On yaşlı uşağın təfəkkürü

Loading

“Partizan” 10 yaşlı Firuzə İbrahimlinin “Yer adları”essesini təqdim  edir…

 

“Biləsuvar” yoxsa  “belə  su var”?

Keçmiş zamanlarda 9 iqlimi, gözəl təbiəti, bərəkətli torpaqları olan məmləkətimizi ələ keçirmək üçün düşmənlər hər tərəfdən hücuma keçir, amma o zaman da döyüşçülərimiz  indiki kimi  cəsur və güclü olduğu üçün düşmənlər məğlub olub geri çəkilir.

Döyüş yolu ilə istəyinə çata bilməyəcəyini başa düşən bədxahlar axırda belə qərara gəlirlər ki, bütün çayların, bulaqların suyuna zəhər qatsınlar, əhali  bu  sulardan  istifadə  edib tələf olandan sonra  torpaqları ələ keçirsinlər. Bundan xəbər tutan şah əhalini toplayıb deyir:

-Düşmənlər sularımızı zəhərləyib, heç kim çaylara, bulaqlara yaxın getməsin.

Camaat zəhərlənməkdən qorxub ancaq yağış suyu içirdi. Amma tezliklə yay gəldi, yağışlar dayandı. Adamlar susuzluqdan ölməyə başlayırlar.

Şah əmr edir ki, düşmənin görə bilməyəcəyi meşələri axtarsınlar bəlkə hardasa bulaq tapdılar. Hamı səfərbər olub su axtarışına çıxır, hər yeri axtarırlar, amma zəhərlənməmiş  su tapılmır.

Axırda bir balaca çoban saraya gəlib deyir:

-Padişah sağ olsun, mən bir su yeri bilirəm,amma onun rəngi bənövşəyidir, neçə gündür mən həmin sudan içirəm,  zəhərlənmirəm.

Şah adamlarıyla bərabər uşağın nişan verdiyi yerə  gedib həmin suyu tapır.

Baxıb görürlər ki, böyürtkən kollarının içində, ayıdöşəyilərin arasından nazik bir su axıb çökəklikdə göllənib.Suyun kənarındakı lavandaların kölgəsi bu gölə düşdüyü üçün suyun rəngi bənövşəyi görünür.

Şah atdan enib sudan içir və deyir:

-Mən bilmirdim ki, mənim ölkəmdə belə su var.

Sonra şah suyu tapmağın mükafatı olaraq həmin yeri balaca çobana hədiyyə edir .

Balaca çoban suya yaxın yerə pambıq və buğda əkir və çox gözəl məhsul əldə edir.

Bunu görən Şah əmr edir ki, suyun çata biləcəyi hər yerdə əkin-səpin edib, heyvandarlıqda məşğul olsunlar.

Əhali həmin yeri “Şahın belə su var” dediyi yer adlandırır.

Vaxt keçdikcə söz yeyilə -yeyilə qısalır.

Yerin adı isə Biləsuvar qalır.