on üçüncü tağında isə üçbucaq daş qapı vardı. Bu qapı divlərin mağarasına gedən yolun girəcəyində olduğu üçün heç kim cəsarət edib ora yaxınlaşmazdı.
Ortalığı kimsəsiz görən divlər hər yaz Ley quşunun balalarını yumurtadan çıxan kimi yeyirdilər. Ley quşu artıq qocalmışdı. Bilirdi ki, bu dəfə də balalarını divlər yesə nəsli kəsiləcək. Odur ki, yuvasından ayrılmır, gecə-gündüz yumurtalarının keşiyini çəkirdi.
Günlərin bir günü Ley quşunun qulağına nəğmə səsi gəldi. Başını qaldırıb baxanda ağ və qara quzulardan ibarət bir sürü, sürünün yanında isə başında şiş papaq, ayağında bizburun başmaq, əlində çomaq əvəzinə dəstəyi cüyür qıçından, hörməsi dana dərisindən olan tatarı tutmuş balaca bir oğlan gördü.
Ley quşu bu balacanı əvvəllər də görmüşdü. Özündən böyük qardaşları ilə hər yaz yamacda quzu otarar, quzular yatanda isə on üç tağlı körpüyə yaxınlaşıb Ley quşuna tamaşa edər, divlər yaxınlaşar-yaxınlaşmaz qaçıb, uzaqlaşardılar.
Bu il isə qardaşlar yox idi. Balaca oğlan sürünün başında tək idi. Özü də heç qaçıb gedənə oxşamırdı. Sanki nəğməsini qəsdən ucadan oxuyurdu ki, divlər üçbucaqlı qapının arxasından onu eşidib çıxsınlar. Bu nəğmə Ər-raz çayına müraciət idi:
Ey çayların ən gözəli,
Ey sahili mənzərəli,
Bulanıqdır niyə suyun?
Azər ata oğulları
Peyğəmbəri öldürəndə
Sənəmi axıtdı qanı?
Yoxsa divlərin anası
Qaynadıb qoz qərzəyini
Dəyişib sənin rəngini?
Sənin üzərində körpü
hörən memara min alqış,
Rəbbi-Xuda “min afərin”
deyib onu alqışlamış.
Nəğmənin bu yerində divlərin qapısı açıldı. Göy, yaşıl, ağ və boz rəngdən ibarət nəhənglər oradan çıxıb balaca oğlanı quzuları qarışıq əhatəyə aldılar. Başçı div dedi:
Bu yaz Ley balaları yox, quzu əti yeyəcəyəm! Bu özündən razı insan isə ömürboyu mənim aşpazım olacaq. Onu tilsimləyib mətbəxə atın.
Nəzarətçi div dərhal oğlanı tutub çəkməsinin boğazına taxdı. Quzuları da qabağına qatıb körpünün onüçüncü tağına təpildi. Qapının tappıltısı ilə bərabər Ley quşunun yumurtaları da çartladı. Səkkiz qızılbaş bala yumurtadan çıxıb göy üzünə ucaldı. Ley quşu onların arxasınca baxıb sevinc içində qaqqıldadı. Sonra başının yuvasının kənarına qoyub illərin yuxusuzluğuna həmişəlik son qoydu.
Qızılbaş balalar uçmağında, Ley quşu dünyadan köçməyində olsun, sizə kimdən xəbər verim, balaca çobandan.
Zalım divlər çobanı mətbəxlərinə aparıb yeddi qat tilsimin içinə həbs etdilər və əmr etdilər ki, durub-dincəlmədən onlar üçün yemək bişirsin. Balaca adam Ley quşunun balalarını xilas etdiyinə görə ürəyində sevinsə də, divlərin əziyyətinə dözməyə taqəti yox idi, amma qorxusundan səsini çıxarmırdı. Yalnız yağış yağanda və soğan doğrayanda ağlayırdı.
Bir gün yenə göy guruldadı. Çəhrayı buludlar pambıq köynəklərinin yaxasını açdı. Yağış pəriləri büllür damlaları yer üzünə daşımağa başladı. Pərilərdən biri tilsimin arasından süzülüb torpağa çatırdı ki, birdən daşıdığı damlanın ağırlaşdığını hiss etdi. Təəccüblə ətrafına boylananda nə görsə yaxşıdır? İp-isti ocağın qırağında yepyekə qazanlarda yemək bişirən, əlləri və üzü yanıb qızarmış, paltarı köz qığılcımlarından deşik-deşik olan bapbalaca oğlan səssiz-səmirsiz elə ağlayır ki, dağ görsə, toz olub sovrular, daş görsə, buz olub əriyər. Bu oğlanın göz yaşları yağış suyuna qarışdığı üçün yükünün ağırlaşdığını anlayan pəri soruşdu:
Ey zavallı bəni-adəm, kimsən, nəçisən, bu nə gün, nə ruzigardır düşmüsən?
Balaca başına gələnləri nəql eləyib qurtaranda dedi:
Divlər elə tilsim edib ki, kimsə kənardan məni görə bilmir. Bu tilsimdən çıxmaq üçün ocaqdan uzaqlaşmalıyam, amma ayaqlarıma löh oxunduğu üçün uzaqlaşa bilmirəm.
Yağış pərisi biraz düşünüb dedi:
Səni xilas etmək istəyirəm, amma mənim buna gücüm çatmaz. Gedib Yaxşılıq pərisinə xəbər verim. Bəlkə o, sənə bir çarə qılar.
Yağış pərisi bunu deyib əlindəki damlanı torpağa çatdırmağında olsun, biz də görək bu Yaxşılıq pərisi kimdir.
Yaxşılıq pərisi var ki, Allah onu haqsızlıqlara məruz qalanları xilas etmək üçün yaradıb. O qədər əzəmətli bir pəridir ki, başqa pərilər onu görəndə baş əyib, salam verirdilər. Günəş səmada dolanarkən onu görəndə saçlarını yığışdırırdı. Bu pərinin saçları günəşin şüalarından da odlu idi. Hər kirpiyinin ucunda səkkkiz mələk, hər mələyin qanadında səkkiz odlu lələk vardı. Harada haqsızlıq olsa Yaxşılıq pərisi gözünü qırpar, həmin an yer üzünə səkkiz mələk enib, ədaləti bərqərar edərdi. Bu dəfə də yer üzünə nəzər salamq istəyirdi ki, yağış pərisi özünü ona yetirib dedi:
– Ey yeddi qat yerdən yuxarıda, yeddi qat göydən aşağıda baş verən bütün haqsızlıqların çarəsi! Bil və agah ol, uca dağların kölgəsində, yalçın qayaların əhatəsində qıvrıla-qıvrıla axan Ər-raz çayının suyu nə qoz qərzəyindən, nə də peyğəmbər qanından rəng alıb. Onun suyu böyük əzablar çəkən balaca oğlanın qanlı gözyaşından bulanıb. İndi zalım divlərin əsiridir. Əgər onu xilas etməsən, bütün çayların suyu qanlı, bulaqların suyu duzlu olacaq.
Bu sözləri eşidən Yaxşılıq pərisi hər iki gözünü birdən qırpdı. Hər kirpiyindən səkkiz mələk uçdu. Hər mələyin qanadından səkkiz odlu lələk qopdu. Yeddi qat göy kükrədi, yeddi qat yer silkələndi. Divlərin tilsimi özləri ilə bərabər çiliklənib Ər-raz çayına töküldü. Azadlığa çıxan insan suyu durulmağa başlayan çayın üstündə uçuşan lələkləri tutub bir-birinə bağladı. Yaxşılıq pərisi isə bu lələkləri günəşin ilk şəfəqi ilə qızaran səmanın doqquz pərdə dalğalanan hissəsinə yerləşdirdi. Qızıl libas geydirdiyi balaca oğlana isə bu lələklərin sol tərəfində yataq hazırladı. Balaca çoban başını və ayaqlarını lələklərə tərəf uzadıb şirin yuxuya getdi.