Nizami bizə niyə yanlış tanıdıldı?
2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması ədəbiyyat və mədəniyyət təəssübkeşlərinə dahi şair, filosof haqqında bir daha dərindən düşünməyə, əmək sərf etməyə səbəb və imkan yaratdı. İl ərzində Nizami Gəncəvi barədə müxtəlif tədbir və layihələrin keçiriləcəyi bəllidir. Güman ki, əsl ədəbiyyat adamlarını 2021-ci ildə ən çox düşündürən məsələ dünya səviyyəli şairin nəhayət ki, öz ana dilinə müfəssəl tərcüməsinin reallaşdırılmasıdır.
Sözsüz ki, Azərbaycan SSRİ tərkibində olduğu illərdə Nizamini Azərbaycan dilinə tərcümə etmiş, daha doğrusu onun əsərlərini yenidən nəzmə çəkmiş şəxslər – Səməd Vurğun, Süleyman Rüstəm, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Rzaquluzadə və başqaları bu iş üzərində yetərincə istedadla çalışıb, ortaya tələb olunan tərcümə mətnini çıxarıblar.
Təəssüf ki, poemaların hamısı SSRİ dönəmində tərcümə edildiyindən və sovet ideoloqlarının birmənalı qadağasına uyğun olaraq əsərlərin ilahi və mənəvi qatı mətnin bir çox hissələrində məhv edilib, ən yaxşı halda zəiflədilərək sifarişçilərin tələblərinə uyğunlaşdırılıb. Eyni zamanda “Xəmsə”nin orijinal simasını ifadə edə biləcək yeganə forma əruz olduğu halda həmin vaxt Azərbaycanda bilərəkdən sərhədlənən bu şeir vəzni Nizaminin poemalarından da qopardılaraq, sözügedən əsərlər şeirin daha sadə vəznlərində tərcümə edilib. Təəssüf ki, ideya qatına dəyən zərbə ilə yanaşı qəlibin də dəyişdirilməsi “Xəmsə”nin kəsərini olduqca zəiflədib.
Sovet hakimiyyətinin müxtəlif illərində müxtəlif don geyinmiş mədəniyyət siyasətinin mətnlərə yaxın buraxmadığı ən ciddi keyfiyyətlər milli, ilahi, demokratik düşüncələr idi. Təbii ki, bu reallıqda tərcümə edilən Şeyx Nizaminin əsərləri də Sovetin senzura qılıncının qurbanı olmaqdan yan keçə bilməyib.
Nizami kontekstində Sovet mədəniyyət siyasətinin proriteti təkcə əsərlərin sözügedən qatının effektsizləşdirmək yox, həm də bu əsərlərin növbəti illərdə daha səlis tərcümə olunmasının qarşısının almaq idi: bəli, min bir əziyyətlə tərcümə edilən böyük həcmli əsərlərin təkrar tərcüməsinə ehtiyac görülməyəcəkdi. Sovetin bu uzaqgörən – bizim üçün zərərli siyasəti hələ də effektini qoruyub saxlayır və biz 2021-ci ildə – Nizaminin 850 yaşını qeyd etdiyimiz bir zamanda belə dahi şairimizin insanlara ünvanladığı hikməti, sənətkarlığı doğru-dürüst anlamaqda çətinlik çəkir, onun əsərlərinin yalnız nəsihətamiz yönünü və süjet xəttini oxumaqla yetinməli oluruq.
Problem akademik baxış, analiz və qərar tələb etdiyindən mövzunu illərini bu sahəyə vermiş peşəkarların amanında buraxmadan əvvəl bu müstəvidə diqqətçəkən bədii sitata diqqət çəkək; Xalq yazıçısı İsa Muğanna (Hüseynov) məşhur “İdeal” romanında obrazın dilindən yazır:
“Xəmsə”də ən mürəkkəb rəmzlər silsiləsi “Həft peykər”nən (Yeddi gözəl – red.) “İsgəndərnamə”dədir. “Həft peykər”də hərəsi bir ölkədən gətirilən “gözəl”lərin adlarından başlamış, “Bəhram Gur”a danışdıqları hekayələrə qədər, hamısı geniş şərh tələb elədiyi halda, əllərinin altında hər cür material olan alimlər bir kəlmə də demirlər! Moskvada, Leninqradda, şərqşünaslıq institutunda yalnız bir işlə məşğuldurlar: planetin bütün ölkələri barədə həqiqəti gizlətmək!”
Düzdür, əksər tənqidçilərin fikrincə Muğanna bu romanda bir çox mövzularda kəskin, bəzən radikal mövqe sərgiləyib. Lakin bütün bu fikirlərlə yanaşı Nizaminin rəmzlərinin çözülməsi, onun hikmətlərinin Azərbaycan dilində dəqiq ifadəsinin hələ də bu müstəvidə ən köklü ədəbi problemlərimizdən olmasının əksini iddia edə bilmərik.
Nizaminin enerjisini daha yaxından duymaq istəyən şəxslər əsərlərinin sətri və filoloji tərcümələrini nəzərdən keçirə bilər.
Ümid edək ki, “Nizami Gəncəvi ili” çərçivəsində yetkili şəxslər, qurumlar mütəfəkkirimizin əsərlərinin dilimizdə səlis tərcüməsi barədə düşünəcək, heç olmasa, “Xəmsə”nin dilimizdə mənaca səlis ifadə formaları araşdırılacaq, Nizami enerjisini ana dilimizdə dərindən hiss etdirəcək mətnlər üzərində işlənəcək, o, Azərbaycan dilində “deyingən qoca” obrazından çıxardılaraq sözün əsl mənasında dünyəvi sənətkar müstəvisindəki yerinə ucaldılacaq.
Növbəti mərhələdə isə, həmin dəyərli mətnlərin yenidən, amma əruzda nəzmə çəkilməsi məsələsinə də baxıla bilər. Yeri gəlmişkən, bu təcrübə artıq Azərbaycanda uğurlu nəticə ilə yekunlaşıb: Mirzə Şəfi Vazehin alman dilinə tərcümə olunaraq orijinalı itirilən bir sıra əsərləri iki il öncə yenidən dilimizə tərcümə edilərək əruz vəznində nəzmə çəkilib.