Sənsizlik fani qalmaqdır – Əlibaladan yeni şeirlər

Loading

“Partizan” Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

Sənsizlik fani qalmaqdır

– Ötən günlərdə
(tabaqlarda üzüm vardı qarşında)
Sənə getdiyin yolun düz olduğunu söylədim
Bir səadət sənin üçün – müqəddəs yüklü cümlələr dilimdən sənin üçün qopdu.
Zəkanı gördüm
(Allahın yardımıyla)
parlayan işığını
axıcı nitqini
bilgili sözlərini..
(istədim ki, biləsən səninlə fəxr etdiyimi, fəxrə layiq olduğunu.)

Sevdiyin qadın əlləriylə saçını tumarladı və üzünə baxdı
dedi:
bədənindən başqa bir bədən mənəviyyatındır,
sənin hər iki bədənin üçündür ehtirasım..

(Sənə deyirəm – iki bədənə sahibdir, məhz o özü də.)

Sənə….xoşbəxt olduğunu deyirəm lakin
gövdən qopmuş, köhnə qabığlardan yaranıb
sanki – ruhun bədənindən, bədəninsə ruhundan uzaqlaşıb
Və qüssəyə bəxş edilib onların
ayrılıq yeri…

(Ey gənc)
Ustad və qadın sevgisi niyə bəs etmir varlığına
niyə qırmızı nar tək içində saflaşmır xoşbəxtlik?

– Ustad – sən və qadın
və mənim bədənim
(və mənim gəncliyim)
diri ehtirasım və məhəbbətim – elə bil ki, cibinizdən bir bıçaq çıxarırsınız
və almanı kəsmək istəyirsiniz mənim üçün
lakin – ikiyə ayırmağa az qalmış onu
qollarınız tutulur və dad ruhuma yetişmir.
(Niyyətinizin dadı)
Köməksiz ruhum
təmiz havadan zəhərlənir
günəşdən iri yanıq götürür dərim
Allahın güvələri didib – dağıtdı müqaviləni
Şeytanın güvələri parça – parça edir ruhumu..
(İşığımı parçalayır.)

Dilimlənmiş meyvələr şirənin içində
(sizin xoş sözləriniz)
bulanma yaradır ruhumda
duaların sahibi
məndən kəsdiyi mərhəmətin
sizdən gələn bərpasına
gülür hey
dayanmadan….

Hərəkətlər hər biri – ruhumu məhvə aparır…

Faydasız cəhdlər hələ də yormadımı sizi,
Ustad,
Allahsız cəhdlərin boş içi tökülmədimi….

Artıq inanmaq vaxtıdır hər şeyin bitməsinə
Köməksiz ruhun içində yaşam
su kimi tez tükənir…

Bağlanış

Pavel yəqin ki, məktublarını bu vaxtlarda bitirirdi,
qaranlıq təzə düşəndə,
nəfəslər nəm çəkəndə,
qızılı şamdanların yanına qırmızı alma qoyulanda,
onları uşaqlar yeyəndə
qürub vaxtı….

Ördəklərin ağzına balıqları tullayıram
və palçığı bənövşəyi rəngdə xəyal edirəm…

Yerə düşən budağı nə qədər çox qırsan da
halına təəssüf etməz – çünki artıq çoxdan səadəti qeyb olub.

Onunla eyni vaxtda yaşasaydım
gecələr –
məktubları bitirib yuxuya gedəndə
otağında peyda olardım
və kənardan
həmin yazılara baxardım.

Amma çölə çıxanda ruhum yenə key qalardı – qatı, təmiz balın
içindəki qırıntı kimi…

Və ölməyi düşünərdim.

İndi

Balıqları ördəklərin ağzına tullayıram
və bir qalxanla dəf edirəm
Pavelin məktublarını…

Tanrıya gedən yollarımı küskünlüklə puç edirəm…

Bədənin bəxşişi

Zövqün içində sakitləşmək istəyən bədən
ömrü çirkaba bürüdü.
(İndi yaxşı dərk edirsən, Paveli)
Bədən ruhun ucalıq arzusunu boğub aşağı çəkdi.
Bədən zövqü, Tanrısa həqiqi sevgini tələb etdi.
Bədənin zövqə bulaşmış ayaqlarının
palçığı ruhun üzərinə yapışdı.
Tanrı orta yolu uçurdu…

Düşüncə duya bilmədi
fəvvarə suyu kimi – sərin, əsl sevgini.
Düşüncənin qollarında şəhvət yağı,
Düşüncənin divarları zövqün çirkabında..
(Bal və nəcis rəngi eyni imiş – Tanrı yox olanda ortadan).

İndi otur və sakitcə mürəbbə qabına bax
onun qapağı üstündəki sarıqlı bıçağa həm də,
xarab yemək sobasına
köhnəlmiş firma adına,
Müqəddəs Kitabın üzərindəki Xristian Cəmiyyəti yazılarına,
(“Gideon qardaşları. Satışı qadağandır və pulsuz paylanılır.”)əyləş – və hiss et, çata bilmədiyin yerləri…

(Tanrı iyrənir, ruhundakı boyalardan
“Rabbuni!” – yox,
əllərini çəkdi və getdi.)

Nə yaxşı ki, sübh çağlarında görmürlər səni
otlara yalvarmaq istəyəndə
bədənin məzlum sümüklərin birliyinə dönəndə
demək istəyəndə – “lütfən ətirli reyhanı götür və beynimin ortasına qoy.”
Məbud etmək istəyəndə – Tanrıya bənzəyən hər şeyi…
Ruhun heç vaxt bədənini əfv etməyəcək…

Qorxunc

Ürəyimə minən vahimə
iri meymun kimi otağın bir küncündə büdrətdi məni.
Dodağımın üstünə toxunan üzüm budağı
qorxunc bir barmaq kimi ruhumu diksindirdi..
(Bir parça qara çörəyi zorla ağzıma atdım ki, boynumdakı dəmiri daşımağa gücüm yetsin.)
Danyal vəd etmişdi.
Mən – Allah üçün danışan dodağımın
günah naminə tədricən solduğunu gördüm..
(Riyakarlıq – Qırmızı çilli ərik.)

Güzgü önünə keçdim.
Ağ dərimin çəhrayı çaları
tüklərimi biz – biz etdi.
“Rəbbim” deyə qışqırdım –
içimdə
qadın paltarlı təlxəyin cavabını duydum..
(Kabus gördüm bu gecə – köhnə masanın üstündə
xırda siçovullar üçün
iri – iri meyvə doğrayırdım.)

Kabus gördüm – dodağımı sıxırdım
(Allah üçün danışan dodağımı)
Üzümü sıxırdım
(Allah üçün qaralan üzümü)
Qulağımı sıxırdım
(Allah üçün kar olan qulağımı)
Və onlardan çıxan iyrənc şirəni başıma çəkib içirdim..

Kitabı öpdüm və yuxarıya qoydum.
Əllərimi ilıq suda yaxaladım…
Yalvardım, dua etdim..

(Öləcəm, ustad!)

Çaxırla dolu çəlləyin içində
Allahın üzünü unudaraq
puç olmağa tələsəcəm.