Etiket arxivi: hacı çələbi

Bizdə xanlıqlar yarananda Amerikada ştatlar yaranırdı – İlk xəyanət

Loading

Xanların vahid bayraq altında birləşmək istəyi fərdi mənafeylərindən artıq olsaydı, onlar bu işi tezliklə həll edə bilərdilər. Ən pis halda xanlıqların bir sıra müstəqillikləri saxlanılaraq vahid ideologiya altında birləşə, işğallara sinə gərə, yad ideyaların ölkəyə daxil olmasına sipər çəkə bilərdilər. Yəni ölkə ən pis halda vahid ad altında birləşən xanlıqlar kimi də yaşaya, möhkəmlənə bilərdi. Xanların öz aralarında razılığa gələ bilməməməsi, hər birinin Azərbaycanı böyük bir xanlığa çevirmək istəyi nəticədə ölkəni bu gün də həlli tapılmayan fəlakətlə üz-üzə qoydu. Müqayisə üçün deyim ki, Azərbaycanda xanlıqların yarandığı bir zamanda – XVIII əsrdə yeni dünya sayılan Amerika qitəsində bu gün super güc olan Amerika Birləşmiş Ştatları yaranırdı.

Xanlıqlarda ilk xəyanət

Xanlıqlar dönəmində atılmış ən yanlış addımlardan biri 1752-ci ildə Qarabağ, Gəncə, İrəvan, Qaradağ xanlarının ilk xanlıq olan Şəki Xanlığının xanı Hacı Çələbiyə qarşı Kartli-Kaxetiya çarlığı ilə ittifaqa girməsi oldu. Artıq yetərincə gücə sahib bir yerli dövlətə qarşı xarici ölkə ilə müttəfiqə girmək heç vaxt heç bir liderə başucalığı və şərəf gətirməyib. Təbii ki, az əvvəl qeyd olunduğu kimi bu ittifaqın bağlanmasında birmənalı şəkildə qarşı tərəfi ittiham etmək də insafsızlıq olar, bu birliyin yaranmasının səbəbkarların biri elə Hacı Çələbi Qurbanoğlu idi. Hansı ki, xanlıqların birləşdirilməsi siyasətini öz üzərinə götürərkən ya qarşı tərəfin gücünü, potensialını dəqiq ölçməli, yaxud da həmin xanların heysiyyətini və şərəfini nəzərə almalı idi.
Düzdür, gürcü çarlığı ətrafında Şəki xanlığına qarşı birləşən digər xanlar tezliklə çar tərfindən əsri götürüldü, onlar yenə də Hacı Çələbi tərəfindən azad edildi, bundan sonra dəfələrlə xəyanətlər edildi… Lakin bu kitabda ilk xəyanəti ona görə sadalamağı borc bilirik ki, bu üzdəniraq ittifaq bizə yaxın tarixdə qardaş xəyanətini leqallaşdıran, ənənəsini əsaslandıran hadisə oldu.
Düzdür, ölkə ərazisində bir neçə dövlətin yaranmasının zərrə qədər də olsa, müsbəti də var idi. Xanlıaqların yaranması hər regionda bir mrkəz şəhərinin, paytaxtın yaranması demək idi ki, paytaxt olmuş şəhərlərin də sonradan Azərbaycanda önəmli sənətkarlıq mərkəzləri kimi inkişafını artırdığını görürük. Lakin bu hadisəyə Azərbaycan fonunda baxdıqda bu şhərləri inkişaf etmiş mərkəzlər kimi yox, ölkəmizin bağrına basılmış damğalar kimi görürük.

Müsbət və mənfiləri ilə səhnədə Fətəli xan…

Xanlıqlar dönəmində daha bir qüdrətli xanlıq Quba xanlığı idi və sözügedən dövlətin rəhbəri Fətəli xanın əsas istəyi bütün ölkəni eyni xanlıq ətrafında birləşdirmək idi. Təəssüf ki, onun bu istəyi də yenə fərdi müstəvini aşa bilmədi. Biz Fətəli xana qarşı da dəfələrlə digər xanlıqların birləşərək xarici qüvvələrə “pənah” apardığını görürük.
Qarşıdan gələn böyük fəlakətə səbəb olacaq arzuolunmaz tumurcuqlar isə xanların tez-tez fars və ruslardan kömək istmələri idi. Şəki xanı Məhəmmədhəsən xan Qacardan nicat umur, ardınca hakimiyyətə gələn Səlim xan Sisiyanova sadiqlik məktubu yazaraq kömək istəyir. Bununla yanaşı avar, rus, fars, gürcü və başqa ölkələrə bel bağlayaraq tez-tez onlara məktub yazan, ittifaq quran xanlar bu əməli həm də “qarğa, məndə qoz var” ismarışı verirdi. Nadir şahın qəfil ölümündən sonra ölkədə yaranan zəmin Azərbaycandan lider tələb edirdi. Azərbaycanı əkin sahsinə bənzətsək, Nadir şah torpağı şumlamış, yumşaltmışdı, toxum səpib əkini qoruyan bir şəxsə ehtiyac var idi. Təəssüf ki, həmin potensialı olan şəxslər də mütəmadi yadellilərə bel bağlayaraq həm digər xanların gücünü zəiflətdi, həm də ölkədəki siyasi, iqtisadi vəziyyəti kənar dövlətlərə daha yaxından hiss etdirdi.

Sonda “Şiraz qonaqlığı”…

1762-ci ildə İranda müxtəlif vilayətləri tabeçiliyinə alan Kərim xan Zənd Azərbaycan xanlıqlarının arasındakı ziddiyətdən istifadə edərək Urmiya xanı Fətəli xanın qarşısını almaq üçün onun bir zamanlar sıxışdırdığı feodallara və xanlara səsləndi. Məsələn, o, Qarabağ xanı Pənahəli xana yazırdı:
“Fətəli xan təkcə düşmən deyil, o, eyni zamanda bizimlə qanlıdır. Gərək birləşmək uğrunda bütün qüvvəni əsirgməyəsən. Məhz bu yolla həm intiqam almaq, həm də oğlnuzu xilas etmək mümkündür. Bununla həm siz sevinərsiniz, həm də biz arzumuza çatarıq”.
Pənahəli xan öz ordusunu zəndlərlə birləşdirir, Fətəli xan məğlub olur və Pənahəli xan özü də bir ömür geri çevirə bilməyəcəyi bir xəyantə uğrayır, Zənd müxtəlif bəhanələrlə onu Qarabağa buraxmır, əvəzində oğlu İbrahimxəlili azad edərək Qarabağa qaytarır. Özünü isə ömrünün sonuna qədər qayıtmayacağı “Şiraz qonaqlığı”na aparır.
Xanlıqlar arasında ən qüdrətlisi sayıla biləcək Quba xanlığının – hansı ki, Bakı, Salyan, Cavad, Şamaxı, Şəki, Dərbənd xanlıqlarını birləşdirmiş, Cənubi Azərbaycan torpaqlarına ayaq açmışdı – Fətəli xana qarşı da dəfələrlə digər xanların birləşdiyini, ona ciddi zərbələr vurduğunun (Gavduşan döyüşü) şahidi oluruq. Nəticədə şimal-şərqi Azərbaycanı birləşdirən, Cənubi Azərbaycana ayaq açan xanın da təşəbbüsləri yarımçıq qalır.
Düzdür, Fətəli xan da az əvvəl arzuolunmaz hal kimi təqdim olunan “yadlara bel bağlamaq” naqisliyinə imza atıb. Lakin əksər xanlardan fərqli olaraq o, bu əmələ qalibiyyət naminə deyil, müdafiə üçün razılıq verib.

Fətəlinin dəvəti ilə rus fəthi…

1774-cü ildə o, Qubalı Fətəli xan Rusiyadan kömək istədi və 1775-ci ilin yazında rus qoşun generalı İ.F.Medeminin komandanlığı ilə Qubaya ordu gəldi, Fətəli xan bu ordunun köməkliyi ilə Dərbəndi, Qubanı yenidən azad etdi. Lakin ardınca Fətəli xan siyasət naminə çardan Quba xanlığının Rusiya tabeliyinə qəbul etməyi xahiş edir, Dərbəndin açarlarını II Yelizavetaya göndərir, ikinci isə bu təklifdən imtina edir. (İran və Türkiyə münasibtlərinə görə).
Ayrı-ayrılıqda hər bir xanın özünəməxsus isyasi xadim olması, müxtəlif nailiyyətlərə imza atması Azərbaycan tarixində ciddi hadisə kimi diqqət çəkmədi, XVIII əsr kimi maraqlı və bu günümüzə təsir edə biləcək vacib tarixdə onlar daha çox gücü bir-birilərini məğlub etməyə sərf etdi. Nəticə etibarilə ortaya böyük bir fəlakət çıxdı. Azərbaycanın bölünməsi ilə yekunlaşan bu proses fonunda bizim heç bir xanlığın qüdrətindən danışmağa və xanlarımızı öyməyə haqqımız yoxdur. Çünki solda Rusiya, sağda İran, arxada Osmanlı kimi problemi olan bir coğrafiyada lider olmaq istəyən şəxsin nəzərə almalı olduğu ilk məsələ birləşmək, nəyin bahasına olur, hakimiyyətinə aldığı ərazinin müstəqilliyini bu üç tərəfdən qorumaq olmalı idi. Ən pis halda üç tərəfdən birinin mütəffiqliyinə sığınmağı düşünməli olduğu halda xanlarımız öz aralarında məsələni həll edə bilmədi. Şəki və Quba xanlıqlarının Azərbaycanı birləşdirmək cəhdləri də xəyanət, pərakəndəlik, daxili çəkişmə və xarici müdaxilələr fonunda baş tutmadıqdan sonra 1801-ci ildən Azərbaycanın Rusiya tərəfindən işğalı başlandı. Dəfələrlə qaldırılan üsyanlar, qəhrəmanlıqlar prosesin ümumi mahiyyətinə təsir edə bilmədi.

… və beləcə Araz sərhəd oldu

Xanların nabələd davranışları, xamlığı nəinki qonşu dövlətlərin, hətta bir sıra supergüclərin, avropa ölklərinin də diqqətini çəkmişdi. Məhz bu səbəbdən Çar Rusiyasının Azərbaycanı işğal etməyə başlayan kimi İngiltərə İranla müqavilə bağladı, hansı ki, həmin müqaviləyə əsasən İrana hücum zamanı İngiltərənin bu ölkəni hərbi sursat və müşavirlərlə təmin etmək hüququ var idi.
Qərb ölkələrinin diktəsilə İran 1804-cü ildə Rusiyaya müharibə elan etdi. Lakin Rusiya Balkan və Qafqazda Türkiyə ilə müharibə aparmasına, eyni zamanda Napoleon kimi ordu rəhbəri ilə baş-başa gəlməsinə baxmayaraq Qafqazda nə türklərə, nə də farslara uduzdu. Nəticədə Azərbaycan ərazisinin ikiyə bölünmə aktının ilk addımı atıldı; 1813-cü ildə Qarabağın Gülüstan kəndində Azərbaycan Ratişev və Şirazinin imzaları ilə ikiyə bölündü. Müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqları ərazisi istisna olmaqla Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldı. Bir müddət sonra müqavilə şərtlərini pozan farslar təkrar məğlub olaraq ruslarla daha bir müqavilə – Türkmənçay müqaviləsini bağlayaraq İrəvan və Naxçıvan xanlıqlarının da Rusiyanın tərkibinə qatılmasını təsdiqlədi.

Yekun

Xanların başqa ölkə ərazilərinə belə iddia edərkən Rusiya İmperiyasını görməmək, yaxud görməzdən gəlmək Azərbaycan tarixindəki ən ciddi yanlışlardandır. Hansı ki, çox keçmədən, elə xanların özlərinin yaşadıqları dönəmdə Rusiya İmperiyası səbrlə bütün ölkəni işğal etdi, xanların özlərinə divan tutdu.
Böyük şair Məmməd Arazın “Məndən ötdü…” şeirində poetik əksini tapan xanlıqlar dönəmi Azərbaycan tarixində birmənalı olaraq qara səhifə kimi qiymətləndirilir.
Silahla, fiziki qəhrəmanlıqla xərtitələri dəyişmək imkanlarının məhdudlaşdığı dönəmimimizə vurulmuş ən ciddi zərbələrdən biri sonu Azərbaycanın bölünməsi ilə yekunlaşan “xanların çəkişməsi” hadisəsi oldu. İkiyə bölünmüş Azərbaycan isə yəqin ki, yaxın tarixdə bizə “miras” qoyulmuş ən ağır yaradır.

Qeyd: Mətn “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabındandır.