“Partizan” Məlik Rzanın “Qərib ikindilər mövsümü” esse-hekayəsini təqdim edir.
Əcdadlarımın fağır uğultularına acizanə səslənərkən canımı əmanət etdiyim sevgilim ağ göyərçinimin başını üzdü. Çöltək kimsəsiz bağrımı tənhalıqla dolduran xəyanət hissinin təsirilə çiçək açan gənc qızların dizlərinə baş qoyub uyuyan bədheybət qardaşlarımı xatırladım, əziz oxucum. Bağırdım. Başına pərvanə olduğunuz sevgili sizi röyalarınızda öldürəcək qardaşlarım! Sədam quyuda əks-səda verib qayıdanda bildim, gecdir.
Qaramat şahların qanlı səltənətlərindən çiyinləyib xilasına yetirdiyim gözəl gözlü sevgilim cadar dodaqlarımdan öpmədi, açıq gözlərimə sığal çəkib ölümə göndərmədi məni. Gəldiyi kimi sükutla gedib ardından quyunun dibinə sallanmış ipi yuxarı çəkdi. Quyunun ağzı nəhəng daşla əbədi örtülərkən gözlərimi dünyaya yumdum, ruhuma açdım. Cənnət torpaqlarında ağ göyərçinlər uçurdu.
Biz – yaşadığımız məmləkətin rəzilliklərindən qaçıb paklanmış üç dərviş! Daim qürublarına addımlayıb ruhuna bağırdığımız ustadımız vücudumuz qədər yer verdi bizə bağrında! Mağaralara, dənizlərə və quyulara sığındıq. Bir gecə ustadımız bacara bilmədiyinə ağlayanda anladıq ki, aşiqliyimiz ölümümüz olacaq. Dedi ki, övladlarım, şahların uca ağaclarından əmanət kimi götürdüyünüz almalardan ötrü yaşıl bağların zülmətində yarasına duz basıb sizi gözləyən xilqəti ləkələnmiş adamların xəncərlərinə bağrınızı açın! Bağrınızı açın ki, qanınızın izi ilə məbədimə gəlsinlər. Çöllərdən keçib nəhəngliyimizdən utanaraq adamlarla ustad arasında qanımızdan körpü saldıq.
Gəldilər, əziz oxucum. Xilqətlərini tutmuş intiqam hissi ilə verdiyimiz almadolu kasaları yerə çırpıb üstümüzə hücum çəkərkən gözlərimizdə yansıyan ustad ruhunu görmədilər! Gündüzlər öldürdüyümüz adamlara gecələri ağladıq, çox ağladıq. Məmləkətin kimsəsiz mağaralarından, quyularından hönkürtülərimiz ərşə ucalarkən onlar şər nəfəsləri göylərdən çəkilməmiş cahil yuxularına batmışdılar.
Babamız Təpəgöz heç kimi öldürmədi, əziz oxucum!
Məmləkətin hər gün yemək üçün girov verdiyi adamları mağarasında ustadın görüşünə apardı. Gecələr boyu ağlayıb ruhlarının paklanacağı anı gözləyərkən ustadından ölümünü dilədi babam! Anlamadılar.
Basat babamızı öldürərkən diz çöküb qatilini həqiqətlə müjdələdi, canına iz qoymuş ustadının nəfəsindən üfürdü ona. Ölü bildiyi adamları mağarada diri görən Oğuz eli rəzilliklərindən utanmaq əvəzinə həqiqəti əfsanəvi mətnlərinin yalanlarında basdırdılar. Pak qalan Basat daşlanıb çölün kimsəsizliyinə qovuşdu. İndi Basat çöllərin tənhalığında ustada yetməyən hönkürtülərilə divanədir, əziz oxucum!
Bəzən isə ustadımız zülm altında inləyən məmləkətlərin zalımlarını ölümlə hədiyyələmək üçün canı ağ göyərçində olmayan, ölümü tək gözünə sığmış bədheybət qardaşlarımızı uzaq ölkələrə yollayardı. Üzdükləri dənizlərin sularında və keçdikləri çöllərin qum fırtınalarında nəhəng vücudlarını gizləyən qardaşlarımız yetişdikləri məmləkətlərdə günlərlə tər töküb zalımlarla döyüşər, onları ölümlə qucaqlayandan sonra böyük qoşunların ayaqları altında əzilib yad torpaqlara gömülərdilər. Həmin torpaqların düzlərində ucalan dağlar qardaşlarımızın məzarıdır, əziz oxucum. Əsrlərdir adamlar həmin məzarların üstə cücərən çiçəkləri tapdalayır, qaçmaqdan yorulmuş vəhşi atları nizələri ilə yaralayırlar.
Adamlardan fərqli heç vaxt ruhlarımızı şər nəfəslə ləkələyib ustadımıza xəyanət etmədik. Ustadımız bizi azman qalaların kiçik hücrələrində daim qürubları izləyib darıxan, zülm çənbərinə məhkum olub çarəsizlikdən inləyən sevgililərimizi çiyinləyib xilaslarına yetirmək üçün göndərəndə də aşiqliyimizin bizləri ölümümüzə aparacağına bilərək boyun əydik.
İllər təpələrdən aşağı vəhşi atlar kimi qaçarkən ustadımızın kişilərdən bir addım öndə bildiyi qadınların sükutu pozulmadı. Onların dizlərinə baş qoyub yatdıqca dünyadan qopduq, ustadımıza olan sevgimiz azaldı, çöhrələri yuxularımıza calandı sevgililərimizin.
Bizə keçmiş paklığımızı xatırladan qərib ikindilər mövsümündə bağrımız utancdan partlayarkən ustadımızdan ölümümüzü dilədik. Ağladı, çox ağladı. Amma bilirdi, onun nəfəsinə qovuşmaq üçün ölməliyik. Başımızı dizlərinə sonuncə dəfə qoymamışdan əvvəl sevgililərimizə bətnində canımızı daşıyan ağ göyərçinlərin yerini nişan verdik. Cənnəti və ölümümüzü arzuladığımız əbədi röyalarımıza gedərkən inandıq ki, sevgililərimiz bəyaz əllərindən canımızı uçurdub göylərə bağışlayacaqlar. Ölümümüz nadinc uşaqların daşlarından, daim gözlərimizin ardına yağan qarın şaxtasından, aclıqdan ulayan çöl divanəsinin xəncərindən olacaq. Amma birdən əcdadlarımın fağır uğultularına acizanə səslənərkən sevgilimin gözəlim əllərinə yaraşmayan cəldliklə ağ göyərçinimin başını üzdüyünü gördüm. Gözlərində heç vaxt görmədiyim süstlüklə mənə baxıb quyunun dibinə sallanmış ipə tərəf yeridi. Həmin iplə dünyaya qayıdarkən daşla quyunu örtməmişdən öncə mənə təəccüblə baxan o gözəl üzünü yaddaşımın gizlininə köçürüb zülmətdə tənha qaldım. İndi bu zülmətdən taleyimi oxuyub ölümümə ağlayan sənə səslənirəm əziz oxucum! Biləsən! Paklığının xiffətini çəkən sən, üfüqlərində boy verdiyin məmləkətin divisən!
Ağ göyərçini qoru!