Tutmusan dar macalda könlümün yaxasından

Loading

“Partizan”  Rəbiqə Nazimqızının  şeirlərini təqdim edir…

Hara tələsirsən?

Hara tələsirsən, vaxtdı, keçəcək,
Hara tələsirsən, öləcəyəm də.
Bu nədi, nə üçün bu qədər sirsən –
Onsuz, nə sirrin var, görəcəyəm də.

Qapı bağlanacaq, adam gedəcək,
Yağışdan solacaq aynada şəkil.
Köhnə mələfələr təzələnəcək,
Yenə deyəcəksən: “o yana çəkil”…

Hara tələsirsən, ayrılıqdı da,
Nə olsa, içində ay işığı var.
Taledi, qismətdi, bir qırıqdı da,
Bunun küsməyi var, barışığı var.

Hara tələsirsən, könlüm dağılır,
Arxamca nə qədər qırıntı qalır.
Sən də toplayarsan bir az ağlını,
Bir az ağlayarsan, səndə alınır…

Hara tələsirsən, eşq can verir bax,
Sonuncu nəfəsi çıxmayıb hələ.
Yerində iki-üç misra qalacaq,
Nəğmə oxuyarsan xatirələrə.

***

Harda görüşmüşdük ?

Palçıq üstə yağan ağ qar dənəsi,
sən necə təmizsən, necə körpəsən.
Tələsir üstünə, yağış tələsir,
kirə dönəcəksən, bir az gözləsəm.

Əlimə götürsən, əriyəcəksən,
bircə damla yaşın tez quruyacaq.
Sən nəyə gərəksən, kimə gərəksən?
Ağappaq ləkəsən palçıqda ancaq.

Nə göz sevindirir, nə könül açır
bataqlıq içində toz kimi ağ rəng.
Yox, yalan danışdım, ürəyim keçir…
sənin o üzünə, qəşəngsən, qəşəng.

Sonuncu bəndimə izin qalacaq,
gözümdən körpəcə bir işıq keçdi.
Qaynayıb qarışdın ömrümdə, ancaq
tapmadım, zamanım qarışıq keçdi.

Harda görüşmüşdük… qış deyildi ki,
yoxdu elə fəsil, incədən-incə…
İndi xatirəsən, ağ qar dənəsi,
zülmətdə yaddaşım vərəqlədikcə.

***

Səfa üçün ikinci şeir

Ağacların sırğası düşüb yerlə bir olur,
saprarı paltarını geyib sevinir torpaq.
Gözlərində çiçəklər bir topa şeir olur,
qəm eləmə, yazası bir şair tapılacaq.
Duman çəkilmir yenə dağların arxasından,
bir azdan buludlar da sinəsini açacaq.
Tutmusan dar macalda könlümün yaxasından,
burax bir az ağlayım, qurban olum, yola bax.
Sinəmin üzərinə qollarımdan xaç çəkib,
oynayıram özümlə, yoxdu başqa oyuncaq.
Mən asıldığım ipdən balaca bir qızcığaz,
Aya bir kəndir salıb yellənəcək doyunca.
Atıb gəlmişəm, məni qaytama o şəhərə,
o ilan yuvasına, o adam tələsinə…
Gəl təzə cığır çəkək, vaxtımıza var hələ,
çox da ki gecə düşür, çox da ki tələsirəm…

***

Köhnə qüssələrdən

Əqrəblər on biri dişləyir,
Qanına işləyir saatın zəhər.
O ki var içibdir sərxoş fincanım,
Limon balaları çayda çimiblər.

Gecədir, yorğunam, səhv tutma,
Cümləmdə pozuldu uzlaşma –
Cəmdə görünsə də cansız xəbəri,
Qarson, sən yenə qarışma…

Gilasın gözləri üzümdə qalıb,
Bu gün gec bağlasan kafeni…
Bilirəm, ikimiz qalmışıq, gecədi,
Soyuyur, sən də iç qəhvəni…

Beş üstə bir artıq əskinas,
Ümiddir, bu da pul, al gedim…
Demişdim, nə olsun, yalan demişdim,
Bu gün heç kəsi gözləmirdim…

***

ötən ildən

Nəşə çəkirəm vərəqə.
Sığırsız meşədən,
cığırsız daxmadan,
axmayan çaydan.
Guşə çəkirəm özümə
Göyün səkkizinci qatında
Apaydın –
günəşsiz, aysız, buludsuz.
Balaca bir ulduz düşür
Düz ovcuma… bumbuz.
Sürüşür çay boyu,
Cığır salır vərəqə.
Meşə silkələnir,
Daxma axır.
Pozulur səliqə.
Bircə imza qalır:
Rəbiqə