Sadəliklə adiliyin fərqi – Nazirlik nə etdi?

Loading

Loqotip bir təşkilatın bütün rabitələrini funksional olaraq əhatələyən, kompleks identifikasiya sisteminin mərkəzləşdirilmiş elementidir. Peşəkar səviyyədə mərkəzləşdirilmiş element (loqo) vizual və daxili strukturunda müsbət assosiasiya, asan identifikasiya, azaltma simvolları, uyğun olaraq seçilmiş rəng(lər), müsbət və mənfi məkan assosiasiyası, axın, istiqamət, ölçü və digər texniki keyfiyyətlərə sahiblənir. Məhz buna görə də, loqotiplərin dizaynı və vizual təşkilat sisteminə daxil edilməsi qrafik dizaynın ən vacib və eləcə də ən çətin sahələrindən biri sayılır.

Böyük təşkilatların seçdiyi tərtib edilmiş keyfiyyətli, xüsusi loqotiplər böyük ideyaların və nəzərdə tutulmuş məqsədyönlü fəaliyyətin kiçik eskizinə çevrilir. Yəni minimalist incəsənətin yaratdığı imkanlar sayəsində loqotiplər üzərində təşkilatı sistemin vizual eskizi maksimal dərəcədə minimallaşdırılır.

Minimalist sənət hərəkatında iştirak edən dizaynerlərin hədəflədikləri əsas cəhətlərdən biri izləyicilərinin işlərinə dərhal və sırf vizual baxımından reaksiya verməsi idi. Onlar inanırdılar ki, verilən reaksiyalar onların işləri ilə şəxsi əlaqə və təcrübə yaradır. Və bu, onlara loqotiplərin rəng, forma, məkan və mühit keyfiyyətləri ilə məşğul olmağa imkan verirdi. Minimalist ünsürlər Peter Halley, Lorenzo Belenguer və Sherrie Levine kimi tez-tez Neo-Minimalist və ya Neo-geo rəssamlar kimi qəbul edilən müasir rəssamların bütün dalğasına təsir etmişdi. Bu şəxslər Peter Hallinin “müasir həyatın həndəsələşməsi” kimi gördüklərini tənqid etmək üçün minimalizmin əsaslarından istifadə edirdilər. Xülasə, minimalizm hərəkatının genişlənməsi minimal loqotiplərin modernist və maksimal keyfiyyətlərlə hazırlanmasına gətirib çıxardı.

Azərbaycan Gənclər və İdman Nazirliyinin bu günlərdə seçdiyi yeni loqotipini isə modernist və yüksək səviyyədə mərkəzləşdirilmiş “minimal element” hesab etmək bir qədər çətindir. Çünki hazırlanmış loqonun vizuallığı spesifik element və xüsusiyyətlərə doğru istiqamətlənmir.

Müqayisə üçün təşkilatın keçmiş loqosuna diqqət yetirsək, Azərbaycan Respublikasının xəritəsi üzərində (bütün ölkə ərazisində əhatələmək simvolu) Azərbaycan Respublikasının bayrağının rənglərini simvolizə edən və yuxarıya doğru istiqamətlənən (inkişaf simvolu) şaquli oxlardan ibarət olduğunu görərik. Təbii ki, keçmiş loqotipi də qrafika prizmasından uğurlu nümunə saymaq olmaz. Lakin yeni loqoda əsas ideya kimi götürülmüş “AZE” hissəciyi beynəlxalq arenalarda ölkənin nişan emblemi olsa da, bu sırf forma baxımından (oxu: hərflər neytrallaşdırılır, sadəcə formalizm olaraq) spesifik nişan emblemi deyil. Məsələn, (oxu: hərflər neytral sayıldıqda, sadəcə forma olaraq baxıldıqda) Macarıstan üçün bu “HUN”, Rusiya üçün “RUS” etiketinə çevrilir. Yəni yeni loqodakı ideoloji mövqe sadəcə ümumiləşdirilmədən kiçik bir çıxarışdır.

Eləcə də rəng neytrallaşdırılması və vektoryal dönüşüm zamanı loqonun effektiv göstərici minimuma enir.

Dijital platforma loqotiplərindən nümunə gətirərək rəng və vektoryal neytrallaşmanın yaratdığı imkanlarla tanış olmaq olar.

Məsələn, “Facebook”un (Meta) loqo rebrendinin əsasını şirkət adı ilə sosial şəbəkə arasında vizual fərq yaratmaq qərarı təşkil edir. Rebrend şirkətə auditoriyasını çaşdırmadan öz adını törəmə platformalara daxil etmək imkanı verir. Yəni loqo “Facebook”a məxsus “Instagram” və “WhatsApp” kimi xidmətlərdə görünür və rəngi hər bir brendə uyğun olaraq uyğunlaşdırılır. “WhatsApp”da yeni “Facebook”(meta) loqosu mesajlaşma platformasının yaşıl rənginə uyğunlaşdırılır, “Instagram”-da isə çəhrayı, bənövşəyi və sarı çalarlarda görünür.

Nazirliyin yeni loqotipinin rəng interyeri isə müxtəlif çalarlı fonlar üzərində “fotoqrafik çevrə” kimi qalır. Vektoryal neytrallaşma zamanı isə sadəcə hərflərə dönüşür.

Hansısa bir loqo yenisi ilə dəyişdirilərkən yeni loqotip keçmişdəkinə nəzərən dinamik struktur dəyişikliklərinə sahiblənir. Əvvəlki qrafikanın çatışmazlıqları yeni qrafikaya xüsusi dinamika sayəsində yerləşdirilir. Misal olaraq, Amerika Qadın Milli Basketbol Assosiasiyasının 2019-cu ildə yenilənmiş loqosu ilin ən yaxşı rebrendlərindən biri idi.

Əvvəlki loqo oyunçunu sözün əsl mənasında çərçivə salsa da, yeni loqo oyunçuya yeni həyat və təcil verirdi. Həmçinin, yeni loqodakı fiqur daha uzun, daha atletik bədən quruluşuna malikdir. O, zərif, baletik, lakin güclü və azaddır. Qadınlar atletikada qəlibləşmiş sərhədləri keçdikcə, yeni loqo həm gücləndirici, həm də zamanına uyğun təəssürat yaradırdı. Eyni zamanda loqotip qalın hərflərlə balanslaşdırılmışdır, ki, bu da loqoya rəsmi və nüfuzlu bir ton verir.

Təşkilat inkişafa yönəlmiş məqsədlərini həm də loqo dinamikası ilə çatdırır.

Uzun sözün qısası, qəribə səslənsə də, Gənclər və idman nazirliyinin yeni loqosu sadəcə “uzun sözün qısası” (qısaldılması) olaraq qalır.

“All-in”

 

Rauf Ra

525-ci qəzet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir