“Partizan” Sərdar Aminin “Portağalsan əlimdə” şeirini təqdim edir:
Qorxma, mən səninləyəm
Həm də burda, yel atım.
Sən çap yarımçıq qalsın
üç misralıq bayatım…
Bibimin bişirdiyi
şirin ləzgi qoğalı
Gecəmin Ay işığı,
əlimin portağalı.
Sən od-alov qızısan
bir əlcə ürəyində
o sərçə ürəyində
pulemyotların səsi…
Saçlarını oynadır
fərarilik nəğməsi.
Sən böyük sevinclərin,
ən böyük sevinclərin,
gülüşlərin qəmzəsi.
Qayıdan durna səsi.
Şəlaləsən, şəlalə
tanrıdan yerə axan…
Bitməyən su sərgisi…
Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.
Əlini gözünə qoy,
gözünü dik səmaya,
Sən ki müqəddəslərin
saman qoxan ağımtıl
kətan çantalarından,
nar qoxan heybələrdən
doğulmusan dünyaya.
Mən də səni süzürəm,
yaşadığın adanı.
Bu tənhalıq, sakitlik,
Məst eləyir adamı.
Hər gün susub baxıram,
Səmadakı rənglərə
Yerini göstərməkçün
atdığın fişənglərə.
Nə olar, elə baxma
küsmə Sərdar əmindən
Tənha ada gözəldi
mənim miskin gəmimdən.
Sənə əlim toxunsa,
Günəş çıxar bir anlıq
İtər uçan fişənglər
Bitər atəşfəşanlıq.
Nə olar, əl yelləmə
qaranlığında qalaq.
Portağalsan əlimdə
sıxsam, günəş doğacaq.
Sərdar Amin