Füzuli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki piyada keçidindən dörd ahıl çinli keçirdi. Əlindən dad etdiyimiz bir “prius sürücüsü” keçiddə maşını saxladı, qocalara yol verdi. Çinlilər keçərkən əllərini köksünə sıxıb sürücüyə dəfələrlə təzim etdi.
Doğrusu, mənzərə məni çox da təəccübləndirmədi, çünki bəzən inkişaf etmiş ölkələrdə də sürücülər piydaya yol vermir. Bizdə isə bu mədəniyyət yüksək səviyyədədir. Ola bilsin, bu məsələdə Çində də nizam bizdən zəifdi.
Ancaq yol mədəniyyəti təkcə sürücünün piyada keçidində piyadaya yol verməsi deyil, həm də piyadanın sürücüyə yol verməsidir.
Tofiq Quliyevin dörd ay əvvəl açılışı olan abidəsinin yerləşdiyi parkla “28 May” küçəsinə çıxanda məşhur piyada keçidiylə rastlaşırıq, loru dildə desək, zebr. Həmin küçədə maşınlar həmişə sıx olur. Diqqət edin, elə yerlərdə piyadalar sürücüləri düşünmürlər, gəldikləri templə də keçidə çıxırlar. Biri yolu keçib bitirməmiş digəri boy verir, o, yolun ortasına çatmamış qarşı tərəfdən başqa biri piyada keçidinə ayaq qoyur. Onsuz da avtomobillərin sıx olduğu yolda piyadalar bir az da gərginlik yaradır, keçidin adı “piyada keçidi”dir deyə bütün kinini, acığını, hikkəsini zebrın üstünə tökür.
Həmin yoldan piyadalar da sıx keçir. Məsələn, biri 10 saniyə gözləsə, digərləri də onun yanına toplansa, yolu daha mədəni şəkildə, sürücülərin zamanını çox almadan keçə bilərlər. Ancaq əksər xanımlar keçidə addım qoyan kimi sanki gözəllik yarışında podiuma çıxırlar – sakit, tələsmədən, aramla… Eləsi var, maşınların qarşısına çatanda telefonunu çıxarıb baxır, sürətini azaldır. İrad bildirsən, deyəcək, piyada keçidi də!
Məsələ budur ki, həmin insanların əksəriyyəti öz haqqını uzunluğu maksimum on metr olan zolaqlı xətdə bərpa etmək istəyir. Məmurun, yoldaşının, müəllimin, həkimin, müdirin yediyi haqqını həmin zolağın üstündə – özü kimi əsəbi adamların qarşısında nazla yeriyərək təmin etməyi düşünür.
Bizim insanın problemlərinin ən şəffaf analiz nöqtəsi də məhz bu yerdir: etirazımızı, istedadımızı, potensialımızı uyğun tribunalarda realizə edə bilməməyimiz. Analiz üçün açar yerimiz məhz bu nöqtədir. Mövzunun davamı növbəti yazımda…
Bu yazını isə əlində-ovcunda olanı rüşvət verəndən sonra qisasını “Xalqlar dostluğu”ndakı yumruq aparatından çıxan zavallı qardaşlarıma xitabən bitirirəm. Yumruğu vurub qırmızı rəqəmlərin oynadığı monitora diqqət kəsilən yurddaşlarım…
Axı niyə?
Heyf deyilmi o hikkə?
Heyf deyilmi o yumruq?
O yumruğu biz 71 ilə bərkitmişdik.
1989-cu ilin noyabrın 17-də Bakıda ilk dəfə Azərbaycan himninin səsləndirilməsini əks etdirən video var. Ürəyində tükənməz Azərbaycan sevdası olanlar yəqin ki, o görüntüyə tamam ayrı diqqətlə baxır:
Əbülfəz Elçibəy himn haqqında məlumat vermək üçün sözü şair Səmədoğluya ötürür, özü isə hələki matəm yox, sevgi gülü olan bir dəstə qərənfili götürüb kürsüyə qoyur. Qərənfilin ətirsiz olduğuna əmindir, ancaq o tarixi məqamda bəlkə də özündən asılı olmayaraq məntiqsiz şəkildə qərənfilləri qoxlayır.
Səmədoğlunun qısa məlumatından sonra Azadlıq meydanına müqəddəs himnimiz yayılmağa başlayır. Himn çalınan kimi Vaqif Səmədoğlu yumruğunu sıxıb havaya qaldırır. Adınca tribunadakılar, sonra bütün meydan yumruğunu dik tutur. Bu, bir himn dinləmə duruşuna çevrilir.
Bəli, qarşısında SSRİ duran bir xalq müstəqillik atributlarından olan himnini məhz belə dinləməli idi, yumruğunu qalxan edərək.
İndi isə bütün Azərbaycan əlini ürəyinin başına qoyub dinləyir himnimizi. Biz o yumruğun açılıb ürəyimizin üstünə enməsi üçün bir qərinəlik yol gəldik. O yumruğun açılıb köksümüzə qonmasından romanlar yazıldı, filmlər çəkildi. Çünki zamanında sıxılanda yumruq tumurcuq kimi olur – bir yeniliyin başlanğıcı! Ki açılanda bahar gəlir.
Sərdar Amin