“Partizan” Elnur Uğur şeirlərini təqdim edir…
Şükür
Bu dünyada çox şey lazım deyil yaşamağa.
Ürək verdiyin ürəyini qoruya.
Biri səni ürəkdən duya
Bəsdi.
Vallah,nə varsa, burda qalacaq
Bədənimiz də,
Nə varsa əynimizdə
Özümüzü də soyunacağlq.
Bircə qoruyanımız olsa
O da varsa duyanımız olacaq.
Duyanımız həyanımız olacaq.
Bu dünyada adama nə lazımdı ki?
Ürək alıbsa,
Ürək veribsə…
Ürəkdən duyanı varsa
Dünya onu yox,o dünyanı fırladır öz başına.
Bu dünyada bir ürəkdən duyanın varsa
Sel də çıxsa qarşına
Keçəcəksən.
Şükr elə,Elnur!
Hələ ki həyanın,səni ürəkdən duyanın yanında durur.
***
Şair
İçib yar baxışın getdim özümdən,
Bilmədim içdiyim nə meydi,şair?
Yarın gözlərində həbs olununca,
Dəmir barmaqlıqlar boş şeydi, şair!
Gözdən düşmək də var süqutdu elə,
Sevmək yaşamağa sübutdu elə.
Ən böyük qışqırıq sükutdu elə,
Qalanı,qalanı səs-küydü, şair.
İç,iç doyanacan yar baxışın bil,
Bəxt gəzir vaxt adlı səhrada veyil.
Damar doğramaq da böyük şey deyil,
Ən pisi ümidi kəsməkdi,şair!
Gözəl
Sevirəm həyatın hər bir üzünü,
Qarası qaradı, ağı ağ gözəl.
Sevirəm dünyanın dağı,düzünü,
Aranı Arandı,dağı dağ gözəl.
Viranə yurdun da ilki var düşün,
Ayrılıq doğacaq isti görüşün.
Üzü qırışdıran o şax gülüşün,
Qırışı qırışdı,şaxı şax gözəl.
Elnur, uğur söylə bəxti qoy dəmə,
Ümid et sabahın pürrəng dəmlənə.
Hər pisə bəd baxıb pisdi,pis demə
Yetər ki,baxanda özün bax gözəl.
And olsun
And olsun həqiqətin bağrında
Milyon illərdir göyərməyən qara daşa.
And olsun,yerin alt qatındakı dirilərin nəfəsinə,
İnsan uymasaydı nəfsinə,
Dünya bugünkü olmayacaqdı.
And olsun ki,
Anda susayıb bəşər,
Susuzluqdan yanan ürəyin su istədiyi təki.
And olsun piano dillərindəki iniltiyə,
İnsanlıq inildəyə- inildəyə
İnsana yalvarır içindən çıxmaq üçün.
Bu gün.
Sən,
Mən,
O
Hamımız bir günah daşıyıcısıyıq.
Bu günahı yumağa bir də zaman olmayacaq.
Bax bu sonuncu dayanacaq
Bu da sonuncu qatar.
Yubanma, bu qatar da getsə,
Ay yoldaş, səni kim aparacaq?
Tarif şurası
Dəbdəbə içində,zinət içində,
Qiymətdən düşübdü söz aurası.
Gəl sözü dəyərə mindir nə olar,
Ay tarif şurası,tarif şurası.
Adamın sözünün adamı gərək,
Sözün adamının adamı gərək.
Söz ucuzluğunun edamı gərək,
Bahalıqdan doğsun sözün erası.
Qaldır qonorarı qalxsın söz dağa,
Tək- tük şair olsun ora çıxmağa.
Vallah,belə getsı ay tarif qağa,
Tamam məhv olacaq söz sferası.