“Partizan” Ayaz Arabaçının şeirlərini təqdim edir…
Şair, otur lal-dinməz,
Burda səsin çıxmasın..
Bu talanıb qəhr olan,
Yurda, səsin çıxmasın..
Yoxdu də yox, yoxdu hax,
Uyarıram səni, bax,
Mərsiyə de, ürək yax,
“Şur” da səsin çıxmasın..
Boğ arzunu beşikdə,
Yox ol evdən-eşikdən,
Get gizlən bir deşikdə,
Turda səsin çıxmasın..
Axşam-sabah vızılda,
Öz havanda sızılda,
Altdan-altdan mızılda,
Gurda səsin çıxmasın..
Yola düşdü qafilə,
Düşdü amma, nafilə,
Oyanma İsrafilə,
Surda səsin çıxmasın..
Tapmacadı həyat lap,
Formulunu özün tap,
Qoyunları minib çap,
Qurda səsin çıxmasın..
***
Gedirəm,
Ayağım altında
günəşdən
sinəsi dağ-dağ olmuş
asfalt yol,
bir də
qanına qəltan olmuş tutlar.
yan-yörəmdə
gəzəri tabutlar..
havada
ürəkbulandıran
üfunətli qoxu.
beynimdə
dünyanın yerindən çıxmış
oxu.
ləngər vurur yer,
sola-sağa.
barı bir külək əsə,
bir yağış yağa.
içi mən qarışıq ,
hamıda sönüb işıq.
hansı ünvana atım,
bu ağrını, bu ahı.
İstefaya çıxmış çoxdan,
xaraba məbəddəki
məhəbbət allahı.
içimdə o qız-
mömünəxatun məqbərəsi.
qandan-qan..candan-can..
“kəklik fərəsi”.
getsin, eləcə dalınca baxım.
getsin, salxım-salxım.
***
İllər sonra eşitdim ,
səsini telefonda,
Mənə zəng eləmişdin o axşam saat onda.
Elə bil ki, minillik
bir məzardan oyandım,
Başdan-başa o səsin işığına boyandım.
Yorğun əzalarımın
təzələndi nəfəsi,
Xatirələr rəfində saxlamışdım bu səsi.
Saxlamışdım minillik
bahalı şərab kimi,
Ki, bir gün açıb içim, dinsə könlümün simi.
Əvvəlcə inanmadım,
bir şirin köks ötürdüm,
Ürəyim əsə-əsə stul çəkib oturdum.
Dedim yəqin yuxudur,
gözümü açsam keçər,
Ya da qarabasmadır ayılıb qaçsam, keçər.
Durdum səsini aldım
tamam, televizorun,
Tüstülədi ürəyim astaca korun-korun.
Bir getmişdi qayıdıb,
üç gəlmişdi ayrılıq.
Qəlbimizə o ki, var güc gəlmişdi ayrılıq.
Öpdüm aramızdakı
qışın soyuq qarından,
Öpdüm ürəyindəki köhnə yaralarından.
Dolandı xəyalımdan
nə qədər ölkə keçdi,
Alov tutan içimdən sərin bir kölgə keçdi.
Gördüm ki, ürəyimdə
hələ də yanır o şam.
Dedin unutmusanmı,
Dedim unutmamışam.
Astaca pıçıldadın-səsin titrədi:
-sağ ol.
Dedin qaçıb gələrdim amma çox uzaqdı yol.
Çaşmışdım, danışırdım
dağdan düzdən, dərədən
Bir papiros yandırıb boylandım pəncərədən.
Yellənirdi küləkdə sarı məxməri güllər,
Titrəyirdi soyuqdan ocaq yerində küllər.
İllər sonra eşitdim ,
səsini telefonda,
Mənə zəng eləmişdin o axşam saat onda.
Dedin cəzam nədisə,
ikielə kəs mənə..
Nələr xatırlatmadı bu sevdalı səs mənə…
***
Əvvəllər vaxt qum kimiydi
axırdı..
İndi daş kimidi..
Sanki daha
heç nəyin zamana dəxli yoxdu.
Ox uzanıb özüyçün,kamana dəxli yoxdu.
Sağlar-sollar bağlıdı..bütün yollar bağlıdı.
Adam beş gün bal olanda
bir gün də gərək arı olsun.
Söyüşlərimi məlum hesablara keçirdim-
halal xoşları olsun..
Həvəs yoxdu heç nəyə,
hətta yeməyə belə,
gündə iki yumurta..o da ki,yəni “mırt”a..
Kolbasa qızartmışam,
şama dəvət etmişəm
küçədən bir pişiyi..
yoldaşım
kənddən gəlib əl qatacaq özünə:
-gör,nə günə qoyubsan
yenə evi-eşiyi..
Unutmaq zamanıdı igidliyi-ərliyi…
Müqəddəsdi mənimçün,
hüquq bərabərliyi))
Get-gedə qadağalar,
fərmanlar qəddarlaşır..
Məlhəmlər qəddarlaşır,
dərmanlar qəddarlaşır..
Hələ ki,cansıxıcı bir tələ var qabaqda,
Zəlzələ var qabaqda,vəlvələ var qabaqda..
Kötək kötəkdi elə-ya arifdən,ya xamdan..
Bu dəfə
bərk yapışıb qüssə-kədər yaxamdan.
Sən də haqlısan əslində
Yetənə-
yetən,yeməyənə bir daş atan dostum.
Ünvanıma dediklərinə susdum.
Taledi də hərə bir yol çömçəsini bulayır..
Mən bilirəm,
bilirəm küçə itləri niyə belə
yazıq-yazıq ulayır..
***
Yazıram hüzndən-kədərdən sənə,
Gündəlik qəzadan-qədərdən sənə.
Qırılıb-tökülüb könül simlərim,
Üzümdən yan ötür təbəssümlərim.
Qüruba oxşayır qızıl dan yerim,
Bitib bu dünyayla hər cür alverim.
Bir kəs yox qəlbimdən keçəni duya,
Verdim hisslərimi dərin yuxuya.
Önümdə qapısı bağlı səmalar,
Başımda sərsəri sayıqlamalar.
Ruhumu siqartək sinənə çəksən,
Bir-iki qüllaba söndürəcəksən.
Ömür-gün dilənçi payından betər,
Yalançı vədlərə inanmaq yetər.
Sağ ol bu verdiyin təfəkkür üçün,
Başqa nə söyləyim təşəkkür üçün.
Ağırdı inan ki, gətirmək dilə,
Dərdlər ki.. həndəsi silsilə ilə.
Bir gün ayaqlansa bahar nəsimi,
Sənə çatdırarmı könül səsimi.
Nədi bu dünyada günahım belə,
Axşamım belədi, sabahım belə.
Qəfil nə zamansa üz-üzə gəlsək,
Bu qara zülmətdən gündüzə gəlsək..
Tutarmı sən bilən söz-söhbətimiz,
Bir yol alınarmı, məhəbbətimiz.
Yüz ölçüb bir biçdim indiyə qədər,
Dərd udub, dərd içdim indiyə qədər.
O tozdan-dumandan, o kirdən ürpən,
Soyuqdu canımda hələ ki,türbən.
Görmək istəyirəm yaxından səni,
Harda gizləmisən o nur çöhrəni.
Harda gizləmisən harda, İlahi,
Çırpınır bu könül darda, İlahi.
***
Sənə çətin gəlir unutmaq məni,
Gözünün ilk ovu,nübarı mənəm.
Yalandan ağlama başqa ad çəkib,
Hələ də könlünün qübarı mənəm..
Adım əzbər oldu neçə aşığa,
Qorxmadan qanımı qoydum qaşığa,
Səni mən gətirdim bu yaraşığa,
Ömrünün-gününün memarı mənəm.
Belə ki, öyrəşib könül xoşluğa,
Atma addımını çaşıb boşluğa,
Ad tapa bilmirsən bu sərxoşluğa,
Xumar gözlərinin xumarı mənəm.
O səs qulağında mənim səsimdir,
O səsdən ürəyin əsim-əsimdir,
Saçında oynayan meh nəfəsimdir,
Qara tellərinin tumarı mənəm.
Dikəlməz gözündə saraylar çökən..
Könüllər qanadan,ürəklər sökən..
Yayın istisində zəhləni tökən,
Başına dolanan o arı mənəm..
Hər gün ürəyində yara keçərsən,
Ağappaq yolları qara keçərsən,
Sən məndən adlayıb hara keçərsən,
O hasar,o divar,o barı mənəm.
Qopar bu nəğmədən qopar sən,məni…
Gözündə-könlündə apar,sən məni,
Harda arzulasan taparsan məni,
Bütün Azərbaycan diyarı mənəm.
***
İşi-gücü balaca bir adamam,
Böyük-böyük dağ haqqında nə yazım..
Həyatımda nə qoyub ki,
gedəndə,
Ötüb-keçən çağ haqqında nə yazım..
Ərimədi buz hasarım,buz aram,
Qızıl teştə xatirələr qusaram,
Uzaqbaşı bir ah çəkib susaram,
Gülü solan bağ haqqında nə yazım..
O ulduzlar göy üzündə yaradı,
Yox olmağın son mənzili haradı,
Mənim bəxtim əzəl gündən qaradı,
Durum sənə ağ haqqında nə yazım..
Saldı məni bir hörümçək girinə,
Şirin kimi baxammıram şirinə,
Təpə boyda olmayanın birinə,
Sinəmdəki dağ haqqında nə yazım..
Boğuluram dəli Kürün içində,
Ərimişəm neçə ürün içində,
Zəhər kimi bir ömürün içində,
Bal haqqında,yağ haqqında nə yazım…