“Partizan” Aida Adıgözəlin şeirlərini təqdim edir…
Özümü axtarıram.
Özümü axtarıram haçandı,
kimə rast gəlmişəmsə yerimi söyləsin.
Bəlkə qarşınıza çıxmışam,
hardasa görmüsünüz məni?
Bəlkə xatırlayarsız,
ağlayırdımmı,
gülürdümmü?
Bütün nəm-nişanım:
boyalı qısa saçlı, yorğun simalı,
altı kölgələnmiş gözləri,
bir az əsmər bənizli, bəstəboy,
tutqun baxışlı,
sifətindən dünyanın min illik kədəri yağan,
dodağında yalançı xoşbəxt təbəssüm,
dilindən yanan bağrının hövlündən şeir tökülən,
qucağında ölmüş arzularını bükdüyü bələk…
O qadın mənəm!
Görmüsünüzsə,
tanıyırsınızsa yerimi söyləyin.
Yazıqdı,
yağış yağır, ildırım çaxır,
çöllərdə qalmasın cəsədi.
Ruhunun gözü yoldadı,
aparım dəfn edim öz içində!
Yazıqdı axı,
qucağındakı bələkdə ağlayır, ağrayır arzuları…
Məni tapın mənə verin,
yalvarıram…
***
Ağlayan ölülər.
Kim desə “ölülər ağlamır”- yalandır!
Gözlərim şahiddir
hər gün nə qədər ölünün ağlamasına…
Hətta ağlama
səslərinə yata bilmədiyim gecələr oldu.
Zibil qablarını axtaran neçə “ölü” əlləri,
gecə “katok”dan yemək oğurlayan,
məhbus çağrılan
n qədər “rəhmətliklər” gördüm…
Bir qazi vardı,
iki ayaqları yox!
Minomyot biçmişdi Suqovuşanda!
Danışırdı, gülürdü,
deyirdi – “şükür, sağam, yaşayıram”…
Amma,
amma Suqovuşanda qalmış ayaqları çoxdan çürümüşdü…
Bir uşağı nədənsə tez-tez xatırlayıram,
on iki yaşı olardı,
metro pilləkənində oturub salfet satardı.
İlahi,
gözləri min il idi ki ölmüşdü!
Min illik mumiya kimi qurumuşdu bəbəkləri, içindəki ümid ölmüşdü,
gözlərindəki həyat sönmüşdü,
üzündəki işıq donmuşdu!
Sən demə yaşamaq arzusu,
ümidi ölənlərin
özlərinin ölməsindən xəbəri olmurmuş…
Yarım əsrdi mən də ölmüşəm,
hələ də qorxursunuz özümə deməyə!
Qorxursunuz bağrım çatlar?!
Hahaha…
Ölülərin bağrı olmur,
skeleti olur,
skeleti…
***
Atomların parçalanması
Sən də xatırlama bu dəli qızı,
unut, unut, – deyə hayqır
könlünün tor basmış
künc-bucağına!
Diksinsin səsinə alatoranlıq,
yağışlar altında sahibsiz itlər,
qaranlıq küçədə səfil dilənçi.
Hörümçəklər qaçsın
tozlu torundan
cücülər sevinsin azadlığına.
Siz də, eşidirsiz, heeyyy, sizinləyəm?!
Yaxın tanışlarım, Şair dostlarım,
Sizlər də unudun,
heç böyüməyən
körpə uşaq qalmış bu kənd qızını.
Ağarmış saçını qara boyayıb
özünü gizləyir təbəssümündə,
varmı ürəklisi, çəkə nazını?
Sən də eşidirsən, fırlanan Dünya?
Üstümdən keçəndə bir ayaq saxla.
Qarışqa deyiləm kiçik görəsən,
ya da düzənlikdə vəhşı heyvanlar.
Tikdiyim sarayda, saldığım bağda,
mənim pəncərəmdən özünə boylan,
hələ həyətə düş, gülləri qoxla.
Mənəm insanların yaradıcısı,
körpə qız uşağı, qadın, Anası!..
Unut, unut məni Anamın bətni,
başımı qoyduğum Ana dizləri.
Bağışlasın məni, şeytanlaşanda,
“siçan” dişlərimin çıxan vaxtında
sıxıb dişlədiyim Ana döşləri.
Unutsun,
sandığın lap alt dibinə
gizlincə qoyduğum,
körpələrimçin,
özüm toxuduğum,
heç geyilməyən,
“naftalində” qalmış yun geyimləri…
***
Susan sətirlər
Gördün, necə unudurlar adamları,
səssiz-səssiz, həzin-həzin?!
Sən bilməzsən,
səsi yaman qalın olur
susub gedən səssizlərin…
Sən bilməzsən kiçik qələm,
sən bilməzsən nazlı fidan,
necə olur yekə ağac kölgələri!
O kölgələr gizlədibdi
ürəklərdən qopub düşən
neçə-neçə kaşkiləri, bəlkələri…
O kaşkilər, o bəlkələr…
Heç bilməzdim bir gün gələr
ayrılığın yolun seçim…
Səndən çıxıb getmək üçün
səni, səni
kimsələrə peşkəş çəkib
səndən keçim…
***
Darıxanda söylə
Biraz narın çisəyə, biraz həzin yağışa,
darıxanda dərdini pıçılda buludlara.
Görsən islanmamışam, bəlkə də duymamışam,
mütləq ki, gətirəcək, söylə gur leysanlara.
Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin,
hələ çobanyastığın, ağappaq ləçəklərin.
Xallı “fatma ananın”, bəzəkli böcəklərin
içində axtaracam, söylə baldırğanlara.
Qabağına nə çıxdı, söylə nəyə inansan,
dumduru şehə batsan, sümüyəcən islansan.
Əlin mənə çatmasa, korun-korun odlansan,
yenə də anlayacam, söylə lal gümanlara.
Havadan anlayacam, qurudan anlayacam,
yağışlı gölməçədən, lil sudan anlayacam.
Sənin nəyinə lazım hər hardan anlayacam,
söylə, kimə gəldi de, filan-beşməkanlara…
Darıxanda dərdini pıçılda buludlara,
darıxsan anlayacam, inan ki, anlayacam…
***
Baharınız mübarək 🌷🌞🫂
Günaydın
Bir gecəni yola saldıq ömürdən,
bir səhərə belə çıxdıq,
şükür, sağ…
Bir gecə də belə keçdi
ömür adlı keçddən,
cırıb atdıq bir vərəqi
ömür adlı təqvimdən.
Ah, günaydın,
gülümsəyən pəncərələr,
ah,
gün aydın rəngli dünya.
Mısmırığı yer süpürən
ağlamağa hazırlaşan bomboz səma.
Bağışlayın çıxanları,
oyanmayıb bu gecədən çıxmayanlar.
Ah, günaydın,
unutdurub unudanlar.
Xoş gəlmişik bu sabaha,
allahın da qapısı bax,
açıq imiş oxunulan dualara…
***
Yarpaqlara elegiya
Yenə metaforalar çatır köməyimə
səndən şeir düzəltməyə, Ayrılıq!
Günahı payıza yükləsək də sözə baxmayan,
ipə-sapa yatmayan yarpaqlar var,
ağacdan özünü yerə atan.
Elə uzaqlar var ki, elə yaxın…
Elə yaxınlar var ki, elə uzaq…
Elə min illik xatirələr var ki, təptəzə…
Elə təptəzə xatirələr var ki, çöplüyə atılmış…
Elə səslər var ki, uzaqlardan qışqıran: – “yarı yolda qoyanlar”,
elə qışqırıqlar var ki, “getmə” – deyə yalvaranlar…
Elə ölülər var ki, dipdiri…
Elə dirilər var ki, min illik mumiya…
Elə yaşanılmamışlıqlar var ki, adı ağrı…
Ürəyindəki adı dodaqların pıçıldayanda sinəndən qopan sancı.
Elə yaşanılmışlıqlar var ki, xatırlanmayan…
Biz sevə-sevə ölən,
ağrıya-ağrıya unudan,
eqosuna hisslərini qurban verənlərdənik.
Nə gözəlmiş belə ölmək,
nə gözəlmiş özünü aldatmaq,
nə gözəlmiş
öz yalanına “unutdum” deyib özünü inandırmaq.
Xoş gəldin payız,
artıq xəzana hazıram,
gedək birgə tökülək torpağa,
yenidən yaşıllanmaq üçün
cəmi 3 aydı ayrılığın ömrü!
Sağol payız,
nə yaxşı ki, varsan,
tökülən yarpaqların ardınca yağış olub ağlamağa…
***
Yadlaşmış doğmalar
Sonra nələr oldu, sonra nə oldu?
Unutdu adamlar, getdi adamlar.
Sonra yol qurtardı, hər tərəf bomboz,
bir gün yoxa çıxdı, itdi adamlar…
Birində bir ovuc boz yovşan qaldı,
xatirə əvəzi qoxlamaq üçün.
Kimsə gülümsədi lal obyektivə,
çərçivəyə salıb saxlamaq üçün.
Biri ürəyini açdı aynaya,
illərdən nə vardı könlünü deşən.
Biri xatirəsin tökdü ortaya,
könlündə bulanıb gözündən düşən.
Sonra nələr oldu, sonra nə oldu?
Sonra qorxaq oldu nəsə adamlar…
Qaçıb gizləndilər öz içlərində,
yol da tapılmadı kəsə adamlar.
Bir gün yad oldular, uzaqdan uzaq,
dostlar da dəyişdi, məkan, görüş də.
Kimsə eşələdi yaddaş arxivin
arada-sırada, köhnə-kürüşdən.
Susdu telefonlar, bitdi mesajlar,
şeirdə obrazlar yerin dəyişdi!
Sətirlər ağladı rəngi ağappaq,
sözlər rişxənd ilə baxıb gülüşdü.
Sonra nələr oldu, sonra nə oldu?
Hərə köks ötürüb yönün çevirdi…
Sonra rastlaşanda doğma adamlar,
üzün yana tutub yad tək keçirdi…
***