“Partizan” İlhamə Kədərin “Zimhəri” romanından növbəti parçanı təqdim edir…
Düz iki il davam etdi bu lal xoşbəxtlik. Artıq kitabların arasında fotoşəkillər, gül ləçəkləri, kağız ürəklər gəlirdi, sözlər də daha gözəl, daha aydın yazılırdı, həm də səhifələrdən əlavə ağ vərqlərə. Hər şey elə sehrli, elə gözəl idi ki.
O lənətə gəlmiş günə qədər…
Növbəti “çörək günü”səhər tezdən qapı aramsız döyüləndə başa düşmüşdü nəyinsə tərs getdiyini. Qaçıb qapını açdı, leytenant idi, tək gəlmişdi.Üz-gözü, yaxası açıq mundirinin altından görünən köynəyi də su içində idi, bütün yolu qaçaraq gəldiyi kəsik-kəsik tövşüməyindən bilinirdi:
-Salam,gəldim deyim ki, mən N saylı hissəyə göndərdilər, saat birdə briqadada olmalıyam.Təhvil-təslim başa çatan kimi vaxt tapıb gələcəm . Xahiş edirəm, yalvarıram məni gözlə, qurban olum, xəritə çəkməkdən imtina elə, çəksən də heç kim gəlib götürməsin, özün göndər, heç kimə oxumağa kitab vermə, gec gəlsəm çıx şəhərə get, yox, getmə,mütləq gələcəm, məni gözlə.-
Elə bil iki il susmağın əvəzini iki dəqiqədə çıxmaq istəyir, sözləri necə gəldi, tələsə-tələsə üyüdüb tökürdü.Axırda səsi tamam qırıldı, uzun kipriklərin ucundan qopan iki damla üzünün tərinə qarışıb çənəsinə tərəf yuvarlandı.
-Gəlib aparacam səni , 555 məni öldürsə də aparacam.
Leytenantdan ağlamağı onun da ürəyini qana döndərdi,amma onun kimi dil aça bilmədi, bircə kəlmə:
-Gözləyəcəm-dedi.
Bir birinin əlini sıxıb ayrıldılar. Leytenant yola çıxanacan bir neçə dəfə çevrilib baxdı, sonra gəlib yanında saxlayan hərbi maşına minib gözdən itdi.
O isə yerindən tərpənmirdi, göz yaşı gözündə, sözü ürəyində buzlamışdı, təkcə sağ əli isti idi birinci dəfə sevdiyinin əlinə toxunan sağ əli.
****. ****
Üçcə gün sonra xəbərlərdə eşitdi ,ola bilməzdi, gözləri və qulaqları aldadırdı onu, axı leytenant söz vermişdi ona, “qayıdacam “demişdi. Axı o, necə ölə bilərdi? “Mütləq gələcəm”demədimi?
Azan səsinə özünə gəlib başını qaldırdı, evdəkilər ağlayırdı.İlk dəfə onda gördü dağ kimi məğrur atasının ağlamağını.
-Ata-dedi-sən kimləri yola salmamısan, indimi ağlayırsan?
Nə dediyinin, nə etdiyinin fərqinə varmadan dəstəmaz alıb otağına keçdi, hicab bağlayıb, səccadəni yerə sərdi, əllərini qaldırdı:
-Allahu əkbər
Gerisini gətirməyə taqəti çatmadı, dizləri üstə çöküb alnını səccadəyə qoyaraq hönkür-hönkür ağladı.
Təkcə o gün yox, hər gün belə qıldı namazını.
Həmin gün uzun saçlarını dibindən kəsib yandırdı.
Saçlarının acı tüstüsü ciyərlərini qurğuşun kimi yandırdıqca qara qızdırma, ağ üşütməyə qarışdı vücudunda .Gözlərinin qabağında gah qəribə məxluqlar əlli hoqqadan çıxır, gah o qanlı gündə kolların arasından gördüyü meyidlər rezin kimi uzanan qollarını burub-bükərək tükürpədici səslər çıxar, gah da tikanlı itburnu kolunu qucaqlayıb can çəkişən qıvrımsaç, totuq uşağın alnından, əllərindən süzülən qan xarlamış qar kimi dənələnib, vedrədən tökülən çiyələklərə qarışırd.
***
Onda hələ çiyələklər müharibənin dadını bilmirdi, hamısı elə dadlı, elə ətirliydi ki…
Onda elə həyat da çiyələk dadındaydı, təbəssümlər də.
Örpəklər də çiyələk rəngindəydi, yanaqlar da.
***
Qızdırmanın içindən örpəkləri və yanaqları qlrmzı qızlar gülüşə-gülüşə çıxıb güney aşağı axışanda Gülövşə xala (çiyələk yığanda vurmuşdular onu)əllərini belinə qoyub qızlarl araya qoyurdu:
-Qızdar,qızdar. Dərədə buzdar. Özü o…rar , Məni dumbuzdar. Qızlar geri dönüb kəklik kimi qaqqıldaşaraq arvadı əhatəyə alırdı.
***
Uzaqdan azan səsi eşidildi.Kimsə xırıltılı səslə səla oxudu. Şəhidlərin adları sayıldl :
-Aslanov … .çavuş,Əfəndiyev … siravi,Səlimov…,siravi,Qarayev….,siravi.
“Hamısı şəhid olub” deyiən bölükdən cəmi dörd meyid tapılmışdı?Bəlkə səhv məlumat olub?Bəlkə leytenant sağdı?
Eləbil kimsə onun ürəyindən keçənləri eşitdi:
-Deyirsən “neytralda” qaldılar hə?
-Hə, bunları gücnən götürə bildik.
-Bəs leytenant nooldu, a bala?
-Leytenant qar uçqununda qaldı,əmi.
-Yaxşı,vaxt otür, atışma qızışmamış bu anası ölmüşlərin namazını qılıb, haq yerlərinə çatdıraq.
“Namaz vaxtı?Bəs mən niyə namaza qatılmıram ?Axı nənəm deyirdi ki:
-Namaz qılan bəndədi, Qılmayan şərməndədi. Gah qılıb,gah qılmayanın Yeri cəhənnəmdədi.
Yuxuyla ayıqlıq arasında bir də gördü ki, cəhənnəmin düz ortasındadı.Nəhəng ocaqlar xorna çəkib yanır,qıp-qırmızı alov dillərinin arasından topa-topa qar göyə uçur.
Göyün üzü elə soyuqdu ki, şoqqa-şoq qaynayan qır belə dəhşətdən daş kəsilib donur.Hovuru min addımlıqdan keçəni külə döndərən qır tiyanları şüşə kimi buz bağlayır…
Ardı var.