Bəhram Bağırzadə: “Heç vaxt pornoqrafik, İslam dininə zidd filmlərə çəkilmərəm”

Loading

“Partizan” Əməkdar artist, aktyor, naşir Bəhram Bağırzadənin müsahibəsini təqdim edir. Müsahibə elektron mediada ilk dəfə dərc olunur. 

Əksərimiz sizi aktyor kimi tanıyırıq. Amma 10 gün əvvəl Avstriyada idiniz, Vyanada foto və karikatura sərginiz nümayiş olundu. Avropa tamaşaçısının reaksiyası necədir?

Bu mənim səhv etmirsəmsə, 7-ci fərdi sərgim idi. Sərgilərim olub, “Bakının köhnə şəkilləri”, “karikaturalar”, “fotolar”, rəhmətlik atamla “Atalar-oğullar” sərgisi – papa yağlı boya ilə işləyirdi, mən karikatura. İlk sərgim 20 il bundan qabaq 1996-cı ildə olub, iyun ayında, “Polis günü”ndə. Atamla. Allah elə qismət elədi ki, düz 20 il sonra Avstriyada “Vyana Beynəlxalq Mərkəzi”ndə növbəti sərgim oldu. Hansı ki, orada 5 böyük təşkilat yerləşir, “MAQATE” və s. Bildiyim qədərilə minlərlə adam sərgidə iştirak elədi. Baxdılar əl işlərimə. Bakının köhnə və modern tikililərinə, yeni memarlıq işlərinə. Və mən qeyd elədim ki, şəkillərimdə Bakının yalnız 20% var. Qalan 80%-ni görmək istəyirsizsə, təşrif buyurun bizim Bakımıza. Əgər bu yay İslam Oyunlarına və ya “Formula-1”-ə minlərlə adam gəlsə, bilin ki, 4%-ni mən gətirmişəm. (Gülür)

Bakıdakı sərgilərinizi seyr edənlərlə, Avstriyadakı tamaşaçıların reaksiyasında fərq gördünüz?

Çox gözəl idi. Səmimi idi. Avropalılar emosiyalarını üzə çıxarmaqdan çəkinmirlər. Təbəssüm edirlər, gülürlər. Hiss olunur ki, onlar müəllifin qələbəsinə, uğuruna sevinir. Baxıb deyirlər: “Vaauvvv, Mister Behram!”, “Super!” və s.
Əfsuslar olsun ki, bizdə bəlkə də insanlar daxillərində düşünürlər ki, bu karikaturalar yaxşıdır, amma onu dilə gətirə bilmirlər. Təəssüf ki, bizim insanlarda çox böyük kompleks var. Amma xaricilərdə o yoxdur. Bəli, onlar qəbul edirlər ki, insan aktyor da ola bilər, eyni zamanda naşir də ola bilər, eyni zamanda, karikatura, foto da çəkə bilər. Bizimkilərsə, əfsus ki, üzümə də yox, arxamca danışırlar ki, “Aaaa, Bəhram özünü həyatda tapa bilmir. Gah özünü rejissorluğa verir, gah aktyorluğa, gah naşirliyə. Karikatura çəkir”. Halbuki, üzr istəyirəm ifadəmə görə, mənim o insanlara yazığım gəlir ki, özlərini tapmayıblar. İndiyə qədər bir işlə məşğul olurlar. Mən bir neçə sahədə istedadımı cilovlaya bilmişəm. İstedad hər kəsdə var, sadəcə onu püxtələşdirmək lazımdır. İndi də sizinlə söhbət edəndən sonra növbəti 3D sərgimə hazırlaşmağa gedəcəm. Dekabrda, ya da mayda sərgim olacaq, sizi də dəvət edirəm.
Yəni mən özümü bir neçə istiqamətdə tapmışam. Düzdür, insan öz sənətində axtarışda olmalıdır. Amma həmişə bir işlə məşğul olanda bu insanı peşəkar idiotizmə gətirib çıxarır. Ona görə də, hər 3 aydan bir, 1 ildən bir öz sahəmi yeniləyirəm. İstəsəm şəkil şəkirəm, kinoya çəkilirəm, reklama çəkilirəm. Yaxud heçnəylə məşğul olmuram. Ola bilsin 1 ay heçnəylə məşğul olmuram.

 

Bəs işləməyəndə, qazanmayanda…

Elə vaxt olur ki, reklama çəkilirəm – halbuki bizim insanlar mənə irad tuturlar ki, yekə kişidir, gedib “poroşok”u reklam edir – başa düşmürlər ki, bu mənim sənətimdir, mənim işimdir, burdan çörək qazanıram – reklamdan bir günə qazandığımla 6 ay işləməyə bilərəm. Niyə də yox? Və yaxud, çoxları gülür mənə ki, gedib “poroşok” reklam edir, fikirləşmirlər ki, mən gedib İsveçrə, Almaniya, Amerika şirkətlərinə deməmişəm ki, “Salam aleykum, mən yaxşı oğlanam, məni reklama çəkin”. O boyda möhtəşəm şirkətə çəkilmək üçün mən xeyli mərhələ keçmişəm. O şirkətlər Azərbaycanda sorğular keçirib, 10 tanınmış namizəd arasından sorğularla 3 şəxs müəyyən edilib. Sonra o 3 nəfər haqqında min  nəfərdən sorğu alıblar ki, bu 3 nəfərdən hansı efirdən bir məhsul haqqında danışsa, ona inanarsınız. Çoxu deyib ki, Bəhram Bağırzadə. Yarım il Azərbaycanda araşdırmalar aparılandan sonra məni seçiblər. Mən onların qapısını döyməmişəm. İndi mən burdan o dar düşüncəli adamlara mesaj vermək istəyirəm ki, xarici şirkətlər mənim sənətimə hörmət edir, amma onlar burdan-bura mənə deyirlər ki, “yekə kişidir, gedib reklamda çəkilir”.

Bir ölkədə KVN sahəsinin uğur qazanması yalnız bu işlə məşğul olan aktyorlardan asıllıdır? Yoxsa, burada ölkədəki siyasi, ictimai, sosial vəziyyətin təsiri var?

Birinci növbədə dövlət bunda maraqlı olmalıdır. Əgər onlar istəyirsə gənclər intellektual olsun, asudə vaxtlarını düzgün keçirsinlər, savadlı olsunlar Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən ciddi işlər görülməlidir. Və gəclər mərkəzləri ilə, məktəblərlə, universitetlərlə işləməlidirlər. Çempionatlar keçirilsin. Azərbaycanda KVN hərəkatı olmasa, hansısa bir KVN komandamızın beynəlxalq çempionatda qalib gəlməsi mümkün deyil. Sistem olmalıdır.

Təxminən 15-20 il əvvəl konsertərinizdə parodiya hədəfi çox yüksək idi. Hətta səhnəciklərdə prezidentlərin görüşlərini də görürüdük. İndi vəziyyət deyəsən bir az fərqlidir.

Yox. Bu yaxınlarda da  konsertimizdə belə səhnələr olub, yenə də var. Sadəcə bu sualın yaranmasına səbəb bizim televiziyalarımızdır. Televiziyalar bizim KVN-ə qadağa qoyub. Təəssüf ki, tamaşaçılar o səhnələri artıq görmür. Var. İldən ilə daha da şiddətlidir.
Problem televiziyalarımızın bədbəxtliyindədir. Onlar artıq KVN komandasının çıxışlarını göstərməyə qorxurlar. Böyük problemdir. 2 ildir bizi efirə buraxmırlar. Fərd olaraq dəvət edirlər, amma KVN səhnələri olmaz.

Sənət adamının siyasi, ictimai mövqeyi hansı dərəcədə önəmlidir? Və mövqeyini bildirməkdə cavabdehdirmi.

Olmalıdır. Mütləq olmalıdır. Ancaq siyasətlə məşğul olmamalıdır. Zənnimcə sənətçi sənətdə qalmalıdır və müxalif olmalıdır. Müxalifətçi yox, müxalif. Müxalifətə qarşı da, iqtidara qarşı da müxalif olmalıdır. Sənətçi özünü intellektual, aristokrat hesab edirsə, mütləq mövqeyi olmalıdır. Üzə deməyi bacarmalıdır. Tribunadan sözünü səsləndirməlidir. Amma heç bir siyasi partiyaya üzv olmalı deyil.

Sənət filmi çəkmək istəyən gənc rejissora filmində təmənnasız çəkilərək dətsək verərsiz?

Məsələn, siz mənə zəng elədiniz. Sizə bir jurnalist, yazar kimi, eyni zamanda bir gənc kimi hörmət elədim, gəldim. Bu müsahibə ola bilsin getməsin, yayımlanmasın. Amma mən bu müsahibəni daha çox sizə, bir gənc jurnalistə görə verirəm. Eləcə də indi bir gənc rejissor zəng eləsə ki, “Bəhram, belə bir şey var”. Mən həmən razılıq verərəm. Düzdür, bu öncə baxır rejissorun çəkdiyi ssenariyə. Məsələn, mən heç vaxt pornoqrafik, İslam dininə zidd filmlərə çəkilmərəm. Amma görsəm ki, həmin gənc həqiqətən də çalışır, sənətə can atır, çəkilərəm. İnanın, çox çəkilmişəm belə filmlərə, sosial çarxlara. Qısametrajlı filmlərə köməyim də olub. Autizm, talassemiya ilə bağlı çarxlara dəfələrlə təmənnasız çəkilmişəm. Bu gün də buna hazıram.

Azərbaycanda müəllif, sənət filinin inkişafını görürsünüz? Gənc rejissorlardan işlərini izlədiyiniz var?

Sərdar, hər şey savad, elm, təhsildən asıllıdır. Təəssüf ki, bizdə vəziyyət yaxşı deyil. Azərbaycan vətəndaşı, millətindən asıllı olmayaraq, hərəsi bir sahədə istedadlıdır. Sadəcə bunu sistemləşdirmək lazımdır ki, onlar ürəkləri istədiyi işlə məşğul ola bilsinlər. Mən hələ bir azərbaycanlı tanımıram ki, xaricə getsin, orada qalxmasın, nəsə əldə eləməsin. Rusiyada rəsmi olaraq 500 milyonçu biznesmen var. Bu hələ rəsmi qeydiyyatda olanlardı ha. Görün indi qeyri-rəsmi nə qədər azərbaycanlı milyonçular yaşayır Rusiyada. Təsəvvür edirsiniz?

Biznesdən kənar necə? İctimai müstəvidə, mədəniyyət sahəsində uğur qazananları tanıyırsız?

Var e, Sərdar, vallah var. Finlandiyanın baş rejissoru azərbaycanlıdır. MAQATE-də baş mütəxəssislərdən biri azərbaycanlıdır. Nobel mükafatçısı… Bilirsiz nə qədər var? Moskva onkoliji instutda 50% həkimlər azərbaycanlıdır. Azərbaycanda onlar üçün yer tapılmır. Türkiyədə o qədər peşəkar musiqiçilərimiz var. Tələbat yoxdur Azərbaycanda, qalıblar belə. Maaş yox. 10 milyonluq əhalisi olan ölkənin 1 dənə simfonik orkestrı var. Türkiyədə yüzlərlədi. Bakıda 15-16 teatr olar, ya olmaz. Ovuc içi boyda, 3 milyon əhalisi olan Tallində 140 dənə teatr var. Bax, problem burdadı. Bilirəm, bu problemləri yazmayacaqsız, nə isə deyirəm də.

Nə danışsaz, yazacayıq Bəhram müəllim.

Baxın, əfsuslar olsun ki, Azərbaycan MDB ölkələri üzrə ingilis dilini bilənlərin sayına görə ən sonuncu yerdədir. Məsəl üçün, İcra hakimiyyətləri nəzdində, lap “JEK”lərdə otaqlar təşkil etmək olmaz, hansı ki, orada dövlət hesabına insanlara ingilis dili öyrədilsin? Xarici Dillər Universitetinin tələbələri qalıblar işsiz. Dəvət eləsinlər, gündə bir 40-50 nəfərə dərs desinlər. 5 ilin içində MDB-də ilk 3-lüyə düşmərik, belə olsa?

Təbii ki, düşərik. Bu sözləri sizin kimi ictimai fiqurdan eşitmək çox gözəldir. Futbol…

Futboldan danışmayaq. “Как можно говорить о том, чего нет?” (Olmayan şey haqqında necə danışmaq olar?)
KVN-dən sual verdiz, danışdıq, karikaturadan, rəssmalıqdan, fotodan… Futboldan necə danışaq? Əgər Azərbaycanda bu şey yoxdursa.
(Bu arada söhbət etdiyimiz məkana zövqlə geyinmiş bir insan daxil olur. Bəhram Bağırzadə söhbəti saxlayıb bu mövzuda danışmağa məcbur olur)
Allah mənə bu istedadı verib. Ona görə zövqlə geyinən insan görəndə biganə qala bilmirəm.  Surətpərəstəm. İstəyirəm bizim millət qəşəng geyinsin. Bax, sizdə də əyninizdə yaşıl köynək, yaşıl jilet və əlinizdə yaşıl qələm. Gözləriniz də yaşıl. Tamamlamısınız. Bahalı şey deyil bunlar. Sadəcə bunu bilmək, tamamlamaq çox önəmlidir. Əfsuslar olsun ki, məmurlarımız 15 mim manatlıq kostyum geyinir, 500 manatlıq qalstuk taxır, 3 min manatlıq ayaqqabı… Amma zövq deyilən şey yoxdur.
Ona görə də dəfələrlə demişəm ki, Təhsil Nazirliyi rəssamlıq dərsləri təşkil etməlidir. 1-ci sinifdən, 11-ci sinfə qədər. İnsanlar rəngləri, çəkməyi bacarmalıdırlar. Şəkil çəkməyi bacaran insanlar düzgün geyinməyi bacarır, evi təmir edəndə memarı, dizayneri incitmir. Ofisdə də, şəhərsalmada yararlı olur. Mədəni insan olur. Ona görə də bunları təbliğ etmək lazımdır.

Sərdar Amin

(2016)