Sərdar Aminin əsgərliyə göndərdiyi peyğəmbər – Rəsul nə demək istəyir?

Loading

“Partizan” yazar Almaz Cilalının Sərdar Aminin “Rəsul nəsə demək istəyir” hekayəsi haqda yazdığı esseni təqdim edir.

Bu hekayənin oxucuları 3 yerə bölünür: birincilər “Rəsul nəsə…” deyib işlərinə davam edir, ikincilər “Rəsul nəsə demək istəyir” deyir, ancaq nə demək istədiyini bilmir, üçüncülər isə Rəsulun nə demək isətdiyini başa düşür.

Mənə görə Sərdar Aminin sözügedən hekayəsinin mənəvi adı “Peyğəmbər acizliyi” olmalıdır.

Hekayəni iki dəfə oxudum. Səbəb haqqında yazmaq istəyimdən doğmamışdı. Hekayəni oxuduğumdan bir saat keçəndən sonra az əvvəl gözəl bir musiqi dinlədiyimi hiss etdim, təkrar dinləmək istədim.

Xülasə, ikincidən sonra yazacağıma əmin oldum.

Yazmadan əvvəl isə hekayə ilə bağlı bir neçə şəxsin fikirləri ilə tanış oldum.

Bəziləri düşünür ki, hekayə iki hissəyə bölünür. Bu iki hissə arasında əlaqə zəifdi. Məncə bu, hekayə bütövdür. İlk hissə dedikləri (bu mətndə mən də belə adlandıracam) müəllifi yazdıran hissədir, daha doğrusu əsərdəki müəllif obrazını. Müəllif ilk hisənin sonunda deyir ki, mən əti hekayəyə dəyişdim.

İlk hissə niyə yazılıb?

Çünki ilk hissə olmasaydı, biz Rəsulun itməsindən azından 6 ay keçməsini bilməyəcəkdik. Bu faktı başlanğıcdakı atasının tövsiyyəsindən anlayırıq. Atası deyir ki, yazağzı mal-qara arıq olur. Rəsul isə gölə sentyabrda girmişdi. Demək azından 5 aydır Rəsul yoxdur.

İlk hissənin yazılmasına ikinci səbəb isə hekayəni oxuyan kütləvi tamaşaçıya hesablanmış bir göndərmədir; Rəsul şəhid olur. İlk hissədə “əxi” ilə digər qəssabın söhbəti olmasaydı, biz suda boğulanın şəhid hesab olunduğunu bilməyəcəkdik, hətta bu barədə (sonradan oxudum, hədis var imiş) bilən olsa belə müəllif bu məqamı vurğulamasaydı, kimsə suda batmağın şəhidliyə göndərmə olduğunu bilməyəcəkdi.

Əsərin qayəsi isə Rəsulun adındadır. Rəsul, elçi, peyğəmbər nəsə demək istəyir, lakin onun gəlişi cəmiyyətin elə inkişaf dövrünə düşür ki, insanlar müqəddəsə tərəf olan bütüm pəncərələrini bağlayıblar. Məryəm gölü kəndin tən ortasında olsa da (şah damarımız qədər yaxın olsa da) hamı ona pəncərələrini bağlayır.

Rəsul da Məryəm gölünə qayıtmaqla bir növ Allaha qayıdır. Bu qayıdışın oxucu tərəfindən yaxşı anlaşılması üçün müəllif onu suda boğaraq şəhid olduğunu göstərir.

Rəsul gəlir, nəsə demək istəyir, lakin deyə bilmədən gedir…

Bəs Rəsul nə demək istəyir?

Hamının övladını şənliklə ölümə göndərdiyi yeni dünyada ağına-bozuna baxmadan hər kəsin müharibələrdə həlak olması ədalətlidirmi? Yeni peyğəmbər gələrsə, onu sıravi kimi müharibəyə göndərərikmi? Bəs onun sinəsindəkilər?

Onun boğularkən bölüşdüyü bir neçə orijinal fikirdən də hiss olunur ki, müəllifin təbirincə desək, “qız nəfəsi dəyməyən sinəsində” qüdsi fikirlər var. Onun duası isə ortodoksal bütün dualara yaddır.

Təbii ki, müəllif burda yeni bir təlim yaratmaq niyyətində deyil, onun dediyi budur ki, bir gün rəsul, peyğəmbər gələrsə, onu tanıya bilməyəcəyik. Hətta əsgər göndərib müharibədə erməni minasına qurban edəcəyik. Çünki pəncərələrimiz Məryəm gölünə bağlıdır.