Etiket arxivi: Rəvan Cavid

“Hə, Atatürkdən də qabaq!” – Məmməd Əmin Rəsulzadənin məzarından reportaj

Loading

“Partizan” Rəvan Cavidin Məmməd Əmin Rəsulzadənin məzarından hazırladığı reportajı təqdim edir.

Sürət qatarının pəncərəsindən bir göz qırpımında arxada qalan şəhər mənzərəsinə baxa-baxa soruşdu:

– Ankaraya niyə gedirsən?

– Rəsulzadənin məzarını ziyarət etməyə.

– Sizin üçün önəmli biridir yəqin…

– Belə deyim də, sizin üçün Atatürk kimdirsə, bizim üçün də Rəsulzadə odur.

– Azərbaycanı xilas edən adam…

– Yox, Azərbaycanı quran adam!

– Azərbaycanı quran… Atatürk kimi onun da nitqini sizə əzbərlədirlər?

– Yox, əzbərlətmirlər. Amma nitqindəki bir cümlə var ki, hamı əzbər bilir.

– Hansı cümlə?

***

“Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən…”

Ankara. Cebeci Asrı məzarlığı. Saysız-hesabsız ağ daşlara səpələnmiş soyadlar içərisində onun bayraqlarla bəzənmiş hündür qəbir abidəsini asanlıqla seçirəm. Səpələnmiş ölümlər arasında Rəsulzadənin məzarı yaşayan bir ideologiyanın yaşayan sahibləri üçün and yeridir. Sadədən sadə qəbirdaşı, sadədən sadə məzar abidəsi. Başının üstündə də, yanlarında da üçrəngli bayraq.

Məzarın yanına çatanda əsgər duruşu – fərəqət vəziyyəti alıram. Bu məndən biixtiyar baş verir. Dodaqlarım arasında memarı olduğu Azərbaycanın dövlət himnini pıçıldayıram. Bir millətdən xalq, bir əyalətdən dövlət quran öndərin qarşısında, mərmərindən əsalət yağan müqəddəs məzarın yanında başqa nə cür dayanmaq lazımdır, bilmirəm. Mən ilk dəfədir, bir məzara soyuq mərmər parçası kimi baxa bilmirəm.

Türkiyədə onu çox adam tanımır. Həmsöhbətlərimə şərqə demokratiyanı ilk dəfə onun gətirdiyini, qadına seçki hüququnu onun tanıdığını, çox partiyalı məclisi onun təsis etdiyini deyəndə hamısı (tanımayanlar) bircə sual verir: “Atatürkdən də qabaq?”

Hə, Atatürkdən də qabaq. Və Atatürkün xilas etdiyi ölkəni bizə vətən edən də Rəsulzadənin istiqlaliyyət qoxuyan məzarıdır. Cümhuriyyəti quranların məzarlarının fərqli ölkələrdə olması, o ölkələrdə kiçik bir Azərbaycanın da olduğunu yadımıza salır. O məzarlar cümhuriyyət səfirlikləridir.

Məzarlığın bələdçiləri Rəsulzadənin qəbri üstünə niyə ancaq gənclərin gəldiyini soruşanda nə cavab verim bilmədim. Bəlkə də bu da tale məsələsi idi. Qurduğu cümhuriyyət də  tarixin yaddaşında gənc demokratiyanın şərqdə gənc ünvanı kimi qaldı.

“…orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə…”

Dörd sütun, bir günbəzdən qurulmuş, evi xatırladan abidənin sağ tərəfində “Bir kərə yüksələn bayraq bir daha enməz!”, sol tərəfində isə “İnsanlara hürriyət, millətlərə istiqlal!”, içərisində günbəzi saxlayan beton tirə isə bir daha “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarları Türkiyə türkcəsi ilə həkk olunub. Nidaların altında isə Rəsulzadənin adının akronimi (MƏR) yazılıb. Qəbir daşının üzərində canlı, ətri getməmiş güllər, həqiqətən, məzarın tez-tez ziyarət olunduğuna nişan verirdi.

Abidənin hazırkı dekonstruksiyasının açılışı 2008-ci il mayın 28-i olub. Açılış lentini o vax Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov və Müsavat Partiyasının başqanı İsa Qəmbər kəsib. Layihənin rəhbəri isə Azərbaycan Kültür Dərnəyinin baş katibi  Tuncer Kırhandır. Qəbir daşının önündə qara mərmər müstəvidə yazılıb:

“Cümhuriyyətimiz milli və demokratik dövlətçilik zəmnində müasirliyə əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən tarixdəki ilk türk cümhuriyyətidir.

Məmməd Əmin Rəsulzadə”

Türkiyə və Azərbaycan bayraqları həm abidənin önündə, həm də yanlarında bir-birinə sıra verərək düzülüb. Ankarada “28 Mayıs” küçəsi də elə bu məzardan başlayır. Tarixdəki müstəqilliyimizin Rəsulzadədən başladığı kimi.

“…candan salamlar göndərir…”

Məzarın yanında tanımadığım bir çox adamın qəbirləri var idi. Mən bilmirəm, onları dəfn edən adamlar kimin məzarı yanında atalarını, əqrabalarını dəfn etdiklərini biliblərmi? Əgər biliblərsə, yəqin ki, bu onlar üçün fəxarət idi. Rəsulzadənin məzarında elə bir nur var ki, yanına səpələnmiş adamların məzarları da şıq görünür. O elə bir məzar daşıdır ki, qəbiristanlığın bələdçisindən soruşanda üzü gülür, gözü parıldayır. “Niyə bura ancaq tələbələr gəlir?” sualını verəndə üzülür. Əli ilə qibləni göstərən kimi dik dayanıb ayaqlarını cütləşdirir. Adam oradaca sonuncu dəfə günəşə baxıb yanındakı boş torpağa uzanıb göylərə qarışmaq istəyir.

“…28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir…”

Ankaraya yola düşəndə sürət qatarında elə mənim yaşda bir xanım tələbəyə Rəsulzadənin həyatını, fəaliyyətini, keçirdiyi günləri həvəslə danışdım. O suallar verirdi, mən bilgimin yetdiyi qədər məlumat. O soruşurdu, mən cavab verməkdən doymurdum. Altı saatlıq yol Rəsulzadənin adına xidmət etdi. Sual-cavabımızın sonunda beləcə də dedi:

Yəqin Rəsulzadəyə görə azərbaycanlı olduğunuz üçün fəxr edirsiniz!

Elə idi. Bizim tarixi böyük göstərən, məncə, ərazisindəki imperiyalar, qanlı müharibələr, mədəniyyət amilləri deyildi, bizim tariximiz məhz 1918-ci ildən sonra böyüməyə, özünə milli şəxsiyyət vəsiqəsi qazanmağa başladı. O şəxsiyyət vəsiqəsinin altında isə qeyd-şərtsiz Rəsulzadə imzası var idi.

“…və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm:…”

Məzarlığın mollası, axundu yox idi biz ora gedəndə. Tək-tük qohumlarını ziyarətə gəlmiş adamlardan başqa heç kim gözə dəymirdi. Mənə bələdçiliyi Ankarada təhsil alan Narıngül edirdi. Rəsulzadəyə aparan cığırları keçdikcə məzar daşının və abidənin baxımsızlığından şikayətlənirdi. Getdim, çatdım, gördüm. Bəzi yerləri qopmağa hazır idi. Bayraqların bir neçəsi solğunlaşmışdı. İkimiz də bir-birimizə söz verdik ki, növbəti gəlişimizdə bayraqları da dəyişək, qopmaqda olan mərmərləri də yapışdıraq. Bu məzar Azərbaycana bərabər məkandı. Azərbaycan bu məzardan başlayır. Və əlbəttə, Azərbaycanı bizlər qorumalı idik.

İki saata yaxın məzarlığı gəzdik. Ayrılanda Rəsulzadəyə baş əydik. Günəş düz məzarın solunda, bayrağımızın arxasında ona bələdçilik edirdi. Buludlardan arxada bir dünya varsa və Rəsulzadə bizi görürdüsə, əminəm ki, o da bu məzarı ziyarət etməyə gələnlər üçün gülümsəyirdi.

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”