“Partizan” Tural İsmayılovun yeni – “Şizoid” hekayəsini təqdim edir.
Amil yenə də “gurultulu” baxışlarla tək-tənha idi. Beyninin içində elə bil ki, fişənglər partlayırdı. İnsanların onu anlamaması bir tərəfə, qəlbinin dərinliklərində onu xəstə hesab etmələrini də vecinə almırdı.
Atası müharibədə öləndən bu yana anası atasının mağazalarını işlədirdi. İşlərin maliyyə hissəsinə nəzarət edirdi. Sadəcə olaraq o, adi insanların maraqlandığı şeylərlə maraqlanmırdı.
Amil anlayırdı ki, həyat onun rəngarəng iç dünyasından daha qəliz və həmçinin daha bahalıdır. Amma həm də bilirdi ki, ona qoyulan diaqnoz gerçəkliyi çox da ehtiva etmir.
Axı Erix Fromm da deyirdi ki, “yalnızlığı sevmək dəlilik deyil”.
Bu qədər saxta kütləvilik fonunda qeyri-səmimi “yalnız olmayanlar” elə təkliyin kultu idi Amilə görə. Sadəcə Amil onlardan fərqli olaraq öz beyninin içində yaratdığı dünyada xoşbəxt idi, güclü idi.
Anası səhər yenə onu danlayırdı:
“Dur get işə, bu gün də evdə qalma”.
– Mən Karl Saqanın sonuncu kitabını da bitirməliyəm. Sən heç bilirsənmi ki, ana, bu sonsuz kainatda, bu sonsuz dünyada biz nə qədər mənasız şeylər üçün yaşayırıq?
Anası bir az susdu, düşünər kimi etdi və sonra da Amilə tərs-tərs baxıb əlavə etdi:
– Normal adamın ailəsi olar, atasından qalan işi idarə edər, uşağı olar, mən öləndən sonra təkcə nə edəcəksən?
– Ana, Məşhur Hubble teleskopunun artıq 32 yaşı olmasına baxmayaraq o, yeni rekorda imza atıb. Belə ki, sözügedən teleskop indiyənə kimi aşkar edilmiş ulduzlar arasında Yer kürəsindən ən uzaq məsafədə yerləşən ulduzu kəşf edib. Məlumata əsasən kəşf edilmiş ulduz kainatın yaranmasının ilk milyard ilində yaranıb. Gözləntilərə əsasən həmin ulduz artıq kosmosa göndərilmiş James Webb teleskopu üçün vacib müşahidə obyektlərindən biri olacaq. Bundan öncəki rekorddan fərqli olaraq aşkar edilmiş yeni ulduz keçmişə doğru böyük bir addımdır.
– Amil, dərmanlarını içirsən?
– Psixiatr mənim sonsuz kainat sevgimə diaqnoz qoyub deyə sən də mənə birmənalı yanaşırsan. Halbuki, mənim iç dünyamda elə tufanlar qopur ki, ana.
Anası bir söz demədən çıxdı.
Amil əlində Ayzek Azimovun “Mən robotam” kitabını vərəqləyərək düşünürdü ki, toya dəvətnamə gələndə qarğış edib, toy günü “xoşbəxt olasız” deyən anası şizoiddir, ya o özü?
Elə bunu düşünən məqamda telefonuna SMS gəldi:
“Hörmətli müştəri, sizin kreditiniz üçün son ödəmə tarixi bu gündür”.
Kitablar yarımçıq qaldı, Amil banka getmək üçün əynini geyindi…