“Partizan” böyük rus yazıçısı F.M. Dostoyevskinin sonuncu əsəri olan “Karamazov qardaşları” romanından bir parça təqdim edir.
Üfunət
Vəfat etmiş iyerosximonax Zosima atanın cənazəsini qəbul olunmuş qaydada dəfnə hazırladılar. Məlum olduğu kimi, vəfat etmiş rahiblərin meyitini yumurlar.
“Rahiblərdən kimsə Allah dərgahına qovuşarkən bu məqsədlə təyin olunmuş rahib onun bədənini isti su ilə silir, buna qədər isə canını tapşırmış insanın alnına, barmaqlarına, əllərinə, ayaqlarına və dizlərinə – bədəninin hər yerinə xaç çəkir”. Bu dəfə bu işlərin hamısını Paisi ata özü gördü.
Bədənini sildikdən sonra ona rahib paltarını geyindirdi və mantiyaya bürüdü; qaydalara uyğun olaraq onu xaçşəkilli formada dolamaq üçün bir neçə yerdən kəsdi. Səkkizkünclü rahib papağını başına qoydu. Papaq açıq saxlanılmışdı, ölünün sifətinə qara örtük atılmışdı. Onun əlinə Xilaskarın ikonasını qoymuşdular.
Bütün bunlardan sonra, səhərə yaxın, meyiti əvvəlcədən hazırlanmış tabuta qoydular. Tabutu bütün gün ərzində hücrədə (mərhumun kilsə əhlini və camaatı qəbul elədiyi birinci böyük otaq nəzərdə tutulur) saxlamaq qərarına gəldilər. Mərhum iyerosximonax rütbəsində olduğu üçün iyeromonaxlar və iyerodiakonlar Zəburu yox, İncili oxumalı idilər.
Cənazə duasından sonra İosif ata oxumağa başladı; bütün gün və gecə ərzində baş keşişlə birgə İncili oxumaq arzusunda olan Paisi ata isə hələ ki məşğul idi və qayğılı görünürdü, çünki həm monastır əhli, həm də dəstə-dəstə bura üz tutmuş camaat arasında hansısa görünməmiş bir həyəcan və hövsələsiz intizar özünü büruzə verməkdə idi.
Həm baş keşiş, həm də Paisi ata boş-boşuna təlaş keçirənləri sakitləşdirmək üçün bütün imkanlardan istifadə etməyə çalışırdılar. Artıq hava işıqlaşanda şəfa tapma ümidi ilə öz xəstələrini, xüsusən də uşaqları, yanlarına almış bəzi insanlar, bu dəqiqələri çoxdan gözləyirlərmiş kimi, şəhərdən monastıra doğru üz tutmuşdular.
Elə buradaca aydın oldu ki, abid hələ sağ ikən onun müqəddəs şəxs olduğuna xalq arasında çox böyük inam varmış. Bura təşrif buyuranlar təkcə qara camaatdan ibarət deyildilər. İnam gətirənlərin bu intizarını Paisi ata əvvəlcədən fərz etsə də, bu dərəcədə coşqunluq və dözümsüzlüyü gözləmədiyindən onların hərəkətlərini günaha batma kimi qiymətləndirirdi. Təlaşa düşmüş rahiblərlə görü – şərkən Paisi ata onlara aşağıdakıları söyləməyə başladı:
“Hansısa görünməmiş bir hadisənin baş verəcəyi ümidi ilə yaşamaq kilsə əhli olmayanların ağlına batan fikirdir, bizim üçünsə bu məqbul olunası iş deyil”. Amma ona qulaq verən yox idi. Paisi atanın bu cür dözülməz ümidlərdən heyrətə gəlməsinə və bu fikirlərdə yüngüllük və şaşqınlıq görməsinə rəğmən, hətta özü də narahatçılıq keçirirdi (əgər hər şeyə reallıqla yanaşsaq), özü də mahiyyətinə varmadan, elə həmən kütlə kimi, nəyinsə baş verəcəyi intizarındaydı. Buna baxmayaraq, qabaqcadan duya bildiyi və onda böyük şübhələr doğuran belə yad halları heç xoşlamırdı.
Hücrə ətrafındakı bu basabasda iki nəfərin gözə dəyməsi onda olduqca böyük narahatçılıq doğurdu (amma elə buradaca buna görə özünü qınadı): bunlardan biri Rakitin, о birisi isə hələ də monastırı tərk etməmiş uzaq qonaq – obdoriyalı rahib idi; Paisi ata birdən nədənsə onların hər ikisindən şübhələndi – hərçənd bu mənada çoxları şübhəli görünə bilərdilər.
Obdoriyalı rahib hamıdan həyəcanlı görünürdü, о, hər yerdə, hər nöqtədə gözə dəyirdi: hər addımda camaatı sorğu-suala tutur, deyilənlərə qulaq verir, hər yerdə sirli bir görkəmlə nə isə pıçıldayırdı.
İntizarında olduğu hadisənin baş verəcəyinin belə uzun çəkməsi onu əsəbləşdirirdi, sifətindən səbirsizlik yağırdı. Rakitinə gəlincə, sonradan məlum oldu ki, о, xanım Xoxlakovanın xüsusi tapşırığı ilə səhərin gözü açılmamışdan hücrənin qapısını kəsdirib.
Bu xeyirxah, lakin xaraktersiz qadın hücrəyə buraxılmaq imkanından məhrum olduğu üçün səhər yuxudan ayılıb dünyasını dəyişmiş abid haqda eşidəntək dərhal öz əvəzində Rakitini hücrəyə səfərbər etmiş oldu ki, o, burada baş verə biləcək hər hansı bir hadisə barəsində təxminən hər yarımsaatdan bir onu yazılı şəkildə məlumatlandırsın.
Xanım Xoxlakova Rakitini ən mömin bir gənc kimi tanıyırdı – kimdənsə zərrə qədər də olsa xeyir tapmaq imkanını duyduğu halda, bu gənc həmən şəxsin arzusuna müqabil özünü çox hörmətcil və iltifatlı aparmağı əla bacarırdı. Hava aydın və işıqlı idi, bura axışıb gələn dindarların çoxu hücrə və onun ətrafına səpələnmiş qəbirlərin yanına toplaşmışdılar. Hücrəni gəzərkən Paisi ata gözlənilmədən Alyoşanı yadına saldı və xatırladı ki, gecədən bəri bir dəfə də onu görməyib. Onu yadına salan kimi, Alyoşa hücrənin ən uzaq küncündə, çəpərin yanında – qədim zamanlarda öz şücaətləri ilə parlamış məşhur bir rahibin qəbir daşının üstündə oturmuş halda gözünə sataşdı.
O, arxası hücrəyə, üzü çəpərə tərəf əyləşmişdi, sanki qəbir daşının dalında gizlənməyə çalışırdı. Yaxına gələn Paisi ata onu əlləri ilə sifətini örtmüş vəziyyətdə, cınqırını çıxartmadan yana-yana ağlayan gördü; hıçqırtıdan bütün bədəni tir-tir əsirdi. Paisi ata onun başı üzərində bir neçə dəqiqə dayandı.
– Kifayət edər, əziz oğul, kifayətdir, – deyə, o, nəhayət ki, həssaslıqla tələffüz etdi, – nə olub sənə? Ağlamaq əvəzinə sevin. Yoxsa anlamırsan ki, bu gün onunçun ən əzəmətli günlərdən biridir? Heç olmasa, bu dəqiqə onun harada olduğunu yadına sal!
Balaca uşaq kimi ağlamaqdan gözləri qızarmış Alyoşa ona baxmaq istədi, lakin dərhal da bir söz belə söyləmədən geriyə çevrildi və hər iki əli ilə sifətini tutdu.
– Qoy belə olsun, ağla, İsa özü sənə bu göz yaşlarını göndərib, – deyə Paisi ata fikirli halda söylədi. “Sənin bu gözəl göz yaşların könül rahatlığından özgə bir şey deyil və qəlbinin sevincinə xidmət edir”, – Alyoşadan aralanmaqda olan Paisi ata onun haqqında düşünə-düşünə dilinə gətirdi.
Yeri gəlmişkən, özünü də ağlamaq tutmasın deyə, o, cəld Alyoşadan ayrıldı. Vaxtsa ötür, mərhumun xatirəsi ilə bağlı dualar və yas mərasimi davam edirdi. Paisi ata qəbrin yanında durmuş İosif atanı yenidən əvəz etdi və yenidən İncilin oxunuşunu davam etdirdi. Əvvəlki kitabın sonunda xatırladığım kimi, günortadan üç saat keçməmiş heç kəsin gözləmədiyi və işin ümumi axarına zidd olan qəribə bir hadisə baş verdi, təkrar edirəm ki, həmin hadisə ilə bağlı bu qarmaqarışıq hekayət bu gün də şəhərimizdə və onun hüdudlarından kənarda hafizələrdən silinmir.
Özümdən bir şeyi də əlavə edim: həmin о qarmaqarışıq və aldadıcı, həqiqətən, mənasız görünən və baş verməsində heç bir qeyri-adilik duyulmayan hadisəni xatırlayanda pəjmürdə oluram, əgər о, hekayəmin baş qəhrəmanı Alyoşaya bu cür güclü təsir göstərib, onun qəlbində ciddi dönüş yaratmasaydı və onun idrakım sonadək formalaşdırıb, onu bütün ömrü boyu məlum məqsədə yönəltmiş olmasaydı, bu söhbət zamanı həmin hadisənin üzərindən ötə də bilərdim.
Beləliklə, hekayətimizə keçək.
Hələ işıqlanmamışdan artıq abidin dəfnə hazırlanmış bədənini tabuta qoydular və əvvəllər qəbul otağı olmuş birinci otağa gətirdilər; bu zaman tabutun ətrafında dayanmış adamlar arasında aşağıdakı sual ortaya çıxdı: otaqdakı pəncərələri açmağa ehtiyac varmı?
Ötəri verilən bu sual cavabsız və eşidilməz qaldı – burada iştirak edənlərdən bəziləri, ola bilsin ki, onu eşitdilər, amma belə bir mərhumun bədəninin çürüməsini və onun üfunət saçmasını gözləmək əsl anlaşılmazlıqdan savayı (gülünclük deyilsə) bir şey olmadığından, bu sualı dilə gətirənin özünün etiqadsızlığı və düşüldüyü təəssüf doğurmuşdu. Budur, günortadan azca keçməmiş dinməzcə hücrəyə daxil olanlar kiməsə öz fikirlərini xəbər verməkdən qorxa-qorxa buranı tərk edirlər, lakin bu nə isə saat üçə yaxın bir göz qırpımında bu qədər aydın və danılmaz tərzdə bütün hücrəni, dindarları, monastırı və monastır əhlini, ən nəhayət, bütün şəhəri – Allaha inananları və inanmayanları böyük bir intizara gətirdi və həyəcanlandırdı.
Etiqadsız insanlar sevinirdilər, Allaha pənah gətirənlər içərisində etiqadsızlardan da betərləri tapıldı, mərhum abidin nəsihətlərindən birində deyildiyi kimi, mömin bəndələrin məhvi və rüsvayçılığı insanları sevindirir. İş ondadır ki, vaxt keçdikcə tabutdan gələn üfunət yavaş-yavaş artırdı, günorta, saat üçdən sonra isə açıqca hiss olunmağa və güclənməyə başlamışdı.
Monastırımızın keçmiş tarixi boyu, о cümlədən rahiblər arasında, indi baş verən hala bənzər biabırçı günaha yol verilməmişdi. Üstündən uzun illər ötüşdükdən sonra bəzi müdrik rahiblərimiz həmən о günü bütün təfərrüatları ilə xatırladıqca, belə bir günaha necə batdıqlarını təəccüb və dəhşət içində dilə gətirirdilər. Kifayət qədər mömin rahiblərimiz, ədalətli və Allah xofundan qorxan abidlərimiz əvvəllər də hamının gözü qarşısında bu dünyadan köçüb gediblər, bütün ölülərdə olduğu kimi, onların da meyitləri qoyulmuş tabutlardan xoşagəlməz qoxu gəlib, bu isə heç bir günaha və həyəcana səbəb olmayıb.
Əlbəttə, lap qədim zamanlarda dünyasını dəyişmiş bəzi rahiblər barəsində rəvayətlərə görə, onların cənazəsində heç bir çürümə olmayıb, bu möcüzəli və əzəmətli təntənə Allahın iradəsi ilə baş verdiyindən həmin müqəddəslərin qəbirləri gələcəkdə ziyarət yerinə çevriləcəkdir. Haqqında bu cür xatirələr dolaşanlardan biri də yüz beş yaşadək ömür sürmüş məşhur pəhrizkar və qaradinməz abid Yusif olmuşdur ki, о da hələ əsrimizin birinci onilliyində dünyasını dəyişmişdir; ilk dəfə monastıra ayaq basan möminlərə onun qəbrini böyük ehtiramla göstərir və bu zaman hansısa böyük ümidlər üstüörtülü şəkildə yada salınırdı. (Paisi ata səhər tezdən Alyoşanı məhz həmin qəbrin yanında görmüşdü). Əski zamanlarda həyatdan getmiş bu abiddən savayı, onunla müqayisədə yaxın keçmişdə haqq dünyasına qovuşmuş böyük iyerosximonax-ata, abid Varsonofi haqda da eyni xatirələr yaşanır; Zosima atanın sələfi olmuş bu müqəddəs şəxsi monastıra gələn möminlər hələ sağlığında ikən əsl qələndər kimi tanıyırdılar.
Onlar barəsində dolaşan rəvayətlərə görə, bu müqəddəslərin hər ikisi sanki diriykən tabuta uzadılmış və cüzi qədər də çürüməmiş vəziyyətdə dəfn olunmuşdular, tabutda da çöhrələrindən nur saçırdı. Hətta bəziləri onların bədənlərindən açıq-aşkar ətir saçıldığını təkidlə vurğulayırdılar. Amma bu cür əhəmiyyətli xatirələrə rəğmən, abid Zosimanın tabutu önündə belə xoşagəlməz və ağlabatmaz halın baş verməsinin səbəbini arayıb axtarmaq da müşkül məsələ idi.
Mənə gəlincə, eyni zamanda bir-biri ilə çulğalanmış müxtəlif səbəblərdi bu vəziyyəti törədən. Belə hallardan biri – ziyanlı yenilik sayılan abidliyə qarşı kök salmış barışmazlığı qeyd etmək olar ki, bu da hələ də monastır rahiblərinin çoxunun beynində silinməz qalırdı. Əlbəttə, dünyasını dəyişmiş abidin hələ diriykən qazandığı müqəddəsliyinə yönəlmiş həsədin də rolu az deyildi, bunasa etirazın özü, elə bil, qadağan edilmişdi.
Mərhum abid möcüzələrindən çox öz sevgisi ilə çoxlarının mehrini qazanmış olsa və daim onu sevən saysız-hesabsız insanlarla əhatə olunsa belə, buna rəğmən, eyni zamanda paxıl adamların, bundan da betər, monastırda və hətta şəhərdə açıqca və gizlicə ona qarşı barışmaz mövqedə duran insanların meydana çıxmasına rəvac vermişdi. Heç kəsə ziyanı keçməmişdi, amma belə bir sual verənlər də tapılırdı:
“Nə üçün onu bu qədər müqəddəs hesab etsinlər?”
Məhz bu sual təkrar-təkrar səsləndikcə, nəhayətdə söndürülməz bir acıq dəryası yaratdı. Elə düşünürəm ki, ölümündən bir gün keçməmiş abidin bədənindən belə xoşagəlməz qoxunun gəlməsi onların hədsiz sevincinə səbəb olmuşdu; bununla yanaşı, abidə sadiq olan və ona sarsılmaz məhəbbət və hörmət bəsləyənlər də tapıldı ki, onlar da bu halı şəxsən özlərinin təhqir edilməsi və incidilməsi kimi qiymətləndirdilər. İşlərsə aşağıdakı axarla getməkdə idi.
Çürümə üzə çıxmağa başlayan andan hücrəyə ayaq basan rahiblərin hansı məqsədlə bura gəldiklərini üzlərindən oxumaq olurdu. İçəri daxil olur, azca dayanır və bayırda intizarla gözləyən kütlə üçün xəbəri təsdiqləməyə çıxırdılar. Bəziləri bu xəbərdən pəjmürdə olub başlarını yelləyir, başqalarısa acıqlı baxışlarındakı məmnunluğu izhar etməkdən də çəkinmirdilər. Və artıq heç kəs onları qınamırdı, heç kəs dilinə xeyirxah bir söz gətirmirdi ki, bu da, doğrusu, təəccüb doğururdu, axı, hər halda, monastırda mərhum abidə sadiq olan insanların sayı daha çox idi; belə çıxır ki, azlığın müvəqqəti zəfər çalması Allah tərəfindən buyurulmuşdu.
Bu niyyətlə içəri keçənlər arasında tezliklə şəhər əhalisinin nümayəndələri də göründü; onların əksəriyyəti savadlı insanlar idilər. Qara camaatdan içəri daxil olanlar tək-tük nəfərdilər, hərçənd böyük əksəriyyət hücrə qapısının ağzında toplaşmışdı. Saat üçdən sonra daha çox kənar şəxslərin bura axını həmən о günahgətirici xəbərin ildırım sürətilə yayılmasının nəticəsiydi. Bu gün bura gəlməyi planlaşdırmayanlar və heç bunun arzusunda olmayanlar da qəsdən gəlib çıxmışdılar, aralarında bəzi mənsəb sahibləri də gözə dəyirdi.
Yeri gəlmişkən, zahirən hələ də ehtiram gözlənilirdi və Paisi ata bu qeyri-adi halı çoxdan seyr eləsə də, ciddi görkəmlə tələsmədən İncili ucadan oxumaqda davam edirdi. Budur, əvvəlcə astadan səslənən, sonrasa tədricən əminliklə ucalan səslər eşidilməyə başladı.
“Bilmək gərəkdir ki, Allahın mühakiməsi insan mühakiməsi ilə ölçüyə gəlməz”, – nidası birdən Paisi atanın qulağına çatdı.
Bunu hamıdan əvvəl dilinə gətirən bir şəhər məmuru – haqqında bəlli məlumatlara görə, yaşlı və olduqca dindar insan – çoxdan rahiblərin bir-birinin qulağına pıçıldadıqlarını ucadan söyləmişdi. Rahiblər ümidsizlik toxumu səpən bu sözü çoxdan açıqlamışdılar, ancaq, təəssüf ki, yersiz təntənə dəqiqəbədəqiqə artmaqdaydı. Tezliklə aradakı ehtiram da itməyə başladı, sanki bu ehtiramı pozmağa hamının hüququ çatırdı.
“Bu, nə üçün baş verməliydi, – deyə rahiblərdən bəziləri, sanki baş verənlərdən təəssüf lənərək, sual edirdilər, – axı cılız, quru və dərisi sümüyünə yapışmış bədəndən nə qoxu?”
– “Deməli, Allah bu işi bilə-bilə buyurub”, – digərlərisə tez- ələsik söylədilər, şübhəsiz, onların fikri hamı tərəfindən dərhal qəbul olundu, çünki hamı bu rəydəydi ki, vəfat etmiş hər kəsin meyiti bir az keçəndən sonra xoşagəlməz qoxu verməlidir, amma bunun belə tezliklə baş verməsi Allahdan başqa heç kəsin iradəsiylə izah oluna bilməzdi.
Gözəgörünməzin özü nəyəsə işarə edirdi. Bu cür mühakimələr insanları lərzəyə salmışdı. Mərhumun sevimlisi olmuş sakittəbiətli iyeromonax kitabxanaçı İosif ata, pis rəydə bulunanların bəzilərinə öz etirazını çatdırmaq istədi ki, mömin bəndələrin bədənlərinin çürüməməsi məsələsi heç də pravoslavlıqda təsdiq olunmuş ehkam deyil, hətta dinin ilk olaraq yayıldığı ölkələrdə də, məsələn, Afonda, çürümüş bədən heç kəsi bu qədər vəlvələyə salmır və bu, Allah mərhəmətinə nail olunmuşlar üçün əsas əlamət sayılmır, başlıca şey sümüklərin rəngidir; torpağa tapşırılandan çox illər sonra hətta çürüyüb ona qarışsa belə, sümüklər mum kimi saralmalıdır, bu, о deməkdir ki, ilahi varlıq onu şöhrətə layiq bilib, yox, əgər sarı deyil, qara rəng alırsa, о halda dəfn olunmuş şəxs Allah mərhəmətindən kənarda qalmış sayılır, bax о qüdrətli torpaq saydığımız Afonda, əzəldən pravoslavhğın saflığına əməl edilən yerdə, belədir”, – deyə İosif ata fikrini tamamladı. Amma bu sözlər adamların ağlına batmadı və hətta rişxəndlə qarşılandı:
“Bunlar hamısı elmdən və yenilikdən özgə bir şey deyil, ona qulaq asmağın heç bir mənası yoxdur”, – rahiblər özlüyündə belə qərar verdilər. “Bizdə əvvəlki kimidir; azmı yeniliklər uydurulur indi, hər şeyi təqlid etməyə lüzum varmı?” – deyə digərləri əlavə etdilər.
“Bizim rahiblər arasında müqəddəsliyə ucaldılmışların sayı heç də onlarınkılardan az deyil. Orada onlar tüfəng altındadırlar və hər şeyi unudublar. Onlar çoxdan əsl pravoslavlıqdan dönüblər, hətta zəngdən də məhrum olunublar”, – söyləyərək, ən gülünc insanlar da söhbətə qoşuldular. İosif ata dərdli- dərdli kənara çəkildi, həm də ki öz sözünə özü də tam əminlik duymadan söyləmişdi fikrini. Pərt halda anladı ki, artıq hansısa xoşagəlməz şeylər baş verməkdədir və hətta itaətsizlik baş qaldırmaqdadır.
İosif atanın dalınca digər mühakiməedici səslər də yavaş-yavaş eşidilməz oldu. Mərhum abidi sevənlər və abidliyin bərqərar olmasını lütfkarlıq və itaətkarlıqla qəbul etmiş insanlar da qəflətən nədənsə çəkindilər, qarşı-qarşıya durub, ürkək baxışlarını bir- birinin sifətinə tuşlamaqla kifayətləndilər. Abidliyin düşmənlərisə, yeniliklə qarşılaşmışlar kimi, məğrurcasına baş qaldırdılar. “Mərhum abid Varsonofıdən iy gəldi nədi, ətir saçırdı, – deyə onlar məkrlə xatırlayırdılar, – lakin о bunu abidliyi hesabına yox, paklığı və möminliyi ilə qazanmışdı”.
Bunun dalıncasa yenicə dünyasını dəyişmiş abidin ünvanına məzəmmət və hətta ittihamlar da gur-gur eşidilməyə başladı: “Düzgün demirdi; təlqin edirdi ki, həyat böyük sevinc, xoşbəxlikdir, göz yaşı içərisində təvazö qılmaqdan ibarət deyil”, – başıboşların bir qisminin də söylədikləri bu idi. “Tanrıya təkəbbürlə inanırdı, cəhənnəm odunun varlığını inkar edirdi”, – о birilərdən də qanmazları söhbətə qoşulurdular.
“Pəhrizə münasibətdə ciddi deyildi, şirniyyat qəbul etməkdən çəkinməz, xanımların ona göndərdiyi albalı mürəbbəsi ilə çay içməyi xoşlayardı. Sximal (xristianlıqda yüksək rahiblik dərəcəsi – tərcüməçidən) qəbul etmiş şəxsə yaraşan şeydimi?” – paxılların digər qrupu da dil boğaza qoymurdu.
“Təkəbbürlü idi, – deyə, ən bədxah adamlar qəddarlıqlarından qalmırdılar, – özünü müqəddəs sayırdı, insanlar onun qarşısında diz çökürdülər, о isə bunu onların ona borcu kimi qəbul edirdi”. – “Tövbəetmə kimi bir sirdən sui-istifadəyə yol verirdi”, – abidliyin ən qatı əlehdarları acıqlı pıçıltılarla əlavə edirdilər və bu adamlar içərisində hətta ağsaqqallardan tutmuş əsil pəhrizkarlara və ibadətkarlara qədər rahiblər də vardı ki, abidin sağlığında ağızlarını belə açmırdılar, dəhşət onda idi ki, indi qəflətən dilə gəlməklə onlar cavanlara və hələ ayaqları yer tutmamış rahiblərə pis təsir göstərirdilər.
Deyilənlərə diqqət kəsilmiş obdorlu qonaq, müqəddəs Silvestr monastırının rahibi, dərindən köks ötürə-ötürə və başını yelləyə-yelləyə: “Yox, görünür, Ferapont ata dünən doğru mühakimə edirmiş”, – öz-özünə söylədi, elə bu andaca Ferapont atanın özü də peyda oldu; sanki məhz bu sarsıntını dərinləşdirmək üçün görünmüşdü.
Əvvəllər də xatırlatmışdım ki, o, arıxanadakı taxta hücrəsini ara-sıra tərk edərdi, hətta kilsəyə də uzun müddət ayaq basmazdı; hamı üçün qaydaya çevrilmiş bu şeyləri özünü qələndar kimi aparan bu rahibə güzəştə gedirdilər. Amma doğrusunu desək, ona olunan bu güzəşt hansısa ehtiyacdan irəli gəlirdi. Axı gecə və gündüzünü Allaha ibadətdə keçirən belə bir pəhrizkarı və dinməzi (hətta dizləri üstə dayandığı vəziyyətdə onu yuxu aparardi) öz iradəsinə zidd olaraq ümumi qaydalara əməl etməyə təhkidlə məcbur etmək bir az da eyib görünərdi.
“O, bizim hamımızdan müqəddəsdir, nizamnamədəkindən də mürəkkəb qaydalara əməl edir, – bu halda rahiblər dilə gələ bilərdilər, – nə olsun ki, kilsəyə getmir, deməli, haçan ora getməyin vacibliyini özü yaxşı bilir, onun öz nizamnaməsi var”.
Bax elə bu səbəbdən də narazılıq yaranmasın deyə, Feropont atanı rahat buraxardılar. Ferapont atanın abid Zosimaya elə də böyük rəğbət bəsləməməsi hamıya çoxdan yaxşı məlumdu; və budur qəfildən onun yaşadığı hücrəyə belə bir xəbər yetişdi ki, bu, “insanlar tərəfindən qurulmuş mühakimə yox, ilahidən gələn xəbərdarlıqdır”. Ona bu xəbəri birinci çatdıran şəxsin obdorlu qonağın olduğunu zənn etmək yerinə düşərdi, çünki dünən ona baş çəkən və başılovlu tərzdə buradan aralanan о olmuşdu. Bir şey də mənə aydındı ki, cənazə önündə mətin və dönməz tərzdə dayanıb ölünün ruhuna dualar oxuyan Paisi ata hücrə ətrafında nələrin baş verdiyini eşidə və görə bilməsə də, bu mühitdə yaşadığından işlərin hansı məcrada getdiyini yəqinliklə duyurdu.
Vəziyyət onu çaşdırmamışdı, nələrinsə baş verə biləcəyindən qorxusu yox idi, hadisələrin gələcək axarını həssas baxışlarıyla çək-çevir etməkdəydi. Qapı ağzından gələn qeyri-adi və ehtiramsız bir səs onun qulaqlarını deşdi. Qapı taybatay açıldı və Ferapont ata astanada göründü. Hətta hücrə tərəfdən də aydın görünürdü ki, aşağıda, artırmanın yanında, çoxlu rahib toplaşıb və onlar onu müşayiət edirlər, rahiblərin arasında adi adamlar da gözə dəyməkdəydi. Lakin müşayiətçilər artırmaya qalxmadılar, ayaq saxlayıb, Ferapont atanın nə söyləyəcəyini və sonra hansı addımlar atacağını gözlədilər, çünki onun bu cürətinə rəğmən, buraya boş bir şeydən ötrü gəlmədiyini hamı yaxşı anlayır və hətta müəyyən qədər narahatçılıq da keçirirdi.
Ferapont ata astanada dayanıb əllərini göyə uzatdı və onun sağ əlinin altından hədsiz maraq və səbirsizliklə pilləkənlərə qalxmış obdorlu qonağın iti və maraq dolu gözləri nəzərə çarpdı. Qapı səs-küylə taybatay açılan kimi ondan savayı hamı gözlənilməz qorxudan geriyə sıçradı. Qəm-qüssə içində əllərini göyə qaldırmış Ferapont ata birdən haray çəkdi:
– Coşub lərzəyə gələrəm! – söylədi və dərhal da ardıcıllıqla bütün dörd tərəfə müraciətlə divarlara və hücrənin bütün dörd küncünə əliylə xaç çəkdi. Onu müşaiyət edənlər Ferapont atanın bu hərəkətinin səbəbini dərhal anladılar, çünki bilirdilər ki, haraya ayaq basmasından asılı olmayaraq, о, şər qüvvəni qovmamış nə əyləşər, nə də bir söz deyərdi.
– Dəf ol, şeytan, dəf ol! – xaç çəkdikcə bu sözləri təkrar edirdi. – Coşub lərzəyə gələrəm! – deyə yenə də haray qopardı.
Əynindəki kobud rahib libasına qurşaq dolanmışdı. Çit köynəyinin altından ağ tük basmış açıq sinəsi görünməkdəydi. Tam ayaqyalın vəziyyətdəydi. Əllərini havada oynatmağa başlayan kimi, geydiyi rahib libasının altında gəzdirdiyi bərk taxtacıqlar titrəməyə və səs salmağa başladılar. Paisi ata duasına ara verdi, irəli gəlib düz onun qarşısında dayanıb gözlədi.
– Nə məqsədlə gəlmisən, vicdanlı ata? Niyə əmin-amanlığı pozursan? Niyə dindar kütlənin arasına çaxnaşma salirsan? – ciddi baxışlarını onun üzünə dikərək, nəhəyət ki, Paisi ata söylədi.
– Hansı məqsədlə gəldiyimi soruşursan? Xahişin nədi? İnancın hansıdı? – deyə Ferapont ata dəlicəsinə qışqırmaqda idi. Buradakı qonaqlarınızın, lənətəgəlmiş əcinnələrin axınının qarşısını almaq üçün. Baxıram ki, görüm mənim iştirakım olmadan belələrini çoxmu başınıza toplamısıniz. Onları süpürüb onları bayıra tökmək istəyirəm. Şər qüvvəni qovursan, amma, ola bilsin, özün də onun çarxına su tökürsən, – deyə Paisi ata qorxa-qorxa sözünə davam etdi, – kim deyə bilər ki, “müqəddəsəm”. Müqəddəsmisən?
– Müqəddəs deyiləm, lənətəgəlmişin biriyəm. Nə kresloda əyləşənəm, nə də özümə sitayiş olunmasını istəmərəm! – Ferapont ata gur-gur guruldadı.
– İndi insanlar müqəddəs inamı məhv edirlər. Mərhum, sizin bu müqəddəsiniz, – deyə о, şəhadət barmağını cənazəyə tuşlayaraq üzünü kütləyə çevirdi, – əcinnələrin mövcudluğunu inkar edirdi. Buna görə də hörümçəklər künclərə hakim kəsilən kimi, onlar da bizdə baş alıb gedirlər. İndisə özünü də üfunət basıb. Bu, Allahdan gələn buyruqdur.
Həqiqətən də Zosima ata sağ ikən bir dəfə belə bir iş baş vermişdi. Rahiblərdən birinin yuxusuna şeytan girməyə başlamışdı, axır-axırdasa bu şər qüvvə doğrudan da onun gözünə görünürdü. Böyük bir qorxu içində rahib bu məsələni abidə söylədikdə, о, ona fasiləsiz olaraq ibadət etməyi və bərk pəhriz saxlamağı tövsiyə etmişdi. Bu vasitələr də kömək etmədikdə abid pəhriz və ibadəti dayandırmamaq şərtilə bir dərman qəbul etməyi məsləhət bilmişdi. O vaxtlar bu məsələ çoxlarını çaşdırmış və heyrətləndirmişdi, xüsusən də Ferapont atanı, – bəzi ağzıgöyçəklər belə bir vəziyyətdə abidin bu cür “qeyri- adi” göstəriş verməsini dərhal ona çatdırmışdılar.
– Çəkil burdan, ata! – Paisi atanın amiranə səsi eşidildi, – mühakimə edən insanlar yox, Allahdır. Ola bilsin ki, burada elə bir Allah buyruğu var ki, onu nə sən, nə mən, nə də kimsə birisi anlamaq iqtidarında deyilik. Çəkil buradan, ata, sürünü də təşvişə salma! – о təkidlə təkrar etdi.
– Öz rütbəsindən istifadə edib pəhriz saxlamazdı, ona görə də Allahdan belə bir buyruq gəldi. Bu, gün kimi aydındır, gizlətməksə günahdır! – ağlasığmazcasma sözündən dönmək bilməyən əjdaha var-gəl edir və dayanmaq bilmirdi.
– Noğula aldanırdı, bunu onunçun ağalar ciblərində gətirərdilər, çayından qalmadı, qarnını şirniylə, ağlınısa ədayla doldurub, özünü qurban verdi… Ona görə də biabırçılığa düçar oldu…
– Boş-boş şeylər danışırsan, atam! – deyə Paisi ata da səsini qaldırdı, – sənin bu pəhrizkarliğın və ibadətin məndə təəccüb doğursa da, danışdıqların cəfəngiyyatdan savayı bir şey deyil, sanki ağlıkəsməz bir gəncdən eşitdim bunları. Dəf ol burdan deyirəm sənə, əmr edirəm, – sonda Paisi ata qeyzlə guruldadı.
– Mən gedəsiyəm! – deyə Ferapont ata sanki pərt olmuştək, amma yenə də acıqlı tərzdə deyindi, – alimlərsiz siz! Ağlınızın çoxluğuna güvənib, mənim yaramazlığımı lağa qoyursunuz. Buraya savadsız gəlmişdim, amma burada öyrəndiklərimi də unutdum, İlahinin özü məni, kiçik bir adamı, sizin çox bilmişliyinizdən hifz elədi…
Paisi ata onun başı üzərində dayanmışdı və qətiyyətli idi. Ferapont ata azca susduqdan sonra gözlənilmədən qüssəyə qərq oldu və sağ ovcunu yanağına söykəyərək nəzərlərini əbədi uyumaqda olan abidin cənazəsinə dikdi, uzada-uzada dedi:
– Sabah onun cənazəsi önündə əzəmətli kanon – “Köməkçi və himayədar” nəğməsi oxunacaq, mənsə gəbərəndə təkcə “Bir həyat ləzzəti kimi…” şeirciyi səsləndiriləcək (Rahibin cənazəsi hücrədən kilsəyə və dualar oxunduqdan sonra kilsədən qəbirstanlığa aparılarkən “Bir həyat ləzzəti kimi…” şeirciyi oxunur- müəllifin qeydi), – o, qəhərdən boğula- boğula və təəssüüə söylədi.
– Özümüzü çox öydük və başımızı buludlara ucaltdıq, bu yer boşdur! – birdən o, ağlını itirmiş kimi, nalə çəkdi və əlini tolazlayıb cəld geri döndü və durmadan pilləkənlərlə artırmadan aşağı endi.
Aşağıda intizarla gözləyən kütlə tərəddüd içərisindəydi; bəziləri dərhal onun ardınca yollandılar, bəzilərisə hücrənin qapıları hələ də açıq olduğundan ayaq saxladılar, Ferapont atanın dalınca artırmaya çıxan Paisi atasa bu mənzərəni ayaq üstə müşahidə etməkdəydi. Lakin sarsılmış qoca hələ tam qurtarmamışdı: iyirmi addım geri çəkilərək, о birdən qüruba enməkdə olan günəşə üz tutdu, hər iki əlini başı üzərinə qaldırdı – kimsə onun ayaqlarını yerdən üzmüş kimi olmazın qışqırıqla torpağa düşdü:
– Allahım qalib gəldi! İsa sönməkdə olan günəşə üstün gəldi! – əllərini günəşə doğru uzadaraq o, dəlicəsinə qışqırdı və üzüqoylu yerə düşüb, ucadan ağladı, körpə uşaqtək göz yaşlarından bütün Vücüdu titrədi, əlləri torpağın üzərinə geniş açıldı. Belədə hamı onun yanına qaçdı, nida səsləri, hıçqırıqlar eşidildi… Təlaş hamını bürümüşdü.
– Görün kimdir müqəddəs! kim doğru yoldadır! – artıq qorxusuz-ürküsüz çağırışlar eşidildi, – abidlik beləsinə yaraşır, – başqaları acıqla əlavə etdilər.
– O, abidliyi qəbul etməz… Özü rədd edər… lənətəgəlmiş yeniliyə xidmət etməz… onların axmaq hərəkətlərini təqlid etməz, – digərləri də bu sözlərə qoşuldular, işin nə ilə sona çatacağını təsəvvür etmək çətin olardı, yaxşı ki, elə о dəqiqə ibadətə çağırış zəngi çalındı. Birdən hamı xaç çevirməyə başladı.
Ferapont ata da yerindən qalxdı və xaç çevirə-çevirə camaatdan aralanıb, arxaya baxmadan yenə də hansısa tam rabitəsiz sözlər işlədərək öz hücrəsinə yollandı. Az bir qism adam onun dalınca getmək istədi, çoxluqsa ibadətə tələsdiyindən dağılışmağa başladı.
Paisi ata oxunuşu İosif ataya ötürdü və aşağı endi. Vəhşiləşmiş adamların mənasız qışqırıqları onu sarsıda bilməzdi, lakin gözlənilmədən onun ürəyini qüssə basdı və hansı səbəbdənsə məxsusi bir kədər qəlbinə hakim kəsildi, о bunu duydu. Birdən dayandı və özündən soruşdu:
“Ruhumu sarsıdan bu kədərin səbəbi nədir?” və dərhal da təəccüblə anladı ki, bu qəfləti-qüssə, göründüyü kimi, ən əhəmiyyətsiz və xüsusi bir səbəbdən doğur: məsələ ondadır ki, o, hücrənin girişində basabas salmış kütlənin arasında digər təlaş keçirənlərlə birgə Alyoşanı da görmüşdü və yadına saldı ki, onu görən kimi dərhal ürəyindən anlaşılmaz bir ağrı keçmişdi.
“Doğrudanmı bu gənc mənim qəlbinə bu qədər gərəklidir?” – birdən o, təəccüblə özünə sual verdi. Elə bu dəqiqə Alyoşa harasa tələsirmiş kimi onun yanından ötürdü, kilsəyə üz tutmadığı göz qabağındaydı. Bir-birinin üzünə baxdılar. Alyoşa baxışlarını cəld yayındırdı və yerə dikdi, onun bu görünüşündən Paisi ata anladı ki, elə bu dəqiqə bu gəncin daxilində güclü bir dəyişiklik baş verir.
– Yoxsa sən də yolunu azmısan? – birdən Paisi ata qışqırdı, – bəlkə sən də etiqadsızlarla birsən! – deyə o qovrula-qovrula əlavə etdi.
Alyoşa ayaq saxladı və anlaşılmaz tərzdə Paisi ataya baxdı, amma yenə də tez baxışlarını yayındırdı və yenə də yerə dikdi. Onu suala tutmuş adamın yanında durmuşdu. Paisi ata diqqətlə onu izləyirdi.
– Hara tələsirsən? İbadətə çağırırlar, – deyə о yenə sual etdi, lakin yenə də Alyoşa ona cavab vermədi.
– Yoxsa monastırdan gedirsən? Soruşmadan, xeyir-dua almadanmı?
Birdən Alyoşa qıyğacı gülümsündü, onu suala tutmuş ataya qəribə, olduqca qəribə tərzdə baxdı, keçmiş rəhbəri, ağlına və qəlbinə hakim kəsilmiş sevimli abid ölüm ayağındaykən məhz bu adama tapşırmışdı onu və budur, Alyoşa yenə də əvvəlki kimi onun sözlərini cavablandırmadan əlini havada oynatdı, hətta sayğı barəsində düşünmədən belə iti addımlarla monastırın çıxış qapısından bayıra tərəf üz tutdu.
– Yenə qayıdacaqsan! – onun arxasınca təəccüblə baxan Paisi ata pıçıldadı.
Tərcümə: Telman Vəlixanlı