“Partizan” ADU-nun baş müəllimi Nigar Haqverdiyevanın “Adı yurdu ilə eyni rəngə çalan şair” adlı yazısını təqdim edir…
Adı yurdu ilə eyni rəngə çalan Şair…
Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu belədir, adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də… necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm onu oxuyarkən, müsahibələrini dinlərkən…
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlaylırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…indi yazan çoxdu, kitab da çoxdu, amma lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…
Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yiğınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı və bu gözəl tədadüf aydın bir yola çıxartdı və bu aydın yol özü demiş “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı… Ağ Səs varsa demək ki, hələ dünyadan əlimiz üzülməyəcək ümid var, işıq var, ağ səs var….
Hansı şerlərinizi deyim ki, Qulu Müəllim, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm…”, “Hərdən anamdan xəlvət…”, “Dağa bax, sən allah…”, “Sağ-salamat ölsəydim…”, “Nə olar, bir səhər durub görəsən…”, “Rum rəqəmiylə onuncu…”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu…”, “Görsən ki, qaranlıq çökür aləmə…”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən…”, “Tövbə, görünməyib fəlakət belə…” və s.,və s…
Bu sözləri hər yerdə daim məhşur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə, ilk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərinduyumlu olar, bir insan nə qədər özü olar- insan olar …
Onun yazılarından, fikirlərindən keçmiş Kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür… ancaq günümüzlə səsləşən avazdır bu… Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır.
Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
“Olmadı,
bu ki olmadı!”.
…Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı…
Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Buna misal olaraq onun işğal vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır amma bü gündə yaşayan, əksini də demək olar, bu günün adamıdır, keçmişi özüylə daşıyan…əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir…bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir…
Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..
O bir söz sahibi olsa da inanclı bir şairdir həm də, ancaq, sözə inanclı biri… “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.” Q.A.
Qulu Müəllim şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şerlərində insanı oxuyur, yurdunu arayır, əslində o yurdda özünü arayır, tapmağa çalışır… sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir…Həm şerlərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir.
Görsən üşüyürsən yandır özünü!
Yazın Qulu Müəllim, yazın ki, üşüyəndə yana bilək!
Nigar Haqverdiyeva, ADU-nun baş müəllimi