“Partizan” XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda diqqətçəkən fəaliyyət nümayiş edən televiziya kanalı – ABA TV haqqında bir neçə maraqlı faktı təqdim edim edir.
ABA TV (Azerbaijan Brodcasting Agency) 1997-2001-ci illərdə Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər “RTR” telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi.
Azərbaycanda ilk interaktiv telekanal olmuşdu.
Təsisçisi Faiq Zülfüqarov olub.
“ABA TV” Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. (Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir).
Ən çox tanınan “100%”, “Bir cənub şəhərində”, “Kontra” verilişləri idi.
Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi.
ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu. EUTelSat-SESat peyki vasitəsilə yayımlanırdı. Ayrıca kanal texnologiyasına görə indiki televiziya kanallarından heç də geri qalmırdı. Azərbaycanda ilk dəfə rəqəmsal yayımlanan kanal da ABA idi. Həmçinin telekanal 1998-ci ildə Rabitə Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən Rusiyanın “ORT”, “RTR” və “NTV” kanallarının Azərbaycanda yayımını həyata keçirirdi.
Tarifə əsasən “NTV” kanalının 1 saatlıq yayımı 16.67 dollar, “ORT” və “RTR” telekanallarında isə 13.43 dollar müəyyənləşmişdi. Rusiya kanallarında reklam yayımlanan vaxt ABA TV efirə qoşularaq öz reklamlarını yayımlayırdı. Qazanılan gəlirin bir qismini Rabitə Nazirliyinə, bir qismini də həmin kanallara ödəyirdi.
23 may 2000-ci il tarixindən etibarən “CNN” kanalı ilə imzaladığı müqaviləyə əsasən “Azərbaycan Bülleteni” verilişində gündəlik 30 dəqiqə CNN kanalının verilişlərini azərbaycan dilində yayımlayırdı.
2000-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini canlı yayımlamışdı. Kanal 2001-ci ildə artıq gündə 3 saat deyil, 5 saat yayımlanmağa başlamışdı. Yaxın aylarda kanalın 24 saatlıq rejimə keçəcəyinə dair intro yayımlanırdı.
ABA TV-nin “ANS”lə ilə soyuq münasibətləri var idi. ANS xəbərlərində və Mirşahin Ağayev “Ötən Həftə” verilişində tez-tez ABA TV-ni tənqid edirdi. 1999-cu ildə bəzi ekspertlər ANS-in efirinə çıxaraq ABA-nın vergi ödəməsində qanunları pozduğunu deyirdilər.
21 aprel 1999-cu ildə Aqil Quliyev ABA TV-nin “News-Xəbərlər” verilişində kanal adından ANS TV-yə: “ANS TV-yə bəyan edirik; yetər; yayımladığı böhtanlara və yalanlara son qoyulmalıdır; xalqı, düçar olduğu ANS-dən qorxu sindromundan azad etmək lazımdır; biz bəyan edirik ki, həmişə cavabsız qalan iddialarınız bu gün cavabsız qalmayacaq; burada “ABA Televiziya Şirkəti” var”, deyə çıxış etmişdi.
16 iyul 2001-ci il tarixində “Medcarting” əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilmişdi. Həmin mərasimdə may ayında ABŞ-a gedən Faiq Zülfüqarovun videomüraciəti yayımlanmışdı. Həmin videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlamışdı. 2001-ci ilin iyul ayının 17-sində isə Faiq Zülfüqarov xalqa müraciət edərək kanalı bağladığını açıqlayacaqdı. Lakin hökumət buna icazə vermədi və kanal həmin gün efirə çıxmadı.
Növbəti gün isə telefon vasitəsilə jurnalistlərlə danışan Zülfüqarov telekanalın fəaliyyətini dayandırdığını açıqladı.
Beləliklə 4 il fəaliyyət göstərən ABA TV Peyk TV, BMTİ və Sara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı oldu.
Qeyd: Mətn ABA TV haqqında “Vikipediya”da yer alan informaiya əsasında hazırlanıb. Oxuduğunuz mətndə istinad mənbəyində yer alan informasiyalar şərh və ixtisar olunmayıb.