” Partizan” Əlibala Əhmədovun şeirlərini təqdim edir…
YADDAŞ
Korlanmış düşüncə….
Suya sürtülən parça
tək
toxunurdu bir vaxtlar
sevgi ruhuna
və
günlər
kiçik budağı qırıb əlində tutarkən
cilvələnən yarpaqlara
baxmağa bənzəyirdi….
SƏYAHƏT
Qurumuş, yaşılından
az qalmış dəfnə yarpağı….
Üzünü masaya qoyub izləyirsən onu….
Təpələr arxasında
arxların qara palçığında
sarı qamışlar,
şən oyunlar
və ağ süfrə üstündə bənövşə…
Ağrıdın –
Gözəl şeylərin gücü
öz kökünə gedən yolda
cəsarətsiz, qorxmuş…
Qurumuş, islaq arxın palçığındakı
o soyuq duyğu
Bəyaz əllərindəki təzə qaraya baxarkən
alça ağacının qoxusunda
həmişə yaşamaq inancı….
Kim sevə bilərdi? Kim qurtara bilərdi səni?
Yalnız
keçmişinlə
hər gün görüşə bilən biri
bəlkə….
MƏNASIZLIQDA
İndi qırmızı sap yumağı
bir evin hansısa küncündə…
Otağın parlaq işığı toxunmur
ona
və tərpətməyəcək
bircə hissəsini də….
Unudub Tanrı məni
əgər sən məni
xatırlamırsansa….
AYDINLIQ
İşgəncəli görüntülər,
xəyallar,
sözlər
beynin
indi sarı bir yarpaq kimi
su üzündə
günlə isinmək istərdi
amma xoşbəxtlik
onsuz da qayıtmayacaq
hər şeydən sonra – əzilmiş yerdə
yaranan
rəngin
əbədi yaşaması kimi….
Alovdan qalmış
çubuqlar
daha
yaşılın xatirəsini də
saxlamır
onlara baxıb udqunarkən
daha yaşılın dadından
nəsə yoxdur….
QƏRAR
Qırılıb,
bir vaxtlar köhnə eyvandan
baxarkən
ayın üzünü örtən armud ağacı…
Bundan sonrakı ömür nə bir qadına,
nə bir inanca…
Bundan sonrakı ömür
yalnızca keçmişə….
KEÇMİŞ: BİR USTADIN MƏYUSLUĞU
Bu dünyada heç kəsə lazım olmamağın
qolların
ümidlərin
arzuların qısalmasının gerçək faydasını sənə öyrədə bilmədim.
Çünki eyni anda həm mən, həm də sevginin cəhdləri qarşısında tənha qalmışdın.
Və sevginin əllərində işıqlı kürələr vardı.
Gözlərin böyüyür və qəlbinə axan suların təravətini duyurdun.
yenidən xatırlanacağına ümid edirdin.
“Bu dünyada kimsəyə gərək deyiləm….”
bu sözləri dəfələrlə təkrarlamalıydın.
Səhər yeməyində
Pişik kimi bəslənmək istəyən aşiqliyin vəsvəsələrində
dərk etməliydin ki, yalnız öz yaddaşında mövcudsan.
Adının, kimliyinin, arzularının şirəsini beləcə qurutmalıydın.
Bir gecə evinin pəncərəsini tamam qapadan pərdə
daha heç vaxt açılmamalıydı.
Səni yenidən görürəm.
Azad deyilsən.
Həm bədənin, həm də qəlbin zəifləyib.
Varlığın puçluğun rənglərini bolluca içinə çəkib.
Amma hələ də əllərində işıqlı kürələr tutan sevginin
baxışlarına cavab verir və üzülürsən.
Hələ də imtina edə bilməmisən heçnədən.
Arıların, günəşin, qonur rəngli ağacların
qayalar və yarpaqların uydurulmuş görüntüsü
sənə çayların kənarında balıq bişirən sevgilinin xəyalı
hələ də daxilindədir.
Sənin üçün gözəlliyi yaşamaq mümkün deyil.
Və daxilindəki təsvirlər yalnız əzab üçün idi.
Bunu heçvaxt dərk etmədin.
“Bu dünyada kimsəyə gərək deyiləm..”
bu sözləri dəfələrlə təkrar etməliydin, yeganə qələbə üçün..
(2021)