Çoxunun səhv anladığı bu film nədən bəhs edir?

Loading

“Partizan” Məlik Rzanın Oskar mükafatlı rejissor Qonzalez İniarritunun “21 qram” filmi haqqında şərhini təqdim edir.

İsa haqqında çəkilmiş ən yaxşı film

İsa çarmıxını çiyinləyib ölümə gedərkən “Allah, onları bağışla. Bilmirlər” demişdi. Bilinməyən nə idi?

İsa üzünə tüpürüb ona olmazın zülm verən qaramat kütlənin nəyi bilməsini istəyirdi? Etdiklərini? Allahın oğlu olmasını? Fövqəladə varlıq kimi yer üzünə enib onları xilaslarına yetirəcək peyğəmbərliyini? Yoxsa, bütün aləmin günahlarını daşıyacaq vicdanın sahibi kimi yeganələyini? Heç biri. İsa onların ağrını bilməsini istəyirdi. Bir-birilərinin ağrısını.

Amma heç kimin tarlası yandırılmamışdısa, qara torpağın bətnindən boy verəcək yaşıl otlar əvvəldən ölü idi. “Tarlalar yanmamış, yaşıl otlar bitməyəcək”.

Qara ruhlarda yaşıl otlar bitirəcək potensialın sahibi İsa öz zamanında gəlməmişdi.

İnnaritunun “21 grams” filmi İsanın öz zamanına gəlişi haqqındadır. Ölümü qucaqlayıb həyatının bitəcəyini anı peyğəmbər səbri ilə gözləyən Paul (oxu: İsa) ona əmanət edilən ürəklə yenidən dirilir. Yol qəzasında iki qızını və yoldaşını itirən Kristina əri Mayklın ürəyini tanımadığı Paula bağışlayır.

İçki, narkotik, ağrı və göz yaşları. Kristanın günləri belə keçir…

Həyat davam etmir.

“Qatil isə (qəzanın səbəbkarı) çoxdan həbsxananı tərk edib həyata qayıdıb. Yaşayır və həyat gözəldir.” Kristina belə düşünür. Amma Cek (qatil) vicdanını silkələyən ağrılarla nə xoşbəxtliyin dünyadakı təcəssümü olan ailəsi ilə birgə evinə, nə də Allah qarşısında diz çöküb bağışlanmasını dilədiyi kilsəyə sığına bilir.

Bir gün Tolstoyun Sergi atası kimi qabığından çıxıb heç kimin ona yetə bilməyəcəyi qəribliyə çəkilir. Otel otaqlarında dərisini isti bıçaqla yandırır, yuxusuzluğun ucqarlarında itkin düşür. “Allah, onlar bir-birilərinin ağrılarını bilib bağışlayacaqlar”. Paula (Oxu: İsa) müvəqqəti diriliş üçün verilən ürəyin missiyası budur.
Paul dedektiv vasitəsilə hər ikisini tapır. Kristinaya yaxınlaşıb lüzumsuz səs-küylə ötüşən səhnədə kimliyini bəlli etdikdən sonra bətnində yaşam ümidi cücərdir. Kristina isə nifrət gölməçəsində batıb. Paulla Kristina qatilin öldürülməsini istəyir və Cekin yaşadığı otelə köçüb uyğun vaxtı gözləyirlər.

Kristina yatıb. Cek gözlərini yumub Paulun önündə dizləri üstə çöküb. Amma Paul onu öldürməyib getməsini istəyir. Bilir, vicdanı narahatdırsa, gələcək. Əclafdırsa, gedəcək. O zaman ancaq Kristinanı xilas etmək lazımdır. Amma Cek gecənin sükutlu çağında gəlir. Bədənini uyuşmayan yeni ürəyilə ölümü gözləyən Paul onu hiddətlə öldürməsini istəyən, yalvaran Cekin zərbəsilə yerə çökür. Kristina isə əlinə aldığı dəmirlə Cekə bütün qüvvəsilə hücum çəkir. Zərbələr davam etsə, taleyinə boyun əyib müqavimət göstərməyən Cek öləcək.

Bu an… Atəş səsi gəlir… Paul özünü ürəyindən vurur.

Xəstəxana.

Paul üçün qan verən Kristinanı həkim bətnindəki körpə ilə müjdələyir.

Cek və Kristina. Bir neçə saniyəlik səhnədə baxışarkən sükut içində Kristina Ceki bağışlayır. Cek evinə qayıdır. Kristina bütün pis vərdişlərindən uzaqlaşıb körpəsini gözləyir. Qara torpaqda yaşıl otlar bitir.

İsa, ölür.