“Partizan” şair Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.
Çoxşaxəli asviyum
(həqiqi xəyalizm)
Nəfsini aydan asan, görcək onu iftar açır
Mən günəşdən acizəm, sübhün onunla yar açır?
Qarşımızdan söz götürsün büsbütün sərhədləri
Arxamızda göz ki yoxdur, qorxudan divar açır.
Özlüyündən tərk olanlar özgəyə qiymət verir
Kəndli tacirdən güc istərkən zəif baz’ar açır.
Yaxşı, sən söylə, bu əyləncə məkanın kim söküb?
Mən də görmüşdüm, uşaqlar oğrun-oğrun şar açır.
Cərgələnmişdir buludlar, an güdür hərrac üçün
Asiman satqındır, ulduzlar açıq-səyyar açır.
Kim çəkingəndir yağışdan, örtür öz çılpaqlığın
Ruhun əxlaq ipliyindən cismə pal-paltar açır.
Vəhdətin müdhişliyindən kor kora yol göstərir
Lal lalın dərdin deyir, karın qulağın kar açır.
Vur qıfıl, söz darvazasından Ələsgər yol tapıb
Sən onu qovsan da getmir ki açarı var, açır.
***
Bildiyini təəccübü gizlədir
Danışmaqdan qorxur, susur önündə
İlanların bəzəyini xoşlayan
Sərxoşların zəhər qusur önündə
Azadlığı şəkillərdə axtaran
Məhbusların pəncərəsi daşlaşır
Haqq istəyir məyusların qüruru
Uşaqların arzuları yaşlaşır
Sürünənlər əl saxlayan ip gəzir
Dizlərində torpaq ana iz salır
Qorxuluqlar sağollaşıb gedirlər
Qarğaların yəqin ömrü qısalır
Valideyn son borcunu ödəyir
Övladından qaçır ölüm öncəsi
Yeddi evin altısında qonaqdı
Ailəvi intihar düşüncəsi
Köhnəldikcə hər şey sehrin itirir
Əlli şərab şüşəsini qırırsan
Pianonun dillərini kəsəndə
İçindəki məktubu da cırırsan
Əylənirsən dərd oxuya-oxuya
Su da gülür danışdığın yuxuya
***
Dekabrın 19-u doğulmuş
səqər kompüteri şairlik sərlövhəsində.
Tarix boyu bir-birinin qılıncını qırmızılayıb
qan-qardaşları
Əqidə sularında üzməyi arzulayıb
heykələ çevrilən sal daşları
Poetik fırçayla rəssam olmuş
çəkər yupiteri, bir şeirlik həvəsində
Ayaq barmağın şaxtadan düşəndə
Arsız-arsız saxtadan gülümsəyər günəş,
yazığı gələrcəsinə
Ədalət axtararsız,
varlı kasıbın taleyini xümsləyər
Mismarlar taxtadan üzülüşəndə deyərlər:
Yerə çırpıldığın ağırlıq ilə güləş,
qatıl məğlub qumların düşərgəsinə
Günahsız məhkumların,
ifadəsində dil açar qatil dəyərlər
Qatarın qapısında ilişib qalar, məndil açar
Pəncərəni içəridən daşlayarlar,
pərdəsi aralanmadan
Yoxsa,
ordu itkisindən təlaşlanmayanlar
yurdu itirməməkçün danışıqlara başlayarlar
Hürdürdüyün it də
and içir işıqlara:
“haqqından yararlanmalısan, yaralanmadan”
Hündürlüyün ən gülməli
hissəsindən qanadlanıb uçursan uğursuz zarafatlarla
Atəş sözündən odlanıb,
közündən qucursan
Dərdini xirtdəyində saxlayanın
yapışıb qüssəsindən, boğursuz xurafatlarla
Adını bilmədiyinin,
travmasını canlandırırsan ilk səfərdə
xürrəmilərin ərəbcə qapıdan keçidini həyəcanlandırırsan
Bullinq yelkənli gəmilərin kapitan cildini
qətl edirdi vikinqlər də
Kütləvi mitinqlərdə bir nəfər də
anlamır səbəbini təmərküzün
artırır əsəbini qan rəngi boya kəmər, öküzün
Bazarı rəngarəng tacirdən
daha qırmızımtıl əlvanlayırsan
Firəng məzarı başında acımtıl görkəminlə
5 yaşında burnuna asdığın zəncirdən sual ünvanlayırsan
İspan dili ya insan dili?
Kaş ki o
həyata H2O kim deyibsə,
dünyaya yağan yağışları Bakı küçələrində dəryaya dönüşəndə görəydi
Çəkmənin dibindən çəkdiyin mizraq,
bir gün özün döyüşəndə dirəydi
Nənənin eynəyini götürüb,
kor qoyub dolabın gözün, çəkməcənin cibindən təqaüdünü
Kimyəvi silahlara nişanladın
Sabahkı qan-tər günahlara geyinə bilməsən,
dünənin köynəyini
Demək etibarnamə vədlərinin
tərəddüdünü dostdan-kömək anladın
Görsəm uydurma nağıllardan
sərsəm ağıllardan seçilmir avam niyyət
Övladımın çiynindən asıb
görsə, dözməyəcəyi kasıb uşaqlığı
əzmkarlığın himayəsində yollayacam – azadlıq sayəsində olacaq bunlar bəlkə də
Ovcunun xəzinəsi olana
əl aç, sızlar
mən də başqaları kimi,
qorxuram ağalarından
Alaska qurbağalarından hürkən misir qarışıqaları kimi
erkən başım dönür dolana-dolana
Divardan-divara gedişləri uzatsan,
xəyallarından qorxacaq ən cəsur xəyalət də
Kralı cəlladın baltasıyla seçilən əyalətdə
Ölümünü seçməkdə azadsan
Ola bilsin,
suyum fəvvarə dövrəsində kəsilsin
Yanan yaddaşımadakı tellərimdən huş düzəldib
Ölümə piyada qaçdım,
tüpürdüm şərq olimpiyadasına
Başımdakı şansı yoxlayıb;
Təyyarə kölgəsində əllərimdən quş düzəldib
uçdum kimsəsizlər adasına
Götür məni,
yəni hələ də səbr, dostum?
İlahi-aman!
Yenə də bir dostum
Boynunu zaman kəndiriylə düyünləyib
İntihara cəhd edib, azı 10 dəfə
Əllərinin cəsarətini,
ayaqlarının qorxusu alqışlayıb son dəfə
Həqiqət yazılmağı istənilməyən kitablardadı
sənin hirsin yenilməyən inqilablardadı
Dəyişilsin kürsün,
dinc körpənin qətlindən mühüm deyil, namazımın qəzası
Bəxt verdiklərinin kiloları,
qumar masasında çökdürür kazinoları
Güllər dartdırılıb,
əriyən şüşələr çevrilib ota
Musanın dənizində kliniki ölümdən dirilən suitilər üzür
Kaş, başa düşələr
Ölkənin gülünc ədalət cəzası –
Eşafota çıxartdırılıb çəkdirilən üzr videoları
Abırsız təqdimatda şüvənlikdi
həyalıların əfqanı
Lap desək də,
ətraf əhalidən çox, güvənlikdi
Kəsintisiz axdı
İngilis bayrağında Patagoniyalıların qanı
Əncir yarpağında
İncil ayəsi yazıldığını düşünsək də
Doğum günü şamlarını özünə üfürdüb
İçindəki işığı, alqışlarla – qaranlığa yola salırlar
Sönürsən insanlığa,
atası olmayan uşağın anasını daşlarla tanınmaz hala salırlar
Başımı əzdi, addımının başını yardım
Günlərlə axtardığımız manyak
təqibdən bezdi
rəqibdən əlinin kiriylə, ömrünü nəhəng
mərcili boşqabla aldı
Gedişini hesabla, sürürsən?
Mənə dedin, otur yanımda böyü.
Təcili yardım, polis maşını,
dəniz, mayak bir-biriylə həmrəng
Çünki sən göyü tez görürsən
İnancın səkkizinci kadrından,
şübhənin tələsinə qədər döyüşkən məğlub oldu
Son 7 qızılbaşlı
Ki,
hamiləlik mərhələsinə qədər sevişə bilir iki 17 yaşlı
Qabiliyyət, qalibiyyət imtahanından,
Ənəlhəq sahibinin dili cahanından kəsildi
Fələk açıqlamasında
demək istəmirdi, o sağlamdır sadəcə qorxdu
-Onu görmürəm.
-Necə, necə?
Külək görünmürsə, demək ki yoxdu?
Ravilər rəvayətində
sıravilər riayətində yalançı olmaz
Əski əlifbadan oxunmasa tədavilər, Hipokratında məzarının inancı olmaz
Tufanın əks tərəfindən əs ki,
Həqiri
təhqiri irfanın şərəfindən eşitməsin,
getməsin müəllif bada.
Nənəm təzyiq dərmanını
babama təzyiqlərlə aldırırdı
Son beşiyin bələkdəki şirinliyi, yaşı 50-dən yuxarı təzyiqlər qaldırırdı
Bu köhnə ev-eşiyin zülmətində səhərlədi
Babam öldü. Fələk də ki
ilk, ən kiçik nəvəsini zəhərlədi
Çox haqsız,
simurqun pərvazında gəldi,
baharın avazında öskürən zimistanlıq
Cəhalət yük,
ətrafa baxa bildikləri bəbəklər torlu
Yaxa qurtarıb etirafa gəldikləri şahzadə doğuşları
Torpaqsız qəbiristanlıq
Böyük, matorlu quşlar
qorxudub öldürdü bala quşları
Hərəkət üzmə bacarığıdır
Sancı beynindəki siqnaldan az səslə,
həvəslə balığa göstərir bərəkət yosundan
Ayıldım ki üzümə dəyən,
başını təlimatda girəlləyən zabitin çarığıdır
Ən sabitin tüfəngi açıldı,
şizofren ölüm rəngi saçıldı
Sabancı muzeyindəki “grunvaldan” tablosundan
Qırıq səhənglə su daşıyarkən
arxaya çevrilib gördüm ki, keçdiyim məsafədə güllər açıb
Küləklə rabitəmiz pozulmasın deyə,
saçından tellər açıb
O məni sevir,
Mən onu indi də xatırlayacaq qədər
Sahildə liman sevdasına bənd olmaq varkən
Yanımdan qənd oğrusu,
kənd apararkən, solmaq çiçəyin arısızlıq
gerçəyini öyrədər
Artıq qara bazarlar,
mağara bazalar dəstəyində,
insan istəyi ilə oynayır, latayır istəyində
İyrənc təbəssümü
satışına üfunət qatır gənc müştərisiylə
Görünüş təcəssümü aldadıcı,
parıldadıcı illüstrasiyadır
Əfəllərdən acıqlı,
səfillərdən bacarıqlı eufrasiyadır Kozetta
Hətta,
Günah keçisinin dərisiylə
azad alimləri manqurtlaşdırırdı yəhudi
Şah, quldar təlimləri vəzirləri çaşdırırdı
cəhənnəm heçmiş, sönürük yana-yana
Şihudi keçmiş;
Məni bağışla ana,
bilsəydim bu dünyaya görə qarnını təpikləməzdim
Kaş,
əcəl dirəyəydi burnunu yerə
baş çəkmədiyim röyaya gedib ölsəydim.
Dəcəl bəhanəsində
cəngavər sinəsində insafım olardı
Yeddi qardaş ilanla, kirpi təkləməzdim
Məqsədlərin son həddi
bardaş qurub oturub əcəl xəritəsinin
həndəvər çənəsində planla
Lafım olardı
demək istədiyimi körpü-körpü iməkləməzdim
Meşənin ala-toranlığı
yarasanın baş daşıdı – çatında gül ək
Yəqin səsləməsindəndi
ərş – fərş minacatında quru meyvə dadında
Məşəlin qaranlığı; Rəbbin əsnəməsindəndi külək adında
Saçımı dağıdan küçənin
bu qaranlığı ağrıdan gecənin işıqforundan
seyrəlib dənizi içdim balıq torundan
keçdim, faş oldum utandığım cərgədə
Yenə də bir daraq səliqəsi tapmadım,
nəzakətli sandığım süpürgədə