Xomeyninin ən yaxın adamının ölümünü Milli Müsavat Partiyası təşkil edib – Dəhşətli fakt

Loading

İranda aləm bir birinə dəydiyi günlərdə Azərbaycanda çoxunuza məlum olmayan bir tarixi hadisəni diqqətinizə çatdırım:

1981-ci il iyunun 28-dən 29-na keçən gecə Tehranda “İslam Respublikası” partiyasının qərargahında Xomeyni hakimiyyətinin rəhbərlərinin iclası zamanı partlayış olur. Partlayış zamanı Xomeynidən sonra ikinci adam olan Ayətullah Məhəmməd Behişti, 4 nazir, 6 nazir müavini, 23 deputat olmaqla 72 nəfər öldürülür.

Partlayışın məsuliyyətini Azərbaycanın və Qaşqay elinin azadlığı uğrunda mübarizə aparan Milli Müsavat Partiyası üzərinə götürür. Bununla bağlı partiyanın başqanı, ordu generalı Muxtar Qarabağ Türkiyə qəzetlərinə və bir neçə ölkənin qəzetlərinə bəyanat göndərir. Muxtar Qarabağın bəyanatı Türkiyənin “Tercüman”, “Milliyet” və bir çox qəzetlərində “Xomeyni rejiminə qarşı savaşa hazır olun”, “General Muxtar Qarabağ İranda milli azlıqları Xomeyniyə qarşı savaşa çağırdı” başlığıyla dərc edilir.

O vaxt Müsavat Partiyasının mərkəzinin Türkiyədə olduğu göstərilərək İran hakimiyyəti Türkiyəyə xəbərdarlıq edir. Buna cavab olaraq belə bir partiyanın Türkiyədə fəaliyyət göstərmədiyi haqda Türkiyə Xarici işlər nazirliyi bəyanat yayır.

Onu da qeyd edim ki, 1997-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin açdığı arxivlərdə İranda fəaliyyət göstərən Müsavat Partiyası haqda bunlar yazılıb:

“Mərkəzi qərargahı Türkiyədə yerləşən və Muxtar Qarabağın liderliyi ilə azərbaycanlıların, türklərin və Qaşqayların təmsilçiliyinə iddia edən Müsavat Partiyası, xaricdə yaşayan azərbaycanlıların təşkilatıdır”.

Marağı olanlar üçün İranda fəaliyyət göstərən Müsavat Partiyası ilə bağlı yazımı da təqdim edirəm:

Müsavat Partiyasını İranda-Qaşqay elində qurduqdan sonra edam edildi və daha sonra edamda iştirak edən hər kəs sonradan kimliyi bilinməyən şəxslər tərəfindən öldürüldü…

Xosrov xan Qaşqay 1917-ci ildə dünyaya gəlib. Qaşqay xanı İsmayıl xan Sövlətüdövlənin kiçik oğludur. Ailəsi daim Şah rejiminin basqıları altında olan Xosrov xanın gənclik illəri ağır günlərlə keçib. Xosrov xanın atası və böyük qardaşı Nasir xan uzun illər Pəhləvi rejiminin zindanlarında qalıb.

20 yaşından siyasi mübarizəyə atılan Xosrov xan Qaşqay elinin müstəqilliyi uğrunda uzun illər mübarizə aparıb. Qaşqay elinə müdaxilə etmək istəyən İran Tudə Partiyasına və “Polis-i Cənub” deyilən ingilislərə qarşı mübarizə apararaq Qaşqay elinə girmələrinə imkan verməyib. Bu birliklərə qarşı bütün döyüşlərə və “Səmirum” döyüşündə Qaşqay qoşunlarına şəxsən rəhbərlik edib. Uzun sürən qanlı mübarizədən sonra qaşqayların İran Məclisində təmsil olunmasına nail olub.

Xosrov xan keçirilən seçkilərdə böyük üstünlüklə Firuzabad bölgəsindən İran Məclisinə 25 yaşında millət vəkili seçilib. Ancaq bununla barışmayan hakimiyyət onun millət vəkilliyini əlindən alır. Qaşqayların daim dəstəyini alan Xosrov xan bundan sonra Firuzabad valisi olaraq çalışmağa başlayır.

1950-ci ildə millət vəkili seçkilərində Doktor Məhəmməd Müsəddiqin başçılıq etdiyi Milli Cəbhə Partiyasından Firuzabad bölgəsindən yenidən namizəd olur və böyük səs çoxluğu ilə millət vəkili seçilir. Tehranda doktor Məhəmməd Müsəddiqlə yaxın dostluq münasibətləri quran Xosrov xan Milli Cəbhə Partiyasının güclənməsinə böyük töhfə verirdi. İranda neftin milliləşdirilməsi üçün hazırlanan qanun layihəsinin hazırlanmasında təşəbbüskarlardan olan Xosrov xan layihəyə ilk imza atan millət vəkili olur.

19 avqust 1954-cü ildə Məhəmməd Müsəddiq vəzifəsindən uzaqlaşdırılıb həbs edildikdən və Məclisin fəaliyyəti dayandırıldıqdan sonra Qaşqay elinə dönən Xosrov xan Qaşqay ordusunu yenidən qurur və qondarma hökumətə qarşı mübarizəyə başlayır.

Hökumətin “təslim ol”, “ölkəni tərk et” çağırışlarına məhəl qoymur və uzun illər Firuzabad bölgəsində mübarizəyə davam edir. Qaşqaylarla döyüşlərdə bacarmayan Pəhləvi rejimi təyyarələrdən və ağır silahlardan mülki Qaşqay əhalisinə qarşı istifadə edəcəyiylə Xosrov xanı hədələyir. Bundan sonra dinc əhalinin kütləvi şəkildə qırğınının qarşısını almaq üçün Almaniyaya mühacirətə getməyə razı olur.

Mühacirətdə də mübarizəsinə davam edən Xosrov xan xaricdə şah rejiminə qarşı mübarizə aparan Tələbə cəmiyyəti ilə sıx əlaqələr qurur. Mühacirətdə Milli Cəbhənin qəzeti olaraq mərhum Dr. Hüseyn Fatiminin dostlarıyla birlikdə “Bəxtər” qəzetini buraxmağa başlayır. İran hökumətinin tələbiylə Fransa hökuməti bu qəzeti qapatmağa məcbur olur. Daha sonra Misir prezidenti Camal Əbdülnəsirin dəvətilə Misirə gələn Xosrov xan burada qurulan radio vasitəsilə Pəhləvi rejiminə qarşı İrandakı müxaliflərə çağırışlar etməyə başlayır. Bir müddət sonra maddi çətinliklərə görə radio bağlanır.

Pəhləvi rejiminin Qaşqay xanlarıyla düşmənçiliyinin səbəblərindən biri də Qaşqay xanlarının İranda şah olma ehtimalının yüksək olması idi. Buna görə də Qaşqay xanı Sövlətüdövlə zindanda öldürülmüş, bununla da qaşqaylarla pəhləvilər arasında kəskin münasibətlər formalaşmışdı.

1963-cü ildə Xosrov xan yenidən Qaşqay elinə dönüb üsyana başlama qərarı alır. Lakin İran kəşfiyyatı (SAVAK) bundan xəbər tutur və öncədən alınan tədbirlər nəticəsində qarşısı alınır.

Bundan sonra Xosrov xan 1978-ci ilə qədər mühacirətdə Pəhləvi rejiminə qarşı mübarizəsinə davam edir, Pəhləvi rejiminin törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Xosrov xan Şah rejiminin yıxılmasından sonra vətənə geri dönür. İran İslam Respublikası elan edildikdən sonra keçirilən ilk Məclis seçkilərində Şiraz-Eqlid şəhərindən yüksək səs toplayaraq yenidən millət vəkili seçilir. Lakin yenə tarix təkrarlanır və dini rejim tərəfindən millət vəkili mandatı əlindən alınır.

İran İslam Keşikçiləri Korpusunun əsgərləriylə qaşqaylar arasında Firuzabadda qarşıdurmanı əsas gətirərək əksinqilabçı, ABŞ casusu damğası vurularaq Məclisdən uzaqlaşdırılır. Tehrandakı evi İnqilab Keşikçiləri Korpusunun əsgərləri tərəfindən mühasirəyə alınır və Xosrov xan bu özbaşınalığa dözməyərək evini mühasirəyə alan birliklərlə döyüşməyə məcbur olur.

Tehranda Xosrov xanın həbs edildiyi xəbəri Qaşqay elinə çatan kimi üsyan başlayır, qaşqaylar kazarmaları, dövlət idarələrini, magistral yolları ələ keçirirlər. Qaşqayların üsyan qaldırdığı Tehranda qorxu yaratmış, prezident Bəni-Sədr üsyanın daha da genişlənəcəyini başa düşərək Xosrov xana qarşı olan bütün ittihamların geri götürülməsinə nail olur və Xosrov xan azadlığa buraxılır.

Azad olunduqdan sonra Xosrov xan Qaşqay elinə geri dönür. Geri döndükdən sonra müstəqilliyə gedən yolda diktaturaya qarşı Sünni-Şiə fərqi qoymadan, Türk boylarını birləşdirmək, müstəqil dövlət qurmaq üçün Azərbaycan-Türkmən, Qaşqay tayfalarıyla Milli Mücadiləni aparmaq üçün böyük istiqlal mücahidi general Muxtar Qarabağ və əqidədaşlarıyla birlikdə Müsavat Partiyasını qururlar.

Xosrov xan Müsavat başqanının müavini olur. Partiya qurulduqdan sonra azərbaycanlılar, sünni türkmənlər və qaşqaylar tək yumruq olurlar. Lakin rejim yenidən Qaşqay elini əzmək üçün qaşqayları müharibəyə təhrik edir və qaşqaylarla yenidən qanlı döyüşlər başlayır. Müharibə iki il davam edir, minlərlə qaşqay şəhid olur. İran İslam Keşikçiləri Korpusunun əsgərlərinin Qaşqay yaylalarında çadırlarda dinc əhalini qırması Xosrov xanı döyüşləri dayandırmaq və mühacirətə getməyə razılıq verməyə məcbur edir.Lakin Xosrov xan xəyanətə uğrayır və həbs edilir.

Daha öncəki ittihamları da əlavə edən hakimiyyət aylarca həbsdə Xosrov xana işgəncə verir və 1982-ci ildə Şirazda edam edilir.
Xosrov xanın edamının qarşısını almaq üçün Müsavat Partiyası və qaşqaylar var gücüylə hərəkətə keçirlər. Hətta Xosrov xanın edamından 6 saat öncə Tehrandakı Xomeyni meydanında bomba partladılır və 81 nəfər ölür, yüzlərlə adam yaralanır. Lakin edamın qarşısını almaq mümkün olmur. Qaşqayların dediklərinə görə Xosrov xanın edamında iştirak edən hər kəs sonradan bir-bir tapılıb öldürülür.

Ən sonuncusu 5 aprel 2015-ci ildə İran mətbuatında gedən məlumatlara görə İran kəşfiyyatının (ETTELAAT) əməkdaşlarından və keçmiş İnqilab Keşikçiləri Korpusunun əməkdaşı Memir Abdullah Hüseyn oğurlanıb öldürülmüş, öldürüldükdən sonra cəsədi üzərinə yazı yazılaraq villasının önünə atılmışdır. Cəsədinin üzərində isə belə yazılır:

“Bu adam Xosrov xanın edamında rolu olduğu üçün cəzasına çatmışdır.”

Fərəc Kərimli