Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” (Hekayəti-Yusif şahə) əsəri ilə Azərbaycan ədəbiyyatında ilk realist povesti janrının əsasını qoyub. Bildiyimiz kimi əsərin mövzusu və süjeti İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür.
“Partizan” sözügedən əsərdən götürülmüş və bəhrələnilmiş həmin hissəni təqdim edir.
BU İL, ŞƏRİƏTİN QÜVVƏTLƏNMƏSİNDƏN ÖTRÜ, QADAĞAN OLUNMUŞ DİNSİZ ADAMLARIN DƏF OLUNMALARININ ZİKRİ
Bu il baş verən hadisələrdən biri dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin və onun bir neçə müridinin qətl olunmalarıdır. Məsələ müxtəsər şəkildə belə olmuşdur: Dərviş Xosrov Qəzvinin alçaq tinətli Dərb Kuşək məhəllə adamlarındandır. Onun ata-babası quyu qazmaq (çahxuyi) və qəmşiliklə (qəmşi) məşğul idilər. Dərviş Xosrov isə atalarının sənətini tərk edərək qələndərlik və dərvişlik libası geyindi. Uzun müddət səyahətlərdə oldu, nöqtəvilərlə qaynayıb-qarışdı. Öz yoluna can-başla davam etdi və içkiyə aludə oldu. Qəzvinə dönüb bir məscidin kənarında özünə yer tutdu. Yanına bir dəstə dərviş gəlib-gedirdi. Dərviş Xosrov mərifəf* dükanı açaraq, orada qızğın “alver” etməyə başladı. Üləma və möhtəsiblər onun hərəkətlərini inkara başlayıb, məscidə girməsini qadağan etdilər. Dərviş barədə cənnətməkan şaha məlumat verildi, şah onu çağırıb, sorğu- suala çəkdi, islam şəriəti və imamiyyə həqq məzhəbindən o həzrətin yanında bəhs etməyə başladılar, dərviş isə onların sübuta dediklərini inkar etdi. Dərvişdən şəriətə xilaf bir əməl müşahidə olmadığı üçün cənnətməkan şah şəriətə riayət edərək onunla danışmadı, əmr etdi ki, qoy məsciddə yaşamasın və ağlı gödək adamları yanına yığmasın.
Bu vaqiədən sonra Dərviş Xosrov öz qiymətini qaldırmaq məqsədiylə üləmaların yanına gedib-gəlməyə başladı və fiqh elmini öyrənməyə girişdi. Cümə günləri came məscidinə gedərdi və heç kimin onunla işi yox idi. Cənnətməkan şahın vəfatından sonra, evinin yanındakı məscidə köçdü və öz təvəkkül süfrəsini açdı. Aqibətsiz və avara bir dəstə türk-tacik adam onun yanına gəlməyə başladı. Dərviş, əlahəzrətin hümayun cülusuna qədər bir neçə il həmin məsciddə vaxt keçirdi. Onun və yanındakı dərvişlərin [sərf etdikləri] məişət malları maneəsiz onlara çatdırılırdı. Məscid onların yığıncağını dağıtmırdı. Dərviş o məscidin yaxınlığında bir təkyə tikməyə başlayaraq, onun binasını qaldırdı. O məhəllənin camaatı – türk və tacik ona kömək etdilər, olduqca gözəl və yaşıl təkyə və bağça yaradıldı, dərviş oraya köçdü. Onun evində hər gün növbənöv xörəklər bişirilirdi.
Vaxtının çoxunu küçə və məhəllələri seyr edib müxtəlif təbəqələrdən olan əhali ilə tanışlıq edən əlahəzrət hərdənbir dərvişin də yanına gedib onunla söhbət edirdi. O bəzən dərvişin əqidəsini öyrənmək üçün onunla bir söz sahibi kimi məntiqi danışıqlar edir, dərvişanə tərzdə allahşünaslığı onun nəzərində cilvələndirməyə çalışırdı. Dərviş isə şah ilə olduqca ehtiyatla davranır, şəriətin xilafına danışmırdı. Amma, onun təkyəsində bir dəstə dərviş, xüsusiylə Ustad Yusifi Tərkeşdüz (mənası: yəhərtikən) və Dərviş Kiçik Qələndər böyük iddia və yüksək çıxışla Dərviş Xosrovun boş əqidəsini çəkinmədən o həzrətə söyləyirdilər. Onların dinsiz olmaları ali məqamlı şahın xoşuna gəlmirdi. Buna görə də, həmin adamların dəf olmaları və parlaq şəriəl rəsmlərinin icrası şəriətpərvər padşah tərəfindən vacib bilindi. Şah Luristan səfərində olan vaxt Xosrov Dərvişin və yoldaşlarının tutulmaları haqda əmr etdi. Bu işi yerinə yetirməkdən ötrü tacıböyük camaatı göndərildi və onların hamısını zəncirlədilər. Bu il münəccimlər şahı inandırdılar ki, ulduzların və böyük-kiçik səyyarələrin dəlaləti ilə sultanla məxsus olan günəş mənsublarından (mənsubane-afitab) bir şan-şöhrətli adamın edam olunması vacibdir və ehtimal ki, o adam İrandadır. Münəccimlər hümayun şahın tale zicindən məlum etmişdilər ki, onun tale xanəsində iki ulduzun dörd yerə parçalanması (tərbi) baş verəcəkdir çünki şahın tale ulduzu ən aşağı nöqtəyə (həziz) zaval və vəbal nöqtəsinə enmişdir
Bu şərafətli fənn (nücum elmi – Ş.F.) üzrə zaman adamlarının ən üstünü və ulduz ehkamlarının sübuta yetirilməsində başqalarını üstələyən Müvlana Cəlaləddin Məhəmməd Münnəcim Yəzdi belə müəyyən etdi ki, gərək əlahəzrət səyyarələrin böyük təsiri və iki ulduzun dörd yerə parçalanması baş verəcəyi o üç gün müddətində özünü səltənət və padşahlıqdan kənar edib, qətli vacib olan günahkar adamlardan birini padşah qoysun. Həmin üç gündə qoy bütün hərbçilər və rəiyyət həmin şəxsin fərmanına tabe olsunlar, o isə öz padşahlıq işini yerinə yetirsin. Üç gün keçdikdən sonra qətl olunması üçün qoy o günahkar adamı böyük ulduzun nəhs işlər üzrə şəhnəsinə və dövran hadisələrinin cəlladına tapşırsınlar ki.
Bu fikir hamının xoşuna gəldi, püşk (qore) Ustad Yusifi Tərkeşduza düşdü. O, dinsizlikdə bütün yoldaşlarından irəlidə gedirdi. Buna görə də, həmin dinsizlər zümrəsindən adı çəkilən Yusifini orduya gətirdilər, əlahəzrət özünü səltənət və padşahlıqdan kənar etdi və padşahlıq ismini o qan tutmuş adama yazdılar, başına şahlıq tacı qoyub, əyninə gözəl libaslar geydirdilər. Hakimiyyətə gəlişi günü onu qiymətli daş-qaşlarla bəzənmiş yəhər və üzəngili bərdəi bir ata mindirdilər və onun padşah olması elanını başı üstündən asdılar. Bütün əmirlər, saraya yaxın adamlar, xidmətçi məmurlar ləşkər və qoşunlarla gələrək, müəyyən olunmuş şəkildə xidmətində dayanıb onu mənzilinə gətirdilər, hümayun divanxanada atdan düşürüb, yemək-içmək məclisi qurdular. Gecələr əzəmətli qorçilər və müzəffər əskərlər onun keşiyini çəkirdilər. O biçarə də öz əməlinin aqibətini anlayıb, həmin üç günü asudəliklə (fərağət) keçirdi. Bəli:
Misra
Bircə an da hamı şah olsa, qənimətdir ki!
Və əlahəzrət həmin üç gün müddətində özünün iki-üç cilovdarı və xidmətkarı ilə ata süvar olub səltənət işlərinə qətiyyən dəxalət etmədi.
Mövlana Yusifi (Yusif Tərkeşduz – Ş.F.) at sürərkən Mövlana Cəlaləddin Münəccimi görüb demişdi: “Ey həzrət molla, nə üçün mənim qanımın tökülməsini istəyirsən?” Zarayfatcıl adamların biri cənab mövlanaya (Cəlaləddin Münəccimə – Ş.F.) zarafatla belə demişdi: “Padşahlığın əlamətlərindən biri hökmün icra olunmasıdır, amma bu süni padşahdan indiyəcən heç bir hökm sadir olmamışdır. O, sizi öz [gələcək] qətlinin günahkarı bilir. O, öldürülməzdən əvvəl sizin qətlinizə fərman verə bilər. Padşahın əmri yerinə yetirilməzdən əvvəl gərək siz də iki-üç gün tam ehtiyatlı olasınız”. Mövlana sadəlövh adam olduğu üçün bərk iztirab keçirdi və həmin iki – üç gündə çox narahat oldu. Həkim Roknaye-Kaşi bu barədə bir qitə yazmışdı ki, onu burada yeririk:
Beyt
Təkcə sənsən ki, qılıncınla, şəha, islamda
Yusifi tək neçə bidini müsəlman elədin.
Yusifi barədə, həm səltənəti haqqında
İki beyt qitəni yazmağıma imkan elədin.
Hamı yollandı onun səcdəsinə aləmdə
Həmin andan ki, onu sən şəhe-İran elədin.
Deməyib Rəbb ki, edə adəmə şeytan səcdə,
Amma ki, adəmi sən bəndeyi-şeytin elədin.
Həqiqətən də Yusifi olduqca şeytansifət bir adamdı. “Səyatinən nas” (“İnsan şeytanlar”) deyimi (kəlam) ona yaraşırdı və xarici görünüşündən və batinindən şeytanlıq (şeytənət) zahir idi.
Xülasə, üç gündən sonra o, həyatın süni libasından üryan olub, taxt üstündən düşdü, taxta üstündə uzandı. Baş verən bu hadisədən sonra əlahəzrət yenidən hökmranlıq taxtına əyləşdi və surət aləmini görən adamların etiqadı və tədbiri ilə həmin bəla dəf olundu. Amma, məna aləminin tərki-dünya adamlarının (xəlvətgəzinan) və batini aləmlərdən xəbərdar olanların nəzərində elə bir parıltı (celve) göründü ki, belə bəlanın aradan götürülməsi şəhriyarın iqbal köməyi olmadan mümkün ola bilməzdi.
Şer
O şəxsin ki, Tanrı ola yavəri,
Daim onun şölə saçar ülkəri.
Həmişə böyüklük iddiasında olan Dərviş Kiçik Qələndər çoxlu tiryək ataraq, başını xirqəsi ilə örtüb, mühafizəçilərə qorxu içərisində belə demişdi: “Getdik ki, başqa bir vaxt gələk”.
Misra
Getdi, getdi, getdi, getdi hər gedən.
[Əlahəzrət] Luristan səfərindən qayıtdıqdan sonra cənab Dərviş Xosrovu hüzuruna çağırdı, üləmaları topladı, onun haqqında məlumat toplamağa başladılar. Dərvişin təkyəsində şərab küpləri tapıldı. Məlum oldu ki, o, çox şərab içdiyi üçün şəriət qaydalarına etiqad etmir. [Həmçinin] onun nöqtəvi olması şahın mübarək batini məhkəməsində sübuta yetdi, o, işıqlı (ğorra) şəriətin rəvacı üçün dərvişin qətl olunması üçün hökm verdi: Onu dəvənin boynundan (cehaz) asıb Qəzvin şəhərinin bütün yerlərində dolandırdılar.
Mənbə:
İskəndər bəy Münşi Türkman. “Dünyanı bəzəyən Abbasın tarixi”, II kitab. Bakı, “Şərq-Qərb” nəşriyyat evi, 2010, 801-805-ci səhifələr. Tərcümə tarix elmləri doktoru, professor Şahin Fərzəliyevə (Şahin Fazil) məxsusdur