Qədim Yunanıstanın isti torpaqlarında dolaşıb günəşin altında heç bir şeyin yeni olmadığını anlayan Ellada şairlərilə inanc sistemi dünya müharibələrinin ümidsizliyinə gömülmüş iyirminci əsr şairlərini mütləq şəkildə eyni fikir narahat edirdi. Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü!
İsgəndəriyyə məktəbində yunan şairlərinin qələmində doğulmuş, papiruslar və daşlar üzərində iməkləmiş vizual şeir reaksiyasızlıq ucbatından dönəmin sənət üfüqlərində boy verməyib poeziyanın arxivinə köçdü.
Uzun əsrlərin sükutundan sonra iməklədiyi yerdən ayaqlanmış vizual şeir şərqdə şahlar, qərbdə kralların mənəvi ehtiyaclarını ödəmək üçün yazılmış əlyazmaların, poema və sonetlərin boz səhifələrini rəngləndirmək üçün tər tökən nəqqaşların sehrli barmaqlarında yenidən peyda olanda orta əsrlər idi. Şeiri ifadə edən rəsmlərlə ətirlənmiş səhifələrin bəzilərində isə sözlü rəsmlər vardı. Doqquzuncu əsrin Skandinav sənətkarları sarı vərəqlərdə əvvəlcə tale bağları ilə birləşdirilmiş, şəffaf sularda daim bir-birini izləyən balıqların sehrli rəqsindən bəhs edən şeiri ənənəvi formada yazmış, sonrasında isə misralarda əks olunan situasiyanı sözlü rəsmə çevirmişdilər.
Şərqdə, xüsusilə, Osmanlı səltənətində özünüifadə senzurasına məruz qalmış nəqqaş və şairlər rəsmin küfr hesab edildiyi dövrdə yaradıcı enerjilərinin çıxış nöqtəsi kimi vizual şeiri kəşf etdilər. Dövrün şeir dili kimi istifadə olunan ərəb əlifbasının hərflərinin zərafətinə məst olmuş Sadiqi vizual şeir müstəvisində ilk nümunələri yaratmışdı. Sadiqi digər yenilikçi Osmanlı şairləri kimi dövrün klassik şeir tələblərinə mətn müstəvisində sadiq qalıb forma baxımından poeziyanı yeniləmişdi. Onun vizual şeirlərinin birində sözlü rəsm formasında sərv ağacı əks olunur. Ağac islamda və qədim türklərin inancında ucalığı, həmişəyaşıl qalmasıyla əbədiyyətin simvoludur. Ağacların daim yaşıllığı ataların cənnətdə sabit olmasının, eyni zamanda onlardan sonrakı nəslin xoşbəxtliyinin sübutudur. Şeirdə ağacın gövdəsindən kənara budaqlar uzanmaqdadır və hər beyt gövdədəki sözdən başlayır.
Digər bir nümunədə isə kvadrat formalı şeirin mərkəzinə həkk edilmiş “sər” ibarəsi ətrafındakı misraların əvvəlinə və sonuna əlavə edildikdə tamamilə başqa mənalar formalaşdırır. Beləliklə, orta əsrlərin qaranlıq torpaqlarında yenidən cücərmiş vizual şeirin yaranma zərurəti şair və nəqqaşların qadağalar ucbatından yaranmış özünüifadə çətinliyi, səltənətə ərməğan edilmiş poema və sonetləri oxuyarkən şahların, kralların sözlə əks olunanı təxəyyül ekranlarında görmə prosesini asanlaşdırmaq ehtiyacı ilə əlaqədar idi.
Onduqquzuncu əsrdə Stefan Mallermenin, İyirminci yüzilliyin əvvəlində isə Gilerme Apoliniarın, Ezra Paundun və Mayakovskinin, Nazim Hikmətin yaradıcılığında vizual şeirin fövqəladə nümunələri yaranmışdısa da, hələ də sənət müstəvisində vizual şeirin yaranma səbəbinə dair zəmin formalaşmamışdı. Birinci dünya müharibəsi zamanı meydana gəlmiş Dadaizm cərəyanının nümayəndələri vizual şeirin – sözlə rəsmin qovuşmasından yaranan mətnin – fövqəladə təsir gücünə inanırdılar. Hətta cəbhələrə müharibə divanəliyinin qarşısını almaq üçün yollanan könüllü dadaistlər artilleriya raketlərinin üzərinə sülhü dəstəkləyən vizual şeirlər yazıb qarşı səngərlərə yollayırdı. Artilleriya atəşindən salamat çıxmış qanıqara əsgərlər həmin şeirləri oxuyacaqdılar. Bu, vahid “düşmən”ə qarşı ideoloji nifrətlə silahlanmış əsgərlərin qəzəbli şüurlarına vurulmuş sülh zərbələri idi.
İyirminci əsrin ikinci yarısında dünyanın müxtəlif nöqtələrindəki şairlərin bir-birindən xəbərsiz vizual şeirlər qələmə alması ilə vizual şeir əsrin monoliti kimi ucaldı. Artıq vizual şeir poeziyanın müstəqil qolu kimi möhkəmlənib ənənəvi şeirlə rəqabətə girərək kütləvi xarekter daşımağa başlamışdı. İtaliyalı şair Karlo Belloli “divara yazılmış mətn şeirlər” adlı əsərini sərgilədi. Eyni dönəmdə Braziliyada Auqustu de Kampos, Harold de Kampos, Desia Piqnatari vizual şeiri dəstələyərək ayrıca qrupda birləşdilər. Məhz vizual şeirin sənət baxımından meydana gəlmə zərurəti ilk dəfə Auqustu de Kamposun yazdığı “Vizual şeir manifesti”ndə əksini tapdı. Stefan Mallermeni, Gilerme Apoliniarı, Ezra Paundu və dadaistləri vizual şeirin yaradıcısı kimi qiymətləndirən manifestdə sözlərin naməlum başdaşıları kimi tarixin qaranlıq səhifələrinə gömülməməsi üçün şeirin görüntü vasitəsilə bütövləşdirilməsi dəstəklənirdi.
Beləliklə görüntü qavrayışı ilə oxu qavrayışı birləşib sənətsəl effektə təkan verəcək, mətndə əks edilən nəsnə eyni zamanda var olacaqdı. 1955-ci ildə qrup üzvlərindən biri olan Harold de Kamposun Maks Benzn dəvətini müsbət cavablayıb Almaniya universitetlərində vizual şeirə dair mühazirələr oxuması ilə manifest bütün dünyaya yayıldı və Almaniya vizual şeirin mühüm mərkəzlərindən birinə çevrildi.
Sonrakı dönəmdə “nonpoetry” adlanan cərəyanın yaranması ilə şeir tamamilə yenilənmə mərhələsinə keçdi. Onlar poeziyanın bütün ənənəvi vasitələrindən imtina edərək şeirin yalnız rəsmdən və səsdən ibarət olması ideyasını müdafiə edirdilər.
Müasir dönəmdə vizual şeir poeziyanın müstəqil qolu kimi dəyərləndirilir, hətta bir çox Qərb ədəbi saytlarında vizual şeir poeziya bölməsinin ayrıca tərkib hissəsidir. Vizual şeirin artıq ənənəvi şeirtək müstəqil cərəyana çevrilməsi eyni zamanda onun yenilənməsi zərurətini yaratmırmı? Poeziyada yenilənməni çiyinləyəcək adamlar üfüqdə boy verməsə, şeirin ölümü həqiqətən reallaşacaqmı? Bəlkə də Vizual şeir poeziyanın son dayanacağıdır.
Məlik Rza