“Partizan” Ələsgər Əhmədin “Sülhabad” şeirini təqdim edir.
Onlar nə yaşadılar ki, uşaq-uşaq öldülər
50 min il matəm gərək
Hərəsində min il var vardı,
heç cavan deyildilər.
Ağlamağa aləm gərək
xırda-xırda göz yaşlarının səbəbkarı,
balaca-balaca uşaqlardı
Cismi yetim, ruhu yetim
kaş bir azda sevinəydi
Bəlkə ata addımları elə uşaqlar evinəydi?
Hamı daşdı bu sərt yerdə
fırtınalar kömək olmur
Kəfən-kəfən adam gəlir, “vətən, vətən” demək olmur
Yüz-yüz qızıl sayan əlin
üçyüzüdür müharibə
Qəpiyə güllə atanları, gülləyə qəpik etməyin iç üzüdür müharibə.
Kimsə tabut qucaqlasın,
ya da düşsün arxasınca
qalxan kütlə tab gətirməz, kütləşməyən qılınca.
Ölü səhifələr yenidən kitab gətirməz
Tarixə qurban gedənlərin
biri tarix müəllimdi.
Heyif,
dərsi şəhidlik olur məktəbli bədənlərin
Bu nə döyüş təlimidi,
nə bir ordu dəstəyidir.
Azadlıq – güldüyünüz fərarinin yaşamaq istəyidir.