“Yaradıcı insanların faciəsi və qələbəsi” – Rəşad Səfər yazır…

Loading

“Partizan” yazıçı Rəşad Səfərin “Yaradıcı insanların faciəsi və qələbəsi” adlı essesini təqdim edir.

Təkamüldə güclülər qalib gəlir və növbəti “mərhələyə” yalnız onlar keçə bilirlər. Təbiət üçün əxlaq, xeyir-şər, vicdan anlayışı yoxdur. Eləcə də, təbiətin nəhəngliyi və dəhşətli gücü qarşısında heç bir fiziki böyüklük və ya güc dayana bilməz (dinozavrlar məhv olur, parazitlər yaşayır). Odur ki, təkamüldə “güclü” deyərkən şəraitə ən uyğun gələn, yəni yeni, tam fərqli şəraitə uyğunlaşmaq üçün ən böyük iradəyə sahib olanlar nəzərdə tutulur.

Belə iradə bitki və heyvanlarda fiziki xüsusiyyətlərin dəyişməsidir. İnsan da təbiətin elementi kimi, digər canlılardan fərqli olaraq zəkaya malik olsa da və bu zəka ilə təkamülün gedişatına “barmaq” edə bilsə də, təkamülün xüsusiyyətlərini, qanunlarını genində gəzdirir və məqam düşən kimi özünü biruzə verir.  

Yaltaqlıq, ümumiyyətlə, heç bir dəyərə sahib olmamaq da bizə təkamülün miraslarından biridir. Yəqin fikir vermisiniz, ən ciddi, ən böyük siyasi-sosial dəyişikliklər zamanı növbəti “mərhələyə” dağılmış sistemin ən yaltaq, ən dəyərsiz insanları keçirlər. Ola bilsin, növbəti mərhələdəki sistem belə yaltaqlara qucaq açmır. Amma onlar yenə də məhv olmurlar, sadəcə, bir küncə çəkilib, təhlükə sovuşana qədər yaşamağa davam edirlər. Və əlverişli şərait yaranan kimi boy göstərməyə başlayırlar. Eynən, parazitlər, mikroblar kimi. Yer üzərindəki dəhşətli fəlakətləri adlayıb milyon illəri keçərək bu günə qədər gəlib çıxmış bakteriyalar var. Onların əksəriyyətinin əhəmiyyəti bioloji və geoloji hesablamalara yaramaqdan başqa bir şey deyil. Nə də onların gücü böyüklüklərində, təbiət üçün xeyirli olmalarında deyil. Onlar sadəcə hər şəraitə rahatlıqla uyğunlaşa bilirlər.

Yaltaqların və dəyərsizlərin də gücü bundadır. Onlar üçün üstündən xətt çəkilə bilməyən dəyər yoxdur. Dözülə bilməyəcək şərait yoxdur. Hansısa dəyərlərə həqiqətən sahib olan insan dəyərlərinin çürük olduğu üzə çıxanda dəhşətli depressiyaya düşür. Bəziləri intihar edir. Yaxudyeni sistem onun dəyərlərini heçə sayanda dözə bilmir, etiraz edir, oranı tərk edir. Tutulanlar tutulur, gedənlər gedir, ölənlər ölür, yerdə qalanlar da diriykən ölü kimi davam edirlər həyata, məğlubiyyətləri ilə barışıb səssizcə ölümü gözləyirlər.

Bəs bu dəyərsiz yaltaqlarda vəziyyət necə olur? Mexanizm dərhal işə düşür. Otuz il öncənin qatı kommunisti bu günün qatı anti-kommunisti olur. Dünən elmi ateizmdən dərs deyənlər bu gün həccə gedir, mollalıq edir. Şəraitə uyğun olaraq həm kosmopolit romanlar, həm də millətçi kino ssenariləri yaza bilirlər. Onlar çox rahatlıqla deyə bilirlər ki, sovet hökumətinin dağılmağı hələ 70-ci illərdə artıq ürəyimə dammışdı. Sonra da əlavə edə bilərlər ki, mən həmişə sovet hökumətinə qarşı dissident mövqedə olmuşam. 90-cı illərdə başqa cür, 2000-ci illərdə bir başqa cür danışa bilərlər. Hətta gələcəkdə sağ qalsalar özləri, sağ qalmasalar övladları deyə bilər ki, atam köhnə hökumətdə nazir olsa da, ürəyində dissident idi.

Həm də onlar bunu deyərkən qətiyyən öz səmimiyyətlərinə şübhə etməzlər. Bax, elə əsas məqam da budur: inanmaq. İnanmadan söyləmək daha az təhlükəlidir. İnsan ən azından yalan dediyinin fərqindədir. Amma bunu fərqində olmadan söyləmək əsl təkamül xüsusiyyətidir: təhlükəni hiss edən kimi, reflektiv olaraq işə düşən mexanizm. Təhlükəni tam zərərsizləşdirmək üçün mütəmadi olaraq inanmaq və inandırmaq.

Ona görə də, ciblərində bütün partiyaların  üzvlük biletini gəzdirənlər üçün heç bir dəyişiklik təhlükəli deyil. Yetər ki, sağ qalsınlar. Fransız inqilabı insanların bu xüsusiyyətinə bələd idi deyə gilyotini işə saldı. Yaxşı bilirdilər, sağ qalanlar mikrob kimi künc-bucaqda öz işlərini görəcəklər. Mikrobları isə otağın havasını dəyişməklə məhv etmək mümkün deyil. Tək yol kəskin dezinfektantdır –  gilyotin. İnsanlıq baxımından qəddarlıq hesab edə biləcəyimiz bu davranış öz dövründə Avropada sistemi bütünlüklə çürümüş, bütün sosial qatlarda bərpası mümkün olmayan eroziyaya uğramış fransız cəmiyyəti üçün yeganə yol kimi görünürdü inqilab müəlliflərinə.

biətə arxayın olmaq olmaz. Təbiət özü də yaltaqları sevir. “Dünya ədalətlidir, yaltaqlar da ölür” kimi aforizmlər boş söhbətlərdir. Təbiət üçün lazım olan iradə elə yaltaqların iradəsidir – yeni şəraitə qarşı çıxmaq iradəsi deyil. Təbiətə yeni şəraitə, bütün ehtimal olunan iyrəncliklərinə rəğmən uyğunlaşa bilmək üçün özünü “sındıra” bilmək iradəsi gərəkdir.

Bu qarşıdurmada “zəif” iradəlilər, yəni həssaslar, bir və ya birdən çox dəyərə sahib olanlar, ləyaqətlərinə, şərəflərinə söz keçirə bilməyənlər ilk məğlub olanlardır. Onlar bu məğlubiyyəti uyğunlaşmaqdan, sağ qalmaqdan üstün tuturlar. Yeni sistemlə ilk toqquşmada məhv olurlar. Ona görə də istənilən siyasi rejimlərdə, mədəniyyətlərdə ilk və ən çox məğlub olanlar, iztirab sahibləri yaradıcı insanlar olurlar. Ona görə də, yaradıcı insanların siyasi mənada (elə başqa mənalarda da) xoşbəxtliyi nadir hallarda mümkün olur. Əldən heç nə gəlməyəndə belə, sadəcə susaraq iztirab çəkirlər. Onlar sovet hökumətinə də, ABŞ-a da, faşizmə də, mövcud olan və ya düşünə biləcəyiniz ən gözəl sistemlərə qarşı çıxa, sonra “məğlub” ola, oranı birdəfəlik tərk edə bilərlər. Nazim Hikmət SSRİ-ə, Dovlatov isə SSRİ-dən mühacirət etmişdi. Henri Miller Amerikanı yıxıbsürüyürdü, Nabokov Amerikaya mühacirətə getmişdi. Bizə anlaşılmaz gələ bilər onların bu hərəkətləri. Amma bu hərəkətlərin cavabı onların yaradıcı insan olmalarıdır.

Çünki onların daxili azadlıqları, xidmət etdikləri bəşəri dəyərlər onları, yaltaqların dili ilə desək, “iradəsiz”, “zəif” insan edir. İstənilən sistem bu cür “iradəsiz” insanları rahatlıqla çıxdaş edə bilir. Onlara qalib gəlmək çox asandır: seçim qarşısında qoyursan və əlbəttə, o da öz dəyərlərini seçir. Və beləcə, məğlubiyyət qonqu çalınır. Və beləcə, yaradıcı insan öz faciəsinə “xoş gəlmisən” deyir.

Amma yox. Məsələ bununla bitmir. Deyəsən, yaradıcı insanlarda məsələ bir az başqa cürdür. Onlar həssasdırlar, “zəif iradəlidirlər”, amma axmaq deyillər. Hər şeydən öncə, onlar da təbiətə aiddirlər və təkamül prosesində onların da öz silahları var. Həqiqi böyük yaradıcı insanlarməğlubiyyət qoxusunu duymağa başlayan kimi, bəzən də heç duymamış öz silahlarını işə salırlar – ən gözəl əsərlərini yaradırlar. Şedevr onların təkamüldə əsas və son üstünlükləridir. Şedevr cıdır atı kimi maneələrin üzərindən atlanaraq finişə çatmağı bacarır. Finişdəki hədəfə çatmağı kifayətdir ki, özünü və müəllifini ölümsüzləşdirsin. Hədəf özü onu çiyinlərinə alıb əsrdən əsrə, ölkədən ölkəyə daşıyır. Yaradıcı insanın ən zəif yeri elə onun bədənidir. Düşüncələri isə kosmosda xaotik hərəkət edən asteroidlər kimidir. Zaman-zaman hansısa planetin (oxu: insanın, xalqın, ölkənin) cazibəsinə düşüb ona çarpılır. İstədiyi təsiri göstərəndən sonra artıq qalmış parçaları yenidən kosmosa dağılır və dövr edir. Beləcə, yaradıcı insan təbiət və tarix üzərində qələbə çalır. Çox vaxt bu qələbəni biz yaradıcı insanın fiziki yoxoluşundan xeyli sonra anlayırıq. Qələbəsini anladığımız anda isə onun sağlığındakı bütün anlaşılmaz davranışlarını – bəzən kəskin mübarizəsini, bəzən “məğlub” susqunluğunu, bəzən inzivasını, bəzən mizantropluğunu, bəzən həqiqəti söyləməkdən müvəqqəti geri çəkilməsini – anlamağa başlayırıq.

​​​2015