“Partizan” “Ən qısa hekayə” rubrikasında dünya şöhrətli fransız yazıçı Andre Moruanın (Andre Maurois) “Qarışqalar” hekayəsini təqdim edir.
Qıraqlarına kağız yapışdırılmaqla bir-birinə bənd edilmiş bir cüt şüşə plastinkanın arasında qəhvəyi rəngli xırda həşəratların böyük bir sürüsü var-gəl edirdi. Satıcı qarışqalara bir qədər şəkər tozu səpdi və onlar hamısı hərəkətə gəlib eyni nöqtədə birləşən cığırlar saldı. Orada, tən ortalıqda iri bir qarışqa, demək olar ki, tam hərəkətsiz durub qalmışdı. Bu, qarışqaların şahı olan Ana qarışqa idi; qarışqalar onu hörmət və ehtiramla yedizdirirdilər.
– Onların adama heç bir əziyyəti yoxdur, – satıcı dedi. – Ayda bir dəfə bir damcı bah bax o dəliyə qoymaq kifayətdir… Cəmi-cümlətanı bircə damcı bal…
Qalanı qarışqaların öz işidir, onlar o balı daşıyıb aparacaq və öz aralarında bölüşdürəcəklər…
– Ayda cəmisi bir damcı bal? – cavan qadın təəccüblə soruşdu.-Yəni, doğrudanmı, bu boyda sürünü yemləməyə bircə damcı bal bəs edir?
Cavan qadının başında ağ rəngli iri, həsir şlyapa,
əynində güllü, qolsuz paltar vardı. Satıcı ona qüssəli
nəzər salıb təkrarən dedi:
– Bəli, bir damcı bal tamamilə kifayət edir.
– Bu nə yaxşı oldu, – cavan qadın ucadan dilləndi.
Sonra şəffaf qarışqa yuvasını satıcıdan aldı.
– Dostum, hələ mənim qarışqalarımıgörməmisiniz?
Manikürlü barmaqları olan qar kimi ağappaq əllər
şüşə qarışqa yuvasından yapışmışdı. Cavan qadınla
yanaşı oturmuş kişi onun boynunun ardına ləzzətlə
tamaşa edirdi.
– Sizinlə necə də maraqlıdır, əzizim… Siz həyata yeniliklər gətirməyi, rəngarənglik qatmağı bacarırsınız… Dünən axşam biz Baxa qulaq asdıq… Bu gün isə… qarışqalara tamaşa edirik…
-Bir buna tamaşa edin, əzizim! – cavan qadın uşaq inadıyla kişiyə dedi; yaxşı bilirdi ki, bu şıltaqlıq kişinin
çox xoşuna gəlir.
– Bax, o nəhəng qarışqanı görürsünüz? O, qarışqaların şahıdır, Ana qarışqadır… İşçi qarışqalar ona qulluq göstərirlər… Onları mən özüm yemləyirəm… Əzizim, heç inanırsınızmı ki, onlara bir
damcı bal düz bir aya çatır… Bəyəm bu, əla deyil? Bir həftə keçdi – bu müddətdə qarışqalar qadının ərini də təngə gətirdi, aşnasını da. Cavan qadın şüşə qarışqa yuvasını öz otağındakı sobanın böyründə, güzgünün arxasına soxub gizlətdi. Ayın axırında satıcının göstərdiyi dəliyə bir damcı bal qoymağı isə unutdu.
Aclıq çəkən qarışqalar yavaş-yavaş tələf oldular.
Onlar lap axıra qədər öz şahları üçün azacıq bal saxlaya bilmişdilər və buna görə də Ana qarışqa ən sonuncu öldü.