“Partizan” “Ən qısa hekayə” rubrikasında argentinalı yazıçı, şair Xorxe Luis Borxesin “Mif” hekayəsini təqdim edir.
Habil və Qabil, Habilin ölümündən sonra təzədən görüşdülər.
Səhralıqla yol gedirdilər və uzaqdan bir-birlərini tanıdılar, çünki ikisinin də boyu uzun idi.
İki qardaş yerdə əyləşdilər, bir ocaq da qalayıb yemək yedilər. Qürub çağı yorğunluqdan üzülmüş insanlar kimi sükutu pozamadan dayandılar.
Göy üzündə hələ ki adı qoyulmayan bir neçə ulduz görünməyə başladı. Qabil ocağın gur işığında Habilin alnındakı daşın izini gördü və ağzına aparmalı olduğu çörəyi qırağa atıb günahının bağışlanması üçün yalvardı.
Habil cavabladı:
– Sənmi məni öldürdün, yoxsa mənmi səni? Xatırlamıram; burada əvvəlkitək yenə bir yerdəyik.
– İndi bildim məni həqiqətən bağışladığını, dedi Qabil, çünki unutmaq, bağışlamaqdır! Mən də unutmağa çalışacağam!
Habil yavaşca danışdı:
– Doğrudur. Peşmanlıq qaldıqca, günah da qalar.
Tərcümə: Məhəmməd Tanhu
“Kölgəyə tərif” (1969) kitabından…