Əsl adı Harutyun Sayatyan olan şair Sayat Nova 14 iyun 1712-ciildə Tiflisdə doğulub. Erməni, gürcü və əsasən Azərbaycan dillərində şeirlər yazan erməni şair və aşıq Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınıb. Sayat Novanın anası Sara Tiflis şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən olub.
Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır. Yeniyetməlik yaşlarında erməni və azərbaycan dillərini təmiz öyrənir. Musiqi sahəsinə olan böyük həvəsi nəticəsində müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərirdi. Kamança və Çoğur qısa zamanda sevimli musiqi alətlərinə çevirilir. Musiqi sahəsində məhşurlaşması nəticəsində dönəmin Kaxeti çarı II İrakli tərəfindən təşkil edilən ziyafətlərdə çıxış etməyə başlayır.
Musiqi sahəsi ilə yanaşı diplomatik sahədə də fəaliyyət göstərən Sayat Nova Səfəvi İmperiyası ilə Gürcü kralları arasında olan danışıqlarda iştirak edirdi. Kübar cəmiyyətdə böyük nüfuzunun olmasına baxmayaraq dönəmin Səfəvi şahının bacısına aşiq olması və bu barədə sarayda müxtəlif dedi-qoduların yayılmasından sonra nüfuzunu və bütün vəzifələrini itirir. Bu hadisədən sonra rəsmi dövlətçilik işlərindən kənarlaşır və rahib həyatı sürməyə başlayır. 1759-cu ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib təyin edilir.
Həyat yoldaşı Mərmər 1768-ci ildə uzun müddət davam edən xəstəlikdən sonra vəfat edir. Bu hadisə Sayat Novaya olduqca pis təsir edir.
Sayad Novanın bu evlilikdən dörd övladı dünyaya gəlir. Sevimli həyat yoldaşının ölümündən sonra Ermənistan ərazisində yerləşən Haxpat Monastrında rahiblik etməyə başlayır. 1795-ci ildə xidmət etdiyi monastrın daxili otaqlarının birində öldürlülür. Sayat Novanın öldürülmə səbəbi kimi Ağa Məhəmməd şah Qacarın adamlarının ona zorla İslamı qəbul etmələrini təkid etməsi, buna qarşı gəldiyi üçünsə öldürülməsi göstərilir. Ancaq bu ehtimalın dəqiq olması şübhəlidir. Belə ki, Sayat Nova öldürülən zaman 83 yaşı vardı. Digər mühüm bir iddia isə Sayat Novanın kilsə daxilində güclü nüfuzunun olmasını qəbul edə bilməyən erməni rahiblər ona qarşı sui-qəsd cəhti həyata keçirmiş və onu öldürmüşdür.
Başqa bir iddiaya görə isə, Haxpat Kilsəsini ələ keçirən Qacarın əsgərləri, Sayat Novadan kilsənin xəzinəsinin yerini öyrənmək üçün ona işgəncə verirlər, və bu işgəncələrə dözməyən yaşlı şair-rahib həlak olur.
Azərbaycanda Səyyad Nova kimi tanınan şairin günümüzə gəlib çatmış əsərlərin yarısından çoxu Azərbaycan dilindədir. Bunun əsas səbəbi isə XVIII və XIX əsrdə Azərbaycan dilinin Qafqazda linqva franka olması idi. Çünki Qafqazda yaşayan ozan və şairlər üçün Azərbaycan dilinin imkanları digər dillərin imkanlarına nisbətən daha geniş idi. Ozanlar bayatı və qoşmalarını hər zaman Azərbaycan dilində yazırdılar. Gürcü dili əsasən hərbi və diplomatik yazışmalarda istifadə edilirdi. Sayat Nova Tbilisi şəhərində yerləşən Köhnə Tbilisi səmtində dəfn edilib.
Poetik yaradıcılığa azərbaycan dilində qoşduğu mahnılarla başlayan Sayat Novanın irsi iki dəftərdə toplanmış toplam 209 şeirdən ibarətdir ki, bunlardan 115-i azərbaycan, 68-i erməni və 34-ü gürcü dillərindədir. Aşığın bir neçə fars və ərəb dillərində də əsərləri movcuddur. Lakin maraqlı olan budur ki, 1760-cı ildə Sayat Novanın öz əli ilə ayrıca bir dəftərə köçürüb saxladığı mahnılardan 114-ü azərbaycan dilindədir. İkincə dəftər isə, 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilib və bu dəftərdə də bir neçə mahnı gürcü əlifbası ilə azərbaycan dilində qeyd edilib.
“Partizan” Sayat Novanın Azərbaycan dilində yazdığı bir neçə şeiri – şairin dəst xəttinə toxunmadan təqdim edir:
Vətənüm Tiplizdür
Bir yar, bir müsayib, bir həmdəm, bir dost,
Birisi gül dərir, birisi şəbbü.
Birisi tutidür, birisi bülbül,
Birisi qənd yeyir, biri ləbləbü.
Birisi şad olmuş, birisi peşman,
Birisi bir misxal, birisi beş man.
İki şey var biri-birinə düşman,
Birisi diridür, birisi ölü.
Birinün əlində var qızıl zəngi,
Birisi mey içər, birisi bəngi,
Birisi saz çalır, birisi cəngi,
Birisi dəm sürər, birisi zəhrü.
Birisi yatupdur, birisi oyağ,
Birisi sərxoşdur, birisi ayığ,
Birisi qol qırmış, birisi ayağ,
Birisi yumurta çəküpdür yaxu.
Biri diyər: Sayat Nova haradan?
Birisi Hind deyər, biri Həmədan.
Vətənim Tiplizdir, səmti-Gürcüstan,
Anam havlabarlu, atam hələblü.
Diyəllər
Nə qədər ki, ərşə yetsən həy dədə,
Zərnişançının nəqqaşı diyəllər.
İstər Hinddən gələn qələmkar ola,
Zəru-zərbabun qumaşı diyəllər.
Doğru yola varan səkməz qəmini,
Çoxlar zərbab satar, çoxlar xamını.
Əgər sorsan yer altında camını,
Divarda düzülmüş taşı diyəllər.
Yolsuz dinsəm, ustadinən tov olmaz,
Ovçu dağsız olmaz, ovsız ov olmaz.
Sögüt çaxmax olmaz, çaxmax qov olmaz,
Ey poladun nar-atəşi diyəllər.
Gözəlün urvası zilp, birçəgidür.
Ey mərifət insanun ipəgidür,
Namərd olan desəm ot çiçəgidür,
Comərdün gözinən qaşı diyəllər.
Çox aşıqlar düşmüş eşxün qəhrinə,
Eşğə düşən dözməz ağu-zəhrinə,
Gürcüstan səmtində, Tipliz şəhrində,
Sayat Nova eşx yoldaşı diyəllər.
Bağlu kimidür
Bu aşuğluğ mənə xeyli dərd oldı,
Əlüm çəngli pirə bağlu kimidür.
Fəhmüm uduzdurdum, eşxüm nərd oldı.
Yetən eylə bilür, ağlu kimidür.
Rast yedüm çörəgüm duza yetürdüm,
Dəryadan çıxarttum, düzə yetürdüm,
Cəbrinən bir dərdüm yüzə yetürdüm,
Altı köklü, üsti tağlu kimidür.
Rəhmət olsun pir ustadun canına,
Yaş ikən yaxındım quru yanına.
Eşğdən bir od düşdi kövlüm kanına,
Onu içün sinəm dağlu kimidür.
Gözümdən qan axar nəm qırağına,
Gecə-gündüz dərdü qəm qırağına,
Pərvanədək düştüm şam qırağına,
Qoliynan qanatum yağlu kimidür.
Axır bu eşx məni cəlal eyleyir.
Salupdur bazara dəllal eyleyir,
Məni görən beylə salal eyleyir,
Bu Sayat Nova arağlu kimidür.
Əfəndüm, ey
Qulaq asun biz bəndiyə, ağalar,
Kər rübayi qanmaq istər, qanarmı?
Qanmaz, əfəndüm, ey!
Qumdan çoxdur beytüm hesab edəcəğ,
Gök ilduzı sanmaq istər, sanarmı?
Sanmaz, əfəndüm, ey!
Yalanı gerçəgə qatmağa gəlmiş,
Soğulcan ilana çatmağa gəlmiş,
Qarğa bülbül kimi ötməgə gəlmiş,
Qəfəsə də enmək istər, enərmi?
Enməz, əfəndüm, ey!
Tilki gəlüb, aslan dağı ovleyir,
Qarıçqalar pil deməsin şövleyir,
Söğüt gəlub biçxiyinən dövleyir,
Kərki qaya yonmaq istər, yonarmı?
Yonmaz, əfəndüm, ey!
Yığılsun igidlər, camə tolansun,
Namərdin köksinə qəmə tolansun.
Nə qədar çəyirtəg şama tolansun,
Pərvanə tək yanmaq istər, yanarmı?
Yanmaz, əfəndüm, ey!
Mən Sayat Novayam, eşxi boylaram,
Dumrucuğ-dumrucuğ yaşum çaylaram,
Yetən diyər, mən də türki söylərəm,
Mərəkədə dinmək istər, dinərmi?
Dinməz, əfəndim, ey!
Səndən
Mən beylə söylədüm bemürvət yara:
Bağça səndən, biçməğ məndən, bağ səndən.
Görəğ, razı olur bağman bağsıza,
Şamam səndən, kəsmək məndən, tağ səndən.
Gör nə girmiş bəndəsinün qəstinə,
Əcəl kimi canun almış dəstinə.
Eşxün qoymaz qonım bağun üstinə,
Qonça səndən, bülbül mənldən, zağ səndən.
Eşxindən Cünunəm, olmişam bekar,
Zübanum yay təki cismümi sökər.
Bu qədər dərd olur bu sinəm çəkər,
Qəmzə səndən, dügün məndən, dağ səndən.
Yar sənün ləblərün şəkər, bal içti,
Onu içün dilar cünün çalışti,
Eşx narıynan, yar, bu canım alışti,
Atəş səndən, pərvan məndən, yağ səndən.
Səyad idüm, tərnən bəndümə degdi,
Marala yay çəkdüm, gəndümə degdi.
Sayat Novam diyər, qəndümə degdi,
Şəkər səndən, şərbət məndən, şövğ səndən.
Tusağıyam
Kövlü yara, sinəm dağlu,
Nazlu yarun tusağıyam.
Boyni buruq, qolı bağlu,
Nazlu yarun tusağıyam,
tusağıyam.
Şöhləsi gündən alupdur,
Üzinə şəpəğ saluptur,
Gözüm didarda qaluptur.
Nazlu yarun tusağıyam,
tusağıyam.
Dağ dəlidür, dügün dəli,
Gezeyirəm hər gün dəli,
Eşxündən boynum kündəli,
Nazlu yarun tusağıyam,
tusağıyam.
Yaralanmış necə güləm,
Gözi yaş qərib bülbüləm.
Eşigində bağlu bir qulam,
Nazlu yarun tusağıyam,
tusağıyam.
Bağda gülsən, dağda lala,
Görən çəkər dərdü bəla,
Sayat Novam diyər, valla,
Nazlu yarun tusağıyam,
bəndəsiyəm.
Qorxaram
Bəs, deyillər dünya vağiyə imiş,
Onu içün söybət-sazdan qorxaram.
Bülbül uçar gedər öz yuvasından,
Boş qalmasun, o qəfəzdən qorxaram.
Olmiya ki, yay-sadağün boş qalsun,
Əcəl gəlüb kövlüm şəhrini talsun,
Kövlümün telini əlinə alsun,
Oyna deyub o canbazdan qorxaram.
Əcəl gəlüb kövlüm şəhrinə varsun,
Üç yüz altmış altı damarı yarsun,
İpligi qoy versün, ipəg aparsun,
Boş qalmasun, o qəpəzdən qorxaram.
Əcəl gəlür, canum azara salur,
Hükmi vardur, tənüm mazara salur.
Beş arşun bezi var, bazara salur,
Zor sovdali o bəzazdan qorxaram.
Sayat Nova diyər xata yetişür,
Günahkarlar zülümətə yetişür,
Şükür haqqa, həqiqətə yetişür,
Günah çəkən taş-tarazdan qorxaram.
Təcnis
Kovül, hər kim sənün, ya mənün desün,
Qayıt ona, söyləginən «Can, adam!»
Tək sən arru olsan, yamanun desün,
Sən özün yaxşılıq qazan can adam.
Gövlüm ruyi səfit, ay ağın gözlər,
Necə yanan piltə a yağın gözlər.
Ağac barlu olsa, ayağın gözlər,
Alçaq olub gedub girməz cana dəm.
Harifmisən hərfüm qanı, al da var.
Deməginən yaşıl da var, al da var.
Nə qədər ki, boy ruzigar əldə var,
Qəst eylə cənəttə qayır cana dam.
Əgər insan doğru şirin görünür,
Sonadan sığınmış şirin görünür,
Günah özi təlxdür, şirin görünür,
Oniyçün cənəttən çıxtı can Adəm.
Sayat Nova ya bu gündən, ya dündən,
Razı olgil həmdəmündən, yadundan,
Əcəl görüşəndə düşər yadundan,
İstər min il çəktürəsən cana dəm.
Sizə
Novkisələr müft mal versə, almayun,
Hər kim görər, diyər pəhləvan sizə.
Arvada bafa yox, sirrüz deməyün,
Mən öləndə qalsun bi nişan sizə.
Çünki çəngli pirdən içtüm badəni,
Qulaq asun, deyim ögüt sadəni:
Yüz il bəsliyəsən yetim gədəni,
Axır bir iş düşər, salar qan sizə.
Hər ata minici Rostom-Zal olmaz,
Yüz il qaynadasan, zəhr bal olmaz,
Xalxun malı sənü içün mal olmaz,
Degirməndə yutturmazlar dan sizə.
Rəzg yetürsün, əziz cana yalvarun,
Əzəlki xoş zaman qana yalvarun,
Mənə qulaq asun, ona yalvarun,
O kim var eyləmiş anadan sizə.
Sayat Nova sözün söylə matadan,
Sərün saxlagınan şol lakatadan,
Nəmək yeyicidən, arvad xatadan,
Deyərəm saxlasun yaradan sizə.
Qulaq as sözümə
Qulaq as sözümə, ay adam oğlu,
Ta söbh açılmasa, dün gecə çıxmaz.
Çəkil şər şeytandan mal uca bazar,
Kövlün qapısına yad olan baxmaz.
Yandır hağ çırağın, kipridi üfür,
Pak saxla kövlünü, günahun süpür,
Dil duva içündür, söylətmə küpür,-
Bir bulağdan iki babat su axmaz.
Doğru dilər ki, ər tayısın çəkər,
Çün çinar bar verməz, boyisin çəkər.
Ot kök üstə bitər, soyisin çəkər,
Sögüt qabuğından dariçin qoxmaz.
Bulmadum cahanda doğru yar, aman,
Onun içün çağıreyram haray man.
Nə quyi qazmışam, nə duşərəm man,
Doğruya zaval yox, od düşsə, yaxmaz.
Sayat Novam diyər qəmdən enəli:
Yel qayadan nə aparur, dönəli.
Yap kövül şəhərün kabir binali,
Nov peyğəmbər təki sel axub yıxmaz.