“Partizan” Əlibala Əhmədovun yeni essesini təqdim edir.
Yerə düşmüş, saralmış quru yarpaqların, qurumuş torpağın ətri, soyulmuş qanqalın və yemliyin tamı… Yay günəşində meyvə ağacının altından axan sərin və təmiz arxın xatirəsi… Nar budağından düzəldilmiş oxlar, onların yayını çəkən əllər, səmadakı quşları vurmaq həvəsi, palçığı əllərdə əzib – əzib bərkitmək, sonra taxta çəpərə tərəf atmaq…
….Anların ətrini kimsə çəkib apardı. Elflər, pərilər barədə xəyalları, çəhrayı, dadlı gələcəklə bağlı düşüncələri, nağılların qırmızı və yaşıl almalarını, kolluqların üzərində gerçəyə çevrilməli olan sehrlə bağlı ümidi…
Kiminsə əlləri qurudu və yox oldu. Hansı ki, bənövşəyi əlləriylə anların üzərinə ətir səpirdi, axşamçağı günəşin istisindən dincələn havada ətrini hər yerə yaymağa başlayan, yaşıl – sarı otların nəfəsini böyüdürdü..
Onda hər yaşıllıq parçası xəyallara xidmət edirdi, sanki. Kolların nəm yarpağının barmağına çəkdiyi yaşıl, səmadakı ağ buludların xəyali qoxusu..
Filmlərdə başqa ölkələri xəyal etmək. Başqa-başqa adamlarla dost olmaq… Hər gün həmin filmləri gözləmək…Və işıq söməndə gözübağlı yüzə kimi saymaq…
…Yamyaşıl otların üstündə oturur və taxtadan tikilmiş ağappaq amerikan evlərini xəyal edirdin. Onların eyvanında gənc qızlarla çiyələk yediyini, onların axşamında yuxuya getdiyini və onların səhərində rəngbərəng sular içdiyini…
Sənə elə gəlirdi ki, dünyanın hər nöqtəsində yaşı on dördü keçməyən paralel macəra dostları var. Onların həyatı doğrudan da mövcud olub. Sən nə kameralara, nə süjetə, nə ekrana, nə də planlaşdırılmış, qurulmuş heçnəyə inanmırdın….
Hansısa vaxtda macəra dostlarının yolları kəsişəcəkdi, mütləq…
Sən və qardaşın kiçik təpəciklər üzərində, qanqallar kənarında, üzərindəki böyürtkəni itirmiş kolların yanında oyunlar oynayırdınız – öz döyüşçüləriniz, adamlarınız, obrazlarınız vardı və bir gün günəşli bir gündə – içindən sərin sular axan arxın yanında bir – birinizə söz vermişdiniz:
– Bu oyun hər zaman yaşayacaq…
…Qadınlar da, ümidlər də, xəyallar da, günəş də, buludlar da, kollar da, böyürtkənlər də, yaz, yay, payız və qış da, buzun və qarın, çiçəyin və suyun qoxusu da sanki öz sehrini itirir.
Suvenir meyvəni yeməyə çalışan adam kimi hiss edirəm, özümü… Hər şey quruyur və içinə çəkilir, hər şey öz dadını və şirəsini itirir…
….İllər ötdü və anlar öldü… Çiyələk ətri və ümid dadı yox oldu…Qürub vaxtı dənizə açılan körpülər üstündəki kəsici hava hər şeyin boğazını üzdü…
…İndi özünü metrolarda tapırsan, şəhərlərin müxtəlif künc və bucaqlarında, işıqların içində, qadınların əhatəsində, iztirabla yollarda gəzirsən, amma hər şey cılızlaşıb və içində itirdiyin o tamı tapa bilmirsən.
Keçmişi hansı ad və kodla çağırmaq olar? İtib gedən dadları dilin ucuna necə qaytarmaq olar? Elflərə, pərilərə və cırtdanlara olan inamın, ümidin yenidən necə geri qayıtsın. Vaxtın içindəki yasamən qoxusunu və sonsuzluğu necə tapasan? Bir vaxtlar o dadlar və tamlar, o həyat vardı, vardısa, kimlərinsə əllərindən süzülmüşdü, səni çağırır və istəyirdi, qurumuş torpağın və sarı yarpağın qoxusunda, barmağına yaxılmış yarpaq yaşılında, gözlərinə səpilən səma sehrində, üfüqün susqunluğunda… Amma yox oldu…
…Bir impuls, ümid və qığılcım axtarıram. Assisli müqəddəs Fransiskin dualarını oxuyuram. Həyatı haqqında çəkilmiş filmi izləyirəm və nəğməsinə heyran oluram.
“Brother Sun, and sister Moon”..
Hardasa bəlkə də yüngül, xəyallar və ümidlərlə bəslənən həyat var, bulaqların səsiylə, arıların vızıltısıyla, tüfəng tüstüsnün mavi səma altındakı qoxusuyla, təndir çörəyinin ətri və balaca köhnə evlərlə…
Fransisk dua edir…
“Qardaşım alov üçün şükürlər olsun sənə, Tanrım..”
“Bacım su üçün sənə şükürlər olsun..
O nə qədər faydalı xeyirli və göstərişsizdir..”
Necə qurtulum, Françesko? Bu sıxıcı kişilərdən və qadınlardan, şəkəri çəkilmiş anlardan və zamandan, metrolardan, işıqlardan, bədənimin istəklərindən, alkoqoldan və çaydan…
Bu cılızlığın içində necə nəfəs alım? Necə edim ki, sular, otlar, çiçəklər, səma və günəş yenidən üzümə təbəsssüm etsin? Necə edim ki, çiyələyin ətrinə inanmağı yenə bacarım?
….Bir impuls, ümid axtarıram. Keçmişin ən doğma dadlarını geri çağırıram. Elfləri səsləyirəm. Balaca ayı balalarını çağırıram. Bal düzəldən arıları. İri yarpaqların və kolların qoxusunu. Bu taxta və paltar qoxusundan qurtulmaq üçün.. Bu daralmış zamanın təhqirindən azad olmaq naminə…
Vaqif Bayatlını oxuyuram. Onun şeirlərini tapıram. Onun şeirlərinin qoxusunu hiss etməyə çalışıram.
Bulaqların ruhundakı təbəssümü axtarıram, onun şeirlərində..
“Qardaşım ağaclar”
“Bacım çiçəklər..”
Françesko və Vaqif…Aranızda nə qədər illər var. Amma eyni ruha sahibsiniz. Eyni gözlərə, eyni ürəyə, eyni xəyala və eyni ümidə…
Nə qədər xoşbəxtsiniz. Necə oldu ki, o anların dadı ürəyinizi tərk etmədi? Necə oldu ki, günəş, necə oldu ki, yer və su gülüşünü kəsmədi sizin üçün? Nağıllların qırmızı və yaşıl alması necə oldu ki, masanızın üstündən çıxıb getmədi? Və pəncərənizdən kənardakı dünya hələ də çəhrayıdır. Və çiyələyin dadına hələ də inanırsınız…
….Keçmişin dadlarını çağırıram. Ürəyimin yalvarışını eşitdirirəm, onlara…Ruhumun həsrətini duysunlar deyə çalışıram…
Günlər gündən – günə cılızlaşıb, biraz da susuz olur…