“Partizan Sevinc Yunuslunun şeirlərini təqdim edir…
Gözləri yuxulu göy qucağında
Qızılı bir ulduz parlayır yenə.
Taxta evinizin pəncərəsinə
Yağışla bərabər qarlayır yenə.
Heç nə əvvəlkitək deyil, dəyişib
Qonşunun cır səsli iti sağ deyil.
Sağalıb, gördüyün qara dayçanın
Ağrıyan ayağı ta axsaq deyil.
Bildinmi o gün sən getdiyin yola
Vələs yarpağını bərk ələmişdi.
Əlini əlimdən aldığın andan
Göylər buludunu silkələmişdi..
Bir ilmi, min ilmi aradan keçən?
Onda çiçəklərin ətri var idi.
Hər şeydən əlavə öz aramızda
Saman çöpünün də xətri var idi..
Min bir söz deyərdi bir təbəssümün
Sükutun sözlərin itən yeriydi.
Sənin məhəbbətin mənim gözümdə
Bütün sevgilərin bitən yeriydi..
Sevgimlə yoxluğun bu illər boyu
Sənə özüm boyda qucaq açmışdı..
Bu gün görüşünə getdiyim bağda
Söyüdlər ilk dəfə qucaqlaşmışdı..
***
Tanrıya məktub..
Dolu vurdu qışa çıxdıq
Bir incə yaza ümid
Bütün mahnılar tükəndi
Sonuncu saza ümid
Soldu qəbir daşları
Rəngbərəng sarılığa
bölək dərdi də Tanrı
Gəlsənə yarılığa.
Yükləyək belimizə
Görək kim yaxşı çəkir.
Mənim ömür xəttimi
Rəssamın naşı çəkir.
Bu səhər üfüqünün
Rəngi sarı,qırmızı
Niyə yaxırsan tanrı
Bu qədər canımızı?
Hökmün dünyaya keçmir,
Qatla qoy bir kənara.
Ya sən yox ol dünyadan
Ya mən, gələk qərara!
Bəlkə mən ucaltmışam
Deyirlər sən adilsən
Ətsən, sümüksən bəlkə
Bəlkə sən də adisən?
Min illərdir ki səni
Bu boyda insan danmır..
Sənin bu insanlara
Bəs niyə canın yanmır?
***
Ən yalnız zamanında
Yanında olsa çoxu..
Bu şeiri heç unutma
Mən olmayanda oxu.
Qoyma bu dərd yükləsin
Zərif çiyinlərini.
Oxşa qəbir daşımın
Çuxur, düyünlərini.
Sev bütün adamları
Ən yaxşı yerindən sev.
Bircə məni əlimdən
Ya da şeirimdən sev..
Bu şeiri heç unutma
Azan yerinə oxu.
Məzarımı təpədə
Qazan yerinə oxu..
Unut əsən küləklə
Ağla yağan yağışla..
Tanrı bağışlamasın-
Tək sən məni bağışla..
***
Sənə bu dünyada
sevdiyimi deyə bilmədim könlümcə..
Öləndən sonra da demək istəmirəm-
səndən sonra ölmək istəmirəm..
Hara getsən məni də apar
Heç olmasa sən məni tək qoyma..
mümkün deyil..bilirəme
bilmək istəmirəm..
Darıxıram..kimsəsiz..için-için..
Qorxuram..öləcəyini bildiyim üçün..
Səndən sonram olmasa bağışla
dünyanın hər üzünü görmüşəm..
Üzülmə, yorulmuşam deyirəm..
Ölmüşəm demək istəmirəm..
***
Məktəbli şeiri 🙂
Başımı bəlaya salan da sənsən
Məni dərd əlindən alan da sənsən
Gecələr yanımda qalan da sənsən
Gündüzlər xəyalın bəs eləmir ki..
Onsuz da çətindi ,çətin həyatım
Bir də sənlə sındı qolum ,qanadım.
Dağıtdı yalanın, yıxdı inadın
Barı bax vicdanın səs eləmir ki?
İnsana ölümü qəbr öyrətmir
Eşq tarix, ədəbiyyat, cəbr öyrətmir.
Yoxluğu heç mənə səbr öyrətmir
Ağlım ürəyimə dərs eləmir ki..