“Partizan” Azərbaycanda SSRİ qurulduqdan sonra sürgün olunan, əksəriyyəti faciəvi şəkildə dünyadan köçən, itkin düşən Rəsulzadə ailəsinin üzvləri haqqında dəhşətli faktları təqdim edir.
Ümmülbanu – Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.
1888-ci ildə doğulub. 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. 1937-ci ildə doğmaca həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmaları bəhanə gətirilərək Qazaxıstana sürgün olunub. Oğlunun ölümü və ailəsinin dəhşətli taleyinə dözmədiyindən 1940-cı ildə ürəyi dayanıb.
Lətifə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı.
1910-cu ildə Bakıda doğulub. 1941-ci ildə iki qız uşağı ilə birgə Qazaxıstana sürgün edilib. Üzərində xalq düşməni damğası olduğu üçün burada ona heç kəs kömək etməyib. Nəticədə şaxtalı yanvar günlərinin birində 32 iki yaşlı Lətifə yataqda 9 yaşlı qızı ilə birgə soyuqdan donaraq ölüb. Məhəmməd Əmin Rəsulzadənin qızı olduğu üçün 7 gün kimsə meyitlərə yaxın düşməyib. Sonda uzaq Qazaxıstan çöllərində iki qəbir qazılaraq qərib meyitlər torpağa tapşılıb.
Xalidə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı
1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulan, 21 yaşında anası və qardaşı ilə birgə Qazaxıstana sürgün olunan Xalidə müharibənin qızğın vaxtında sənədsiz-filansız Azərbaycana qayıtmağı bacarır. Daha sonra Neftçalaya yola düşdüyü güman edilir. Lakin bu gümandan sonra onun haqqında zərrə qədər də məlumat yoxdur. Sanki, Xalidə Rəsulzadə adlı bir insan bu ölkəyə gəlməyib…
Rəsul Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu
Daha bir nakam Rəsulzadə. Özündən sonraya bir fotoşəkil və bir neçə cümləlik bioqrafiya saxlayan Rəsul Rəsulzadə. Azərbaycan Cümhuriyyətinin yarandığı ildə doğulmuşdu, bibisi qızı Kübranı sevirdi, 19 yaşında ikən dostu ilə dəniz sahilinə gedərkən saxlanılır, 3 gün sonra qeyd şərtsiz güllələnir. Məzarı bəlli deyil.
Azər Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu.
Azərbaycan cümhuriyyətinin süqut etdiyi ildə, 1920-ci ildə Bakıda doğulub.
Məhəmməd Əmin Rəsulzadə oğlunun adını öncə Əliheydər qoyur. Son dəfə Azərbaycandan ayrıldığı zaman oğlunun adını dəyişərək Azər qoyur. Sanki adı taleyini yazır, atası kimi o da demək olar ki, Azərbaycana həsrət qalır. Sürgündən sonra vətəndə uyumaq da Rəsulzadələr arasında ilk olaraq ona qismət olur. 56 ildən sonra Azər Azərbaycana qovuşur. Novxanıda baba yurdunda dəfn olunur.
Ramiz Rəsulzadə. Azər Rəsulzadənin oğlu.
1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur. Repressiyadan vətənə, Naxçıvana, xalası və əzizlərinin yanına dönür. Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə qan sızaraq dünyadan köçür.
Maral xanım. Məhəmməd Əmin Rəsulzadənin analığı
Ailə “sovetin 1 nömrəli düşməni ilə əlaqədə olduğuna görə” bəhanəsi ilə sürgünə göndərilir. Məhəmməd Əmin Rəsulzadənin analığı Maral xanım müsəlman olduğundan yolda yemək yemir. Öz təbiri ilə desək, “Kafirlərin yeməyindən iyrəndiyindən” gününü yalnız qəndi suya batırıb dadmaqla keçirir. Sonra ilk düşərgədə özləri yemək bişirirlər. Bu zaman qadın uzun müddətdən sonra ilk dəfə yemək yeyəndə orqanizmində ciddi problem yaranır. Beləcə Maral xanım orda dünyasını dəyişir”. Maral xanmı yolda dəfn edirlər.
Rais Rəsulzadə – Azər Rəsulzadənin oğlu
Rəsulzadə ailəsinin sağ qalan üzvləri Karaqandaya çatır. Azər Rəsulzadənin oğlu Rais Rəsulzadə burada dünyaya gəlir. 1965-ci ildə Karakandada orta məktəbi bitirir. Məktəbdə oxuya-oxuya paralel olaraq Ümumittifaq İncəsənət Universitetində də qiyabi təhsil alır. Bu zaman Rəis Rəsulzadənin Alma-Atıda, Moskvada, Daşkənddə Universitetə girmək imkanları var idi. Amma onun prinsipi başqa olur, Rais Rəsulzadə 1965-ci ildə baba yurdu olan Azərbaycana gəlir. Burada Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra Bakıda yataqxanada otaq tapan Rəis 4 illik təhsilini başa vurub hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra da Rais atasının yanına, Karaqandaya deyil, vətəninə, Bakıya qayıdır. Bakıda onlara məxsus 3 ev olmasına rəğmən öz doğma yurdunda uzun illər zirzəmidə yaşamalı olur.
Beləcə Rəis 1971-ci ilin soyuq dekabr günündə bir zamanlar babasının rəhbər olduğu ölkənin soyuq zirzəmilərində özünə ev tapır. Rais Rəsulzadə 1978-ci ildə keçmiş SSRİ və Azərbaycan rəssamlar ittifaqlarına üzv qəbul olunur və həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim təyin edilir.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002), Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədridir. (2009)
Rəis Rəsulzadənin Humay adlı bir qızı var. Moskva Texniki Universitetini bitirib. Hazırda Moskvada yaşayır. Rəis Rəsulzadə peşəkar rəssam, pedaqoqdur – həm də möhtəşəm bir şəcərənin kişi qolu üzrə sonuncu nümayəndəsidir!
PS. Məqalədə Rais Rəsulzadənin fikirlərindən və N.Bağırzadənin “Uzaqdakı yaxınlar” kitabındakı faktlardan istifadə olunub.