“Partizan” Polşada təhsil alan yazar Lamiyə Həbibovanın “Sənətdəki oyun, oyundakı sənət” essesini təqdim edir.
Bu yazı ilin ən uzun gecəsində, akademik təhsilimin tən ortasında, ayın müjdəli günlərindən birində soyuq Varşavada oyaq qalmış emosional yaddaş və poetik cəlbedilmə nəticəsində ərsəyə gəldi.
İnsan növü olaraq indi təkamülün hansı mərhələsindəyik bilmirəm, amma bu ən uzun gecədə sizə başlanğıcda insan olmaq yolunda başımıza gələn ən gözəl hekayəni danışa bilərəm.
Başlanğıcda günlər uzun idi. Sonra əcdadlarımız oldu və onlar sadəcə analar və övladları idilər. Əhalimizin təsəvvüründə ilk səslənişdə heç bir əks-səda yaratmayan ibtidai icma quruluşunda və ya prehistorik (tarix öncəsi) dövrdə bəşərin dünya ilə münasibəti bir tifilin anası ilə keçirdiyi çalxantılı südəmər dövr qədər müşahidəyə dəyər perioddur.
Anadan, təbiətdən savayı təmin ediləcək qidası, sığınacaq yuvası olmayan, dilini ən tez başa düşən kitabsız həyatın “nitqsiz” bəşəri başlanğıcını təbiətdən götürür və elə ora da qayıdır, qurda-quşa
yem olurdu.. ta ki körpənin sərt qida ilə tanış olmaq vaxtının çatdığı, öz dünyasında yeni absurdlar kəşf etdiyi, bundan da önəmlisi, körpənin mən qavrayışının yaranıb anasına baş qaldırdığı ana qədər.
Bioarxeoloji analizlərə görə, südəmərlik çağında körpənin bədənindəki nitrogen atomlarının çəkisi ananın bədənindəkinə nisbətən daha çox olur, çünki körpə təkcə anasının südünü
əmmir, həm də bütün faydalı mineralları öz bədəninə qəbul edir, lakin sərt qidaya keçdikdən sonra isə bu atomların sayı körpədə azalmağa başlayır və ananınkına bərabər olur.
Əvvəllər heyvan ovlayıb yüksək proteinli qida ilə həyat sürən karnivorlar (ətyeyənlər) anadan ayrılmağın bədəlini kənd təsərrüfatı və fermerliyə keçidlə itirdikləri boy, çəki ölçüsü və protein miqdarı ilə ödədilər.
Əvvəlcə güclü soyuqlar düşdü, qışın oğlan çağları sonsuz günlər boyu bir-birini əvəz etdi, səbrlər və yeməklər eyni anda tükənməyə başladı. Beləcə, anadan ayrılanlar böyüyüb evlərini də tərk etməyə, miqrasiya etməyə qərar verdilər. Kimiləri başlarını
götürüb Anadoludan Şərqi Avropaya, kimiləri Afrikadan İberiyaya köç edib yeni genlər, yeni ailələr yaratdılar. Sonra buzlar əridi, övladlar böyüdü və bir zamanlar cənnətdən qovulan, təbiətindən, öz anasından ayrı düşən və sığmadığı qınına bir də geri dönə bilməyəcəyini başa düşən insan bu ayrılığa daha artıq dözə
bilməyib elə bir ölümsüz vasitə yaradır ki, bu vasitə bütün yoxları var edir, bütün itirilmişlərə təskinlik gətirir və bütün izdirablara məlhəm olurdu. Bu vasitə insanın ilk dəfə öz ölümlülüyünə həsr etdiyi sonsuzluq ilahisi olan sənət idi!
Bəli, sənət insanın anadan ikinci yaradılışı və yaşamağın səbatsız təbiətindəki yenidən doğma instinkti idi. Başlanğıcı mağaralara, mağaralardan alleqoriyalara aydınlıq verən ibtidai sənət övladları anaya duyduqları həsrətə gil və su qatıb ona tanrı dedilər, onu
kumirləşdirdilər. Artıq bütün evlərin gildən anası gətirdiyi qadınlıq enerjisi ilə torpaqları bərəkətli etdi, yeməkləri çoxaltdı, karvankeçməz səhralara su gətirib qara günləri geridə qoydu.
Böyüdük, böyüdük, tövşüyərək dördnala qaçdıq gələcək günlərə.. ta ki ayağımıza bir metal parçası ilişib bizi ləngidənə qədər.
Rənglərin soyuduğu, metalların qızdırıldığı, sakit Neolit inqilabından sonrakı noyabrda Alfredo “sənət gələcəklə doldurulmuş bir silahdır” deyib özünü qurban verdi, amma biz yenə ölmədik.. çünki bu metal dövründə biz, arzuları şahə
qalxan insan sənətimizlə yaratdığımız fərqi gördük, sənəti üstünlüyümüzə, rifahımıza və elitamıza xidmət edən vasitəyə çevirdik.
Tunc dövrü özünə heyranlığı kəşf edən insanın gölə əyilib suda öz əksini görüb heyranlıq duyduğu dövrdür. Tarixöncəsi insanın metalın istifadəsini sənətə çevirməyi, metaldakı kimyəvi prosesləri hər incə detalına qədər maşahidə etməyi və qənirsiz sənət nümunələri yaratmağı sadəcə heyrətləndiricidir. Metalın özü, ərintisi və qarışığı üzərində bilgi hakimi olmaq, təbiətdəki yaşam, qida, heyvan ovu qayğısını aşıb sənətin nəhayətsiz dərinliklərinə baş vurmaqdan doğan ehtirasın içindəki mistik motiv kainatda əbədi qalmaq, həyatla ölüm arasındakı sərhədləri aşmaq və anadan gələn doğmaq instinktidir. Gündəlik istifadəyə tamamilə əlverişsiz, toplu istehsal üçün nəzərdə tutulmayan, təkrar edilə bilməyən, edildiyi təqdirdə də keyfiyyətsiz imitasiya ilə nəticələnən bu qüsursuz metal dövründə sağ qalmağımız da buna görə oldu. Sənətin şəfalı gözləri hamamızı sağaltdı.
Mən isə bütün bu nəticələrə iki sezondur oxuduğum universitetdə Tunc dövrünün müxtəlif aspektlərini araşdraraq gəlmişəm. Universitetdə ilk öncə Tunc dövrü elitlərinin cəmiyyətdəki rolunu, istehsal, ixracat və idxal monopoliyasına sahibliyini, uzaq ölkələrə səyahət edə bilmə lüksünü, saraylarındakı tanrılarına verdikləri qurbanların mahiyyətini mənimsəyib, daha sonra metalın və kimya
elminin Tunc dövrü adamının təfəkküründəki inikasını təcrübə eləmişəm. İngilis əsilli doktorumuz nəcib Stefani xanım bizə mis vərəqlər paylayaraq yaradıcılığımızı işə salmağımızı və iş prosesində nələri təcrübə etdiyimizi bölüşməyimizi istəyəndə mən də simvolik bir nəsnə seçib mis vərəqə xarı bülbülü həkk edib, gülün hekayəsini nəql etmişdim. Yoxlama-yanılma mərhələsində
müşahidə elədiyim bütün eksperimentlər zamanı dərk elədim ki, hər gün biri digərini inkar edən telefonlarımızın modelləri, təbiətimizi özünə hakim qılan texnologiyanın əlçatmaz sürəti zaman qavrayışımızı yerlə-bir edib.
10 il öncə baş verən hadisələrdən indi durduğumuz nöqtəyə sanki heç bir sürət qatarı gedə bilmir. Buna görədir ki, tarix öncəsi yaşanmışlıqları xəyalımızda canlandırmaq zövqündən də məhrumuq. Halbuki ilk ocağın kəşfindən metal inqilabına qədər
uzanan və bitmək bilməyən minilliklər fərqi ilə ölçülən zaman kəsiyində mövcud olanlar da biz, Sapiyenslər idik. Yaradıcılıq və məhsuldarlıq, yaratmaqdakı keyfiyyət və məhsuldarlıqdakı kəmiyyət arasındakı incə fərqi hiss etdikdən sonra
indi günlərimizin nəyə görə bu qədər sürətli keçdiyi və otaq dolu xatirələrin çoxaldıqca unudulmağa məhkum olduğu həqiqətinə də aymış oldum.
Başlanğıcda günlər uzun idi. Metal dövründə sağ qalmağımız da buna görə oldu.
Sənətin şəfalı gözləri hamımızı sağaltdı.
2022 dekabr, Varşava.