“De, görüm, nə deyirsən”.
“De, görüm” – bu ifadə dilimizin arxaik gözəlliyindən xəbər verir. Məlumdur ki, deyilən şey eşidiləndir, görülən deyil. Azərbaycanlı niyə deyiləni eşitmək yox, görmək istəyir?
Bu sual bizi dilin başlanğıcına aparır və bizi belə bir təxəyyül yürütməyə vadar edir ki, insanlıq səsdən sözə keçməzdən öncə səsdən şəklə keçib. İnsanlığın ilk dili mağara şəkilləri, qayaüstü təsvirlər idi. Yəni dil nitqdən daha qədimdir. Söz olmayanda dil vardı. Dili sözlər yox, sözləri dil yaradıb. Əcdadlarımız demək istədiklərini, amma linqvistik yoxsulluq ucbatından söz tapıb deyə bilmədiklərini müxtəlif şəkillər kimi torpağa, daşa, qayaya çəkib bir-biriləri ilə dil tapıblar. Demək və eşitmək istədiklərini əvvəlcə görüblər. Zamanla bu şəkillər, mədəniyyət tarixçilərinin də dediyi kimi, ilk hərflərə, əlifbalara, sözlərə çevriliblər. Dilin yaranmasından sözün yaranmasına qədər uzun bir proses yaşanıb. Gördüyünə inanmaq da bu uzun prosesin qalığıdır.
Görünür, səsdən şəklə, şəkildən hərfə, hərfdən sözə doğru linqvistik bir təkamül baş versə də insanlar uzun müddət eşitdiklərinə, yəni sözlərə inanmayıblar. İnanmaq istədiklərini görmək istəyiblər. Sözə inamsızlığın izləri bir çox mənəvi, intellektual təlimlərin (məsələn, sufizmin) əsasını təşkil edir.
Deməli, bizə öyrədilən “əvvəlcə söz vardı” ifadəsi yanlışdır. Əslində, belə deyilməlidir: “Əvvəlcə dil vardı”.
Hə, indi de görüm, nə deyirsən!