Etiket arxivi: etiraz

“Onlardan biri “türkisən?” dedi” – Tehranda etirazçıların döydüyü azərbaycanlı jurnalist yazır – Fotolar

Loading

“Partizan” bir neçə gün öncə Tehran, Təbriz, Urmiya və digər şəhərlərə səyahət edən Arzu Rzasoyun reportajını təqdim edir:

7 oktyabr. Tehran hava limanı

Hava limanında ilk olaraq valyuta dəyişmə məntəqəsinə yaxınlaşdım, lakin cümə günü olduğundan əskinasları qalmamışdı. Bunun məni gözləyən əsas problemin bir xəbərçisi olduğunu düşünsəm də, nikbinliklə metroya doğru getdim. Eybi yox, valyuta dəyişməyin bir yolunu taparam deyə hava limanından ayrıldım.

Quru sərhədlərdə gördüyümüz pul dəyişən dəllallar da olmadığı üçün metro işçisinin “bir az gözlə, səni göndərməyin bir yolunu taparıq” deməsindən sonra 1 saat gələcək qatarı gözləməyə başladım.

Bir neçə dəqiqə sonra metro işçisi Bakıdan gələn Şirxan adlı həkimi yanıma gətirərək bizi tanış etdi. Şirxan həkimlə valyuta dəyişdikdən sonra metro bileti aldıq. Müasir metro qatarı ilə şəhər mərkəzinə doğru yola düşərkən çox üşüdüm. Kondisioner axşam saatları olsa da, söndürülməmişdi və qatar çox soyuq idi. Amma nə bilərdim ki, sabah metronun bu soyuq havası mənim üçün təmiz oksigen əvəzi olacaq. İmam Xomeyni metrosuna çatdıqdan sonra həkimlə yollarımız ayrıldı və qalacağım hostelə getdim

8 oktyabr 2022 . Tehran – İmam Xomeyni meydanı

Səhər tezdən ilk olaraq muzeyə çevrilən ABŞ-ın Tehrandakı keçmiş səfirlik binasına getdim. 4 noyabr 1979-cu ildə iranlı tələbə fəallar səfirlik binasına basqın edərək işçiləri girov götürüb.

ABŞ və İran arasında diplomatik böhrana səbəb olan bu hadisə nəticəsində səfirlik binası 1 ildən çox radikal gənc fəalların işğalında qalıb. Hazırda böyük səfirlik binasının yalnız  2-ci mərtəbəsindəki bir neçə otaq ziyarətçilər üçün açıqdır.

Məlumatların şifrələnməsi, sənədlərin çap və məhv edilməsi üçün istifadə olunan avadanlıqlar, telekommunikasiya qurğuları və digər cihazlar, səfirin iş otağı, gizlin görüşlərin keçirilidiyi “kristal otaq” ziyarətə açıqdır.

Buradan ayrılıb valyuta dəyişmək üçün Firdovsi meydanına getdim. Yolboyu heç bir bank bu xidməti göstərmirdi və bunun yalnız  Firdovsi meydanında mümkün olduğunu deyirdilər.

Nəhayət, meydandakı uzun növbədən sonra valyuta dəyişə bildim. İslam respublikasınının paytaxtında kilsələri görmək istədiyimdən bütün kilsələrə getdim. Hamısı bağlı qapı və hündür hasarlar arxasında olduğundan yalnız uzaqdan baxa bildim. Milli bank muzeyi, İran milli muzeyi və İslam mədəniyyəti muzeyini gəzdim. Hər biri özünəməxsus, maraqlı və qiymətli eksponatlarla zəngindir.

Günorta saatlarınadək şəhərin fərqli yerlərini gəzmiş olsam da, üsyan və ya hansısa narahat bir məqamla qarşılaşmadım . Metroda saçı açıq gənc qızlar qarşıma çıxsa da ona irad tutan polis və ya başqa şəxs də olmurdu. Hava limanından hostelə gələrkən motosiklet sürücülərinin çoxluğu və piyadalara yol verməməsi məni çaşdırsa da, sonradan anladım ki bəzi enli küçələrdə sağ zolaq məhz onlar üçün ayrılıbmış. Onun üçün artıq şəhəri gəzərkən onlara diqqət edirdim.

İslam mədəniyyəti muzeyindən çıxıb  Poçt və telekomunikasiya muzeyinə gəldim. İşçilər içəridə olsa da, qapını bağlamışdı və sabah gəlməli olduğumu bildirdilər. Səbəbini bilmədim, Gülüstan sarayına doğru yolumu dəyişdim  və dünən axşam qaranlıqda gəldiyim İmam Xomeyni meydanına çatdığımı anladım.

Yol gedərkən çoxsaylı motosikletləri videoya çəkməyə başladım. Meydanda bir neçə yerdə tüstülənmələr, aşmış zibil yeşikləri də vardı. Yəqin nəsə xırda qarşıdurma olub düşüncəsilə video çəkməyə davam etdim . Saraya doğru dönərkən çəkilişi dayandırdım. Bu anda arxadan biri “Ağayi” deyərək mənə səsləndi. Mənə qəzəb dolu baxışlarını görüb dərhal qaçdım, daha doğrusu qaçmağa çalışdım. İki addım atan kimi ətrafıma ən azı 30 nəfərlik kütlə toplaşdı. Qolumu arxadan tutub, başıma, boynuma vurdular, eynəyim yerə düşdü, onu vurub qırdılar. Mən isə qorxmuş halda qışqıraraq ingiliscə turist olduğumu deyirdim. Çantamı dartıb, telefonumu əlimdən almağa çalışırdılar. Bu kütlə məni vurub yerə yıxmaq istəyən zaman onlaran biri “türkisən?” deyə sual verdi. Azərbaycanca onunla danışmağa başladım. Mənə izah etdi ki, bu şəxslər üsyançılardır və hazırda nümayiş gedir. Onlar mənim casus kimi dövlətə məlumat ötürdüyümü düşünüb, ona görə məni zərərsizləşdirmək istəyib.

Üsyanlar zamanı mülki geyimli məmurlar çəkilişlər edib dövlətə ötürürmüş, məni də onlardan biliblər. Daha sonra arxadan başqa iki azərbaycanlı gəldi və videonu sildirdilər. Videonu silməmi farslar tələb edirdi. İki azərbaycanlı məni xilas edib apararkən həmin farslar təkrar gəldi və videonu silinmiş fayllar bölməsindən də sildirdilər. Daha sonra pasportuma baxıb azərbaycanlı olduğuma tam inandıqdan sonra məni buraxdılar. Elə bu anda motosikletli polislər də gəldi və meydandakı kütləni dağıtmağa başladı. İmam Xomeyni və növbəti stansiyaya girməyə icazə yox idi və biz qaçırdıq. Eynəksiz qaldığım və havaya gözyaşardıcı qaz buraxıldığı üçün çətinliklə gedirdim. Ətrafdakı bütün ictimai iaşə xidməti yerləri bağlanmışdı. Poçt və telekommunikasiya muzeyinin niyə bağlandığını indi anladım.

Biz qaçarkən rezin güllələr də atılmağa başladı və qaçan kütlə bir-birinə qarışdı. Nəhayət, Xəyyam stansiyasına çatdıq. İki azərbaycanlı farslardan şübhə etdikləri üçün məni metroyadək gətirdilər. Dünən havasının soyuqluğundan şikayət etdiyim metro indi təmiz havası olan rahat nəfəs aldığım ilk sığınacaq oldu.

Hostelə gəldim və möcüzə sayəsində xilas olduğum üçün Tanrıya şükür etdim. Hosteldə dedilər ki, neçə gündür sakitlikmiş, bu gündən “şuluxluq” başlayıb. (Üsyan və nümayişlərə şuluxluq deyirlər).

Növbəti günlərdə də günortadan sonra çöldə olmamağımı məsləhət gördülər. Ölkədə internet yox səviyyəsində idi, VPN ilə də girmək olmurdu. İlk iki gün gündə bir neçə dəqiqəlik internetə qoşula bilsəm də, son üç gün tam internetsiz qaldım. Bu halda Tehranda qalmanın bir önəmi olmadığı üçün Təbrizə daha tez getməyə qərar verdim.

9 oktyabr – Tehran-Təbriz yolu

2017-ci il may ayında Bakda  Fəxri xiyabanda olarkən cənubi azərbaycanlı bir qrup şəxs də xiyabanda ziyarətdə idi. Mən Sara Qədimovanın məzarı yanında olarkən onlar Vaqif Səmədoğlunun məzarına yaxınlaşdı. Orta yaşlı bir xanım “ bura nə üçün ayaqqabı mücəssəməsi qoyublar?” dedikdə orada yazılan misranın müəllifinin şair olduğu və vəsiyyət kimi həmin fikrə məzarında əməl edildiyini bildirdim. Bu məlumat onlar üçün çox maraqlı oldu və beləcə tanış olduq. Daha sonra bütün xiyabanı onlara gəzdirərək orada dəfn olunan şəxslər haqqında məlumat verdim.

Təbrizdə bir kitab evi

Tehranda olarkən həmin xanımın oğlu Oxtay ilə əlaqədə idim . Onların sabah Culfaya getdiyini bildikdə elə onlarla Təbrizə gedəsi oldum. Sabahı gün Tehranın Azadi meydanına daha sonra Oxtaygilə getdim. Ölkənin ikinci ən böyük meydanı azadlıq mənası verən Azadi adını daşıyır, amma xalq azadlıq üçün üsyan edir. Bunu düşündükdən sonra Azadi meydanı adamın gözünə qəribə görünür.

600 km-lik səfərdən sonra Oxtay və xanımı məni Təbrizdə bir müsafirxanaya qoyduqdan sonra Culfaya getdilər. Təbrizdə Tehrandakı kimi üsyanlar olmadığı üçün Tehrandakı hadisədən sonra özümü qismən təhlükəsizlikdə hiss etməyə başladım.

10 oktyabr – Təbriz və Tikmədaş

Səhər tezdən oyanıb əvvəlcə eynəkçilər pasajına yeni eynək almaq üçün getdim. Bağlı olduğundan Azərbaycan muzeyi, Göy məscid, Xaqani bağı və Ərk qalasını ziyarət etdim.

Daha sonra özümə yeni eynək almaqla iki günlük əziyyətim başa çatmış oldu. Şəhriyar və Qacar muzeyini gəzdikdən sonra İran səyahətimin əsas məqsədi olan Bostanabad şəhristanı yaxınlığındakı Tikmədaş şəhərində dəfn olunan Xəstə Qasımın qəbrinə getməyi qərara aldım. Tikmədaşda qədim qəbiristanlıqda dəfn olunan  Xəstə Qasım  aşıq ədəbiyyatının  məşhur  simalarından biridir. Xəstə Qasımın məzarı üzərində türbə ucaldılıb və şəhər mərkəzində heykəli qoyulub.

 

11 oktyabr – Urmiya gölü və Xoy

Səhər tezdən qədim Təbriz bazarını gəzdikdən sonra Urmiyaya yola düşmək üçün mərkəzi avtovağzala getdim. Avtobus azərbaycanlılar üçün mənəvi dəyəri olan Urmiya gölü üstündən keçdiyi üçün mənim üçün önəmli idi. Təəssüf ki ekoloji fəlakət yaşayan gölün yalnız mərkəzi hissəsində su qalıb və duz təbəqəsi tamamilə üzə çıxıb. Urmiya vağzalından Xoya bilet alaraq dərhal yola düşdüm. Xoy şəhərində Şəms Təbrizi və pəhləvan Purya Vəlinin qəbrini ziyarət etdim. Təbrizdən sonra ünsiyyətdə çətinlik çəkmədiyim şəhər olan Xoyda da azərbaycanlılar üstünlük təşkil edir

12 oktyabr –  Çaldıran düzü

Çaldıran düzü
Çaldıran düzü

Gecə Xoyda qaldıqdan sonra avtovağzala gələrək Çaldıran şəhərinə getdim. Oradan da taksi ilə Çaldıran düzünə gedərək Osmanlı və Səfəvilər arasına döyüş olmuş yerə çatdım.

Ziyarətdən sonra oranı da tərk edərək Maku şəhərinə gedib Türkiyə sərhədinə doğru irəlilədim. Beləcə İranda təxmini 1300 km-lik səyahətim başa çatdı.

Fotolar

Arzu Rzasoy
Xüsusi olaraq “Partizan” üçün.