Məşhur azərbaycanlı rejissor həbs edildi

Loading

Güney Azərbaycanlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib.

“Partizan” “qazeta.ru”ya istinadla xəbər verir ki, Pənahi iki gün əvvəl daha iki rejissorun həbsinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. O, bir neçə həmkarı ilə birgə Məhəmməd Rəsulov və Mustafa Ələhmədin azadlığa buraxılmasını tələb edib.

 

Rəsulov və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

 

Qeyd edək ki, dünya şöhrətli rejissor Cəfər Pənahi 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs edilib və 6 il müddətinə ev dustaqlığına məhkum edilib.

 

Ona 20 il film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi evdə Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib.

 

Ev dustaqlığından azadlığa çıxan rejissor pasportu rəsmilərin əlində olduğu üçün xaricə gedə bilmir. 2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalında “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Mətbuat Federasiyasının (FIPRESCI) mükafatını qazanıb.

O, həmçinin Venesiya Film Festivalının da qalibidir.