“Kəlağayı”, “türk serialları”, “gəlinlər”… – TƏNQİD

Loading

Partizan” ədəbiyyatşünas Maral Yaqubovanın gənc yazar Əli Zərbəlininin “Qəhqəhə” hekayəsinə münasibətini təqdim edir.

Hər şey “Z.” kəndinin yekrəng, bezgin və misgin həyatının adi günlərinin birində, yeknəsəq, bürkülü yay axşamında  Sənubərin “can sıxıntısının” Abbasın “hırıltısı” ilə pozulması ilə başlayır. Abbasın qeyri-adi ölümü kəndin monoton ruhunda dalğalanmalar yaradır. Abbasın niyə güldüyü, niyə öldüyü yox, nəyə güldüyü bu kəndə daha maraqlıdır. Hətta, bu haqda fərziyyələrdən birində, eşşəyin əncir yeməsinə gülərkən öldüyünə inanılan stoik filosof Xrisippus da yad edilir.  Sonra  başqa bir “nə”nin (ikibaşlı buzovun doğulması) oyatdığı növbəti kütləvi təəccüb “gülməkdən ölməyi” də, Abbası da “Z.”-lilərin yadından çıxarır, bircə Sənubərdən başqa, çünki, bu əcaib “qəhqəhə” onun ən böyük qorxusuna çevrilir. Bütün bunlar “Qəhqəhə” hekayəsinin “nə”dən danışdığı haqdadır və ədəbiyyata qədərki hadisədir. Əsas məsələ bu hadisənin “necə” danışılmasında və bu “necə”də pərdələnən “niyə”sindədir.  “Z.” kəndinin sakinlərindən fərqli olaraq ədəbiyyat oxucusu məhz bu suallar ətrafında düşünür (düşünməlidir!), hekayənin məzmununu, yəni içini dolduran hadisə və situasiyalardan daha çox onların toxunma üsulu, bir-birinə hörülmə mexanizmi, şəkillənməsi, bir sözlə estetik olan ilə maraqlanır. Yaxşı bədii mətn oxucunun estetik fərziyyələri əsasında anlam qazanan, şərh oluna bilən mətndir

“Qəhqəhə” hekayəsində Abbasın gülməkdən ölməyinə sosial reaksiyanın (kütləvi təəccübün) ifadəsi və təsviri əsasdır. Diqqət  “Z.” kəndinin model kimi təqdimindədir. Həyatın hər üzünü görmüş Hafiz kişinin ehtiyatkarlığı, Şəfiqənin kortəbii qorxusuSalehin çaşbaş davranışı ilə xarakterizə olanın bu qapalı mühit sosial cəhətdən homogen tiplərlə xarakterizə olunur,  ünsiyyət anonimliyi yox dərəcəsindədir, güclü sosial nəzarət var, burada adətlər,  ənənələr, yerli nüfuz sahibləri dominantdır (məs, doktor Fətəliyev kimilər nüfuz sahibi ola bilmir), bir sözlə tipik kənd modelidir. Model də, təsviri də bizə çox tanışdır. Təkcə, girişi qaşın çoxdan qaraldığı, kişilərin ya naxırdan, ya da örüşdən gəldiyi vaxta (əl-ayağın həyət bacadan yığıldığı zamana!) təsadüf edən nə qədər mətn saymaq olar.

Əslində müasir kəndin sosial kateqoriyaları artıq dəyişir, məsələn naxırçıları, örüşçüləri bugün fermerlər əvəz edir, amma ədəbiyyatımız nədənsə kəndə hələ də eyni yerdən baxır. Oxuduğumuz hekayədə də məhz bu baxış estetik olanı köhnəldir, daha doğrusu, mətn köhnə estetika üzərində qurulmağa meyillənir. Bu meyillənmə mətnin zamanda qurulmasına təsir edir, anlaşılmazlıq yaranır. Bir tərəfdə “türk serialları” hadisələrin zamanını indidə kodlaşdırır, digər tərəfdə, çeşmə başı, diskli telefon, kələğayı zamanı aparıb harasa keçmişə bağlayır. Köhnə estetikaya meyillilik təhkiyəçinin perspektivinə də təsir edir. Kəndin qadınlarının “gəlin” adı altında maskulin qütbdə sıxışdırılması hekayəni qocaldır və lokallaşdırır. Təhkiyəçinin perspektivində Hafiz kişinin toxtaqlığının qəti zəminini görürük, Şəfiqənin kortəbii qorxusu isə səthi qalır.

Qısaca, Əli Zərbəlinin “gülməkdən ölmək” kimi nadir, lakin tibbi izahı olan, patoloji situasiyanın dar sosial reaksiyada əcaibləşmə potensialını görməsi, hər şeyi bir kənara qoysaq, fərqli konseptlərdən qidalanan gülmək və ölmək feillərinin linqvistik qatda yaratdığı təzaddan bəhrələnməsi maraqlıdır, yenidir. Lakin, estetik köhnəlik yeni olanın sərbəst şəkildə mətnləşməsinə mane olur, sanki onu redaktə edir. Müasir ədəbiyyat isə təkcə mövzunun müasirliyi ilə deyil, estetikanın (bütün qatlarda) bu müasirliklə ayaqlaşa bilməsi ilə ölçülür.

“Qəhqəhə” hekayəsində tam göstərə bilməsə də, Əli Zərbəlinin yaxşı potensialı var, cəsarətlidir, başqa hekayələrində və yazılarında müasir ədəbiyyat duyğusu, estetik zövqü olduğu aşkar görünür. Düşünürəm ki, daha yaxşı mətnlər yaza bilər və yazmalıdır.