“Partizan” Səttarxan Temurçinin şeirlərini təqdim edir…
8-ci not
Sən bilərsən bu durnalar başqa yerə köçəndə,
Bu yerlərin soyuğundan küsürmü?
Sən bilərsən çırpınanda balıqlar,
Dənizlərdən görən incik qalırlar?
Sən bilərsən payız olar, yarpaqlar xəzan olar,
Yarpaq kimi bir fəsillik yolunu azan olar?!
Asan olar deyirlər adamın qəlb qırmağı,
İçimdə natamamlıq – vergül balıq qırmağı.
Boğazıma ilişib belə çıxıb getməyin,
Amma kimə lazım ki bir fəsillik qalmağın.
Unutmağın bəs edər inancımı qırmağa,
Soyuq idi, kaş qoyardın ürəyində qalmağa.
Sən bilərsən yeddi notun hansı daha gözəldi?
Gözlərimi ağ bürüdü, səkkizinci düzəldi.
***
Süd qoxusu, Süd yolu
Son duadı,
Sondu adı,
Söndü adı,
Ürəyimdə kül oldu.
Soldu adı,
Kitablarda qurudulan gül oldu.
Gün oldu ki, dövran dönsün,
Geri dönmə, mən dönərəm başına,
Unutduğun nəsə varmı, düşünmə,
Necə olsa bir cür çıxar qarşına.
Gözlərinə, göz yaşına qarışsam,
Yanağından süzülməkçün yarışsam,
Bu yarışda uduzmaqla barışsam,
Qalsam orda, həmişəlik, əbədi,
Yarış bitdi, mən uduzdum, necədi?!
Ocağımda süd daşır,
Süd qoxusu,
Süd yolu,
Məni münəccim bilib dar ağacından asır,
Məni sinəndə yatır, dar ağacı gül açır.
***
GƏLƏRSƏN?
Qar üstündə ayaqların toz olub
Gedişin də bilinmir
Sən gedəndə hamiləymiş günəş də
Hansı ara doğub amma bilinmir
Ölüb yəqin “Sabah” adlı körpəsi
Gecələri ruh şəklində sabahların kölgəsi
Ölünəsi gündü vallah, hava alatorandı
Yağış elə əsəbidi, buludlar qaşqabaqlı
Tüpürürlər göydən mənim üzümə
“Mən dilənçi deyiləm” qışqıran küləklərin
Əllərini şimşəklər kəsib atdı üstümə
Bu necə gündü belə
Sən nə yaman getmisən
Sən nə ya-man get-mi-sən…
Sən gedirsən, düşmən olur günəş mənə
Düşmən olur bulud mənə, yağış mənə
Mən ki axı getməmişəm
Gəl, sən Allah
Gəl danış bu səfehləyən yağışa
Gəl danış bu başıxarab günəşə
De ki, olan olub, ölən ölüb
Və sən, mən, yağış, günəş – hamımız
Gedək, ölən “Sabah”ların qəbrinə
Ölüb gedən sabahlara ağlayaq
Göy guruldasın…
Buludlardan biraz da normal yağışlar yağsın…
Qoy kənara nifrətini
Ölümüz var
Gələrsən?
***
FƏSİL ADAMLAR
Kimə “getməz” dedimsə,
Hamısı bir-bir getdi.
Onlar xilas oldular,
Mənsə özümlə qaldım.
Payızı sevir,
Yarpaq cəsədlərini ayaqlayır,
“gör nə gözəl səsdir” deyir,
Yarpaqların onurğa sütununun qırılma səsinə…
Getsin…
Qışı sevir,
“qar – göylərdən bərəkət yağır, yağsın” deyir,
Balaca dimdiyi ilə buzu qırmağa çalışan sərçə
Bir buğda dənəsi yerinə ümidini yeyir.
Getsin…
Yazı sevir,
“təbiət oyanır” deyir,
Oyanışın yenidən ölüm olduğunu bilmir
Hər kəs bir dəfə ölmək istəyər.
Getsin…
Yayı sevir,
“günəş ruhumu isidir” deyir,
Buz insanlar…
Getsin…
Kim “getmərəm” deyirsə,
Hamısı bir gün gedir.
Çünki fəsil dəyişir,
Çünki hava qaralır,
Çünki səhər gün çıxır,
Çünki yağışlar yağır,
Çünki göydən qar düşür,
Çünki adamlar ölür,
Ölür adamlar…
Siz də öləcəksiniz, gedən adamlar…
Və bir fəsildə öləcəksiniz.
İnsan dörd fəsildə də birdən ölə bilmir, ay ölən adamlar…
Bu gün biraz gün çıxıb,
Sabah yağış yağacaq.
Onlar “fəsil adam”dı,
Mənsə əsl adamam.
***
AĞ-QARA
Nə istədik bu həyatdan, yaradandan, insanlardan
Nə istədik, zay istədik.
Məclislərdə ağzıdolu,
Sağlıq, bərəkət arzulu
Pay istədik, araq dolu məclislərdə Allah dedik.
Allah da üz döndərmədi,
Pivə dedik, ofisiant qıza
Nə edim, mən də yalqızam
Allah məni öldürmədi.
İndi de, axı nə edim?
Nəyin sağlığına içim?
Sağlığına içdiklərim bir-bir ölür,
qara ciyər serrozundan
Ağ ciyərim qapqaradır,
Siqaretdən, bu şəhərin çirk-tozundan
İçkiliyəm, yaxşı yadıma düşdü
İndi görən ağ balina nə edir?
Bəs görəsən ağ qarğa haraya qonub?
Ağ durna harada uçur?
Hərşeyin ağı tez ölür,
Əziz afrikalı uşaq, sən üzülmə
Sən aclıqdan öləcəksən
Onlar isə ağlıqdan
Bir də zebra var
Bütün bəşəriyyətin bayrağını dalğalandıran
Ağ-qara fotolarda daha yaxşı düşmüşəm,
Ölən insanların qucağında,
ölümsüz görünmüşəm