“Partizan” diplomat, bədii- tərcüməçi Vilayət Quliyevin Heydər Əliyevlə bağlı maraqlı xatirəsini təqdim edir.
1981-ci ildə keçmiş Dzerjinski (indiki Şəhriyar) klubunda Azərbaycan yazıçılarının VII qurultayı keçirilirdi. İttifaqın üzvü olmasam da, dəvətnamə tapıb getmişdim.
Həmin dövrdə ədəbi-mədəni mühitdə hər kəsin heysiyyət və milli duyğularını təhqir edən bir şayiə yayılmışdı. Danışırdılar ki, yeni yol çəkilişi zamanı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində, İmam Hüseyn məqbərəsinin yaxınlığındakı məzarı dağıdılıb, cənazəsinin qalıqları isə hansısa məscidin zirzəmisinə atılıb. (1994-cı ildə Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə İraqda olanda bu şayiənin əsassızlığına bir daha inandım. İmam Hüseyn məscidinin kölgəsində basdırılmağı arzulayan şair məqbərənin içərisində, əsas giriş qapısından sağ tərəfdə dəfn olunub və məzarı indi də ziyarətgahdır).
Qurultayda çıxış edən tanınmış yazıçı və şairlərdən Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahazadə məsələdən çox qızğınlıqla bəhs etdilər, etirazlarını bildirdilər, birinci katibdən kömək istədilər. Sonuncu natiq danışanda deyəsən, Heydər Əliyevin hövsələsi tamam tükəndi. Bəxtiyar müəllimin sözünü kəsib dedi:
– Şairsiniz, alimsiniz, universitet professorusunuz. Bu yaxınlarda sizi Akademiyaya müxbir üzv də seçmişik. Kifayət qədər tanınırsınız. Birinci katibdən kömək istəməzdən qabaq gərək özünüzdən soruşaydınız: Mən bu məsələnin həlli üçün nə etmişəm? Gəlin açıq danışaq: İndiyə qədər hara, hansı beynəlxalq təşkilata üz tutmusunuz? Aydın məsələdir ki, heç yerə. Siz Mirzə İbrahimov, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin sədrisiniz. Tez-tez dünyanın müxtəli ölkələrində, müxtəlif yığıncaq və konfranslarda olursunuz, böyük auditoriyalar qarşısında çıxış edirsiniz. Nə zaman beynəlxalq ictimaiyyətin diqqətini indi haqqında danışdığınız vandalizm aktına cəlb etdiniz, tanınmış yazıçı və ictimai xadimləri köməyə çağırdınız? Aydın məsələdir ki, heç vaxt! Siz, Süleyman Rüstəm! Yazıçılar İttifaqı ilə İraq konsulluğunun arası 500 addımdır. Nə vaxt konsulun yanına getdiniz, yaxasından yapışıb şairimizin xatirəsinin təhqir olunması ilə bağlı cavab istədiniz? Axı əzizlərim, hər şey birinci katibdən asılı deyil. Elə məsələlər var ki, onu yazıçılar, alimlər, mədəniyyət xadimləri qaldırmalıdırlar. Füzulinin qırmızı sovet pasportu yoxdur ki, gedim yapışım İraq rəhbərliyinin yaxasından, deyim mənim vətəndaşımın ruhuna, xatirəsinə niyə hörmətsizlik edirsən? Qonşulara baxın, ermənilərdən nümunə götürün. Livanda ara qarışan kimi oradakı ermənilərin müdafiəsinə qalxdılar. SSRİ rəhbərliyini, dünyanı ayağa qaldırdılar. Bəs siz burada danışmaqdan başqa nə iş görübsünüz?”
Təbii ki, yarım saata qədər çəkən bu məntiqli, kəskin, yanğı dolu monoloqun sadəcə ümumi mənzərəsini yaratmağa çalışdım. Yadımdadır ki, qurultaya Moskvanın nümayəndəsi kimi köhnə bakılı, SSRİ Yazıçılar İttifaqının katibi Oleq Şestinski gəlmişdi. Deyəsən, rəyasət heyətində oturanlardan kimsə söhbətin nədən getdiyini ona tərcümə edirdi. Çünki Heydər Əliyev nitqini qurtaran kimi Şestinski ayağa qalxıb var gücü ilə əl çalmağa başladı. Onun ardınca bütün salon ayağa qalxdı.
Əslində Azərbaycanda aşkarlıq və yenidənqurma Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə başlamışdı.
Vilayət Quliyev