Türkiyədə casusluq edən Azərbaycanlı qadın kimdir? -SƏNƏD

Loading

20-ci əsr tariximizdə maraqlı əhvalatlar və şəxslər olub ki, araşdırılması, barələrində yazılması öz tədqiqatçılarını gözləyir.

 

Dostum, şair Vaqif Bayatlı mənə maraqlı bir əhvalat danışıb. Bir Azərbaycan xanımı haqqındadır.

 

Vaqifin dediyinə görə, ötən əsrin 30-40-cı illərində sovetlər əleyhinə cəsusluqla məşğul imiş.

 

Əslən Cəbrayıldan olan xanımla bağlı əhvalatın bəzi bəlli ayrıntıları Vaqifin yaşlı qohumlarından kiminsə, yaxud atasının xatirəsində qalıbmış, onlar da bunu Vaqifə danışıbmışlar.

 

Xanım bir Azərbaycanlı sovet diplomatının həyat yoldaşı imiş. Cəsusluğunun o dövrdə səbəbləri haqqında oxşar versiyalar var: ya sovetlərə qarşı sadəcə nifrəti varmış, ya valideynləri Cumhuriyyət dövründə vəzifə tutduqlarına, ya sinfi mənsubiyyətlərinə görə təqib olunubmuşlar, ya da özü gizli musavatın üzvü imiş. Və bu səbəblərdən birinə, yaxud hamısına görə həyatını riskə ataraq sovetlərə qarşı mübarizə yolunu özü üçün belə müəyyənləşdiribmış. Vaqifin atası da, dediyinə görə, Cəbrayılda gizli müsavat özəyinin üzvləri ilə sıx əlaqədə olubmuş.

 

Əhvalatın kasad xülasəsi belədir ki, xanımın həyat yoldaşını Türkiyədə sovet səfirliyində işləməyə göndərirlər. Özünün oraya gedişinə icazə olmur. O zaman xanım SSRİ rəhbərlərindən biri Kalininə şikayət məktubu yazır, özünün timsalında sovet qadınının ailə hüququnun pozulduğunu bildirir və xahiş edir ona Türkiyədə sovet səfirliyində çalışan ərinə qovuşmaq üçün oraya ezam edilməsinə icazə versinlər.

 

İstəyinə nail olur. Gedir Türkiyəyə. Orada cəsusluq fəaliyyətini davam etdirir. Sovet kəşfiyyatı səfirlikdən dövlət əhəmiyyətli məlumatların sızdırılmasını duyunca təhqiqata başlayır.

 

Xanım cəsusluq fəaliyyəti faş olacaq əndişəsi ilə qərara gəlir aradan çıxsın. Ərinə dərziyə paltar biçiminə gedəcək deyib yaşadığı evi tərk edir və qayıtmır. Deyilənə görə, sovet kəşfiyyatı o qadını Türkiyə ərazisində qətlə yetirməyə nail olur.

 

Vaqif deyir, çox gözəl, əsilli-nəcabətli bir xanım imiş. Əslində, bəlkə də ilk Azərbaycanlı qadın imiş ki, belə bir cəsarətli fəaliyyətdə bulunubmuş. Vaqif onun adını xatırlamırdı.

 

Dostumuz Ədalət Tahirzadədən xahiş etdim DTK arxivində çalışarkən bu əhvalatı diqqətdə saxlasın, bəlkə hansısa mühüm sənədə rast gələ.

 

Çox sağ olsun, maraqlı bir sənəd əldə etdi. Xanımın adı Sənubər imiş, familiyası Həsənova (qızlıq familiyası Hacıyeva). Sənəd ruscadır, onun ərinin, SSRİ-nin Türkiyədəki səfirliyində ikinci katib vəzifəsində çalışmış diplomatın həbs edilməsi, Azərbaycanda nazirliklərin birində vəzifə tutan qardaşının işdən çıxarılması və işdən çıxarılmasının əsl səbəbinin özünə deyilməsi ilə bağlı dövlət sirrinin aşkarlanmasına dair təhlükəsizlik rəhbərlərindən birinin arayışıdır.

 

Əlbəttə, üzə çıxarılası, dərindən araşdırılası hadisədir. Bəlkə Türkiyənin müvafiq arxivlərində daha təfərrüatlı nələrsə olar. Bizim arxivlərdə başqa sənədlər də, ola bilsin, var, Moskvada da olmamış deyil. Həmin xanımın qohumlarını da tapmaq olar.

 

Sənədli film də, bədii film də çəkilə bilər.

 

Nəriman Qasımoğlu