Nə zor adamdı Həvva – Yeni nəfəs: Şeirlər

Loading

 

Nə gözəl itdi bu it,
Sakit və kədərlidi,
Adamı başa düşür

Pişik nə zor pişikdi,
Heç nə vecinə deyil,
İtləri başa düşür.

Adam nə zor adamdı,
Küçəyə yemək qoyur,
Heç birini saxlamır.

***

Bir gün qardaşım öldü,
Anam döydü özünü,
Atam söydü anamı,
Qorxdum,dua elədim.
Allah bir şey demədi,
Atam yıxıldı yatdı.

Anamın səbri daşdı,
Atamı daşa tutdu,
Yenə dua elədim,
Yenə heç nə olmadı,
Getdi anam da yatdı.

Yəqin mən də yatacam,
Ən azından səbəb var…
Dəli deməyəcəklər,
Dərdlidi deyəcəklər.
Mənsə heç birindənəm,
Mənsə heç birindənəm…

Yadıma dostum düşür,
Ən axırıncı dostum.

Adamın əli donur,
Qar dənəciklərindən,
Qar dənəciklərindən.

Bağımıza qar yağır…
(Atam tikən ev uçur)
Anam əkən gül donur,
Yanında oturmuşam…

Və dua eləmirəm,
Və dua eləmirəm,
Eləcə yuxum gəlir

***

Mənmi üşüyürəm?
Otaqmı soyuqdu?
Çaymı soyuyub?

Mahnımı kədərlidi?
Anammı hüzünlüdü?
Atammı kasıb?

Həyatmı rəngsizdi?
Ölməkmi asandı?
Qışmı ümidsiz?

Yaşımmı o deyil?
Qar qızımı soyuqdu?
Yeni ilmi köhnədi?

Uşaqlar oynayırlar,
Pəncərəmdən uzaqda.
Uşaqlar xoşbəxtdilər.

Mənsə fikirləşirəm,
Atamı oyadımmı?
Anama sarılımmı?
Çayımı dəyişimmi?

Fikirlər yalançıdır,
Ümidlər yalançıdır.

Kimsə həyətimizdə qar adamı düzəldib,
Oturub fişəng atır,
Təkliyinə ithafən.
Mənsə fikirləşirəm,
….
….
Mənsə fikirləşirəm,
Şaxta Baba,qar yağır.
Şaxta Baba qar yağır.
Yaxşıdı. Sevinirəm.

***

Nədi bu narahatlıq?!
Niyə üzr istiyir təzə salınan yolun rəngsiz afişaları,
Əbədi narahatlıq,müvəqqəti üzrlər.
Dəyişəcəklər səni.
kim kimdə əbədidi?!
Ən ağır idman növü özündən qaçmaqdımı,özünəmi atlamaq…?
Kimdi əsl müqəvva?!
Mənsə fikirləşirəm Adəmə qalsa idi o hələ də oturub o alma ağacının altında darıxırdı.
Nə zor adamdı Həvva.
Nə gözəl dünyadı bu.
İndi bu gur şəhərin bütün qadağaların içimə basdırmışam,çarmıx çarmıx gedirəm,
Şəhər şəhər gəzirəm…
Ən adi adamları bərk bərk bağrıma basıb…
Ruh verirəm…ruh alıram…
Nə gözəl yaşayırıq,
Nə gözəl narahatıq.
Tanrılar,
Tanrılar axx Tanrılar,sizi biz öldürmədik.
Sizə baş daşı yoxdu.
Ömür tez gedir Allah!
Ömür tez gedir,Allah!
Bunun yavaşı yoxdu?

***

Ameli filmi vardı,
Əzbər bildiyim film…
Hər dəfə xatırlayıb,
Hər fürsətdə oturub,
Dolu dolu baxdığım…
Hövsələm çatmaz indi…
Bir musiqi də vardı,
Klassik sayılmazdı…
Adi, sadə,möhtəşəm…
Təkrar təkrar çevirib,
Hər gün qulaq asdığım…
Çox qəribədi, indi,
Adın sorsaz bilmərəm…
Bir şəkil vardı həm də,
Bütün hesablarımda,
Üzqabığı bir şəkil…
Rastıma çıxsa indi,
Ağız əyib keçərəm…
Yoxdu indi nə film,
Nə mahnı…
Nə də şəkil…
Məni ifadə edən təzə maraqlarım var.
Onları yaşıyıram.
Bunlar da maraqlıdı.
Yəqin müvəqqətidir.
Çarəsizəm neyləyim.
Sübh çağı çox gözəldi.

***

Görünmək istədiyim adamlar hanı?
Harda gizləniblər?
Şəhər balaca,
Gecələr balaca,
Günlər balaca.
Dənizin o tayı nədir görəsən?
Adamlar neyləyir görəsən orda?
Göz yaşım balaca,gözüm balaca,
Dənizə neyləyər göz yaşım mənim?
Yaşamaq balaca,ölüm balaca,
Öləndə adamlar neynir görəsən?!
İndi hara qaçsam səs küydən uzaq,
Otağım balaca,evim balaca…
Həyətim balaca,özüm balaca.
(Ay Allah,ay Allah bu nə arzudu?!)
Ay Allah ömrümü uzun eləmə,
Ay Allah balaca yaşasam bəsdi.

***

Əziz kaktus,bu il gül aç,
Görmək istəyirəm səni.
Əziz Tanrı, gəl dost olaq.
Ürəyimdə sənə aid milyon növ zarafat var.
Eləmək istəyirəm.
Əziz atam, bir gün otağa girim görüm ki yatmamısan.
Söhbət eləmək olmur.
Gözəl babam, deyəsən sənə mən oxşayıram. Öz uşaqların deyil.
Anam,anam, evlənmək hardan ağlına gəlib?
Mən hələ istəmirəm. Bəlkə sonra istədim.
Əziz bacım, bilirəm məni çox istəyirsən.
İşlərin necə gedir?
Necə ana olmusan?
Əziz Zed, ayrılmadıq.
Hər şey üçün çox sağol.
Sənin üçün darıxıram.
Əziz bəbəm, yaxşı ata olardım,ancaq sən hələ yoxsan.
Olanda sevinərəm.
Əziz mən,hələ ölmə.
Yaşamaq işgəncədirmi?deyil əlbəttə. Deyil.
Hələlik və hələlik,
əzizlər,
üzülməyin.

Samir Nə