Bu gün – 10 may Musa Yaqubun doğum günüdür. “Partizan” şairin son poeması olan “Sən mənimləsən…”i təqdim edir.
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların…
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən…
Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm –
Mən onda bildim ki, sən mənimləsən.
Kəklik balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan-daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən…
Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı…
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən…
İsaq-Musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.
İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.
Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında ailələr düşərgə salar,
Dağdakı lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.
Sən ey mavi göylər,
Səmavi göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən…
31 dekabr, 2017
Bakı-Buynuz