İncəsənət necə yaranıb? – “Rock art”

Loading

“Partizan” Lamiyə Həbibovanın “Mağara təfəkkürü” – 
İncəsənət hardan başlayır? – “Rock art” adlı yazısını təqdim edir.

Başlanğıc izlərinə qaranlıq mağaralardan addımlayacağımız və qaya rəsmlərinə – “rock art” və ya “cave painting” işıq tutacağımız yollar bizi insanlığın ilk sənət qavrayışına, ortaq sənət zehniyyətinə və mağarada gizli qalan mif motivlərinə daha da yaxınlaşdıracaq. Elmi ədəbiyyatda qaya rəsmləri petroqliflər olaraq bilinir və qaya üstü təsvirlər, qaya üstü lövhələr, daş oymaları kimi söz birləşmələri ilə bərabərləşir. Yazıya qədərki tarixdə arxeoloji mənbə rolunu oynayan qaya rəsmləri barədə üzərində duracağımız əsas məsələ onların müşahidə edildiyi mağaraların yaşayış bölgəsi olaraq deyil, insanın sənətlə vəhdətinə təkan verən məbəd olaraq istifadəsi mövzusudur.

Çağdaş fransız yazıçısı Martin Paj “Mən necə axmaq oldum” romanında qeyd edir ki, sivilizasiya qüsurlu fərdlərə borcludur, çünki sivilizasiyanı qüsurlu fərdlər; kor, kar, şikəst uşaqlar yaradıb. Onun iddiasına görə qədim insanlar ova çıxarkən mağarada yalnız şikəst fərdlər qalıb. Qüsursuz fərdlər ov ovlayıb yedikdən sonra qalıqları özləri ilə ehtiyat kimi mağaraya gətirib, bu zaman qüsurlu fərdlər onlarla dolanaraq gününü mağarada keçirib. Beləliklə, sənət qüsurlu fərdlərin ifasında bikarçılıqdan yaranıb. Yazıçın iddiasına görə bəşəriyyət daim qüsursuz fərdlər yaratsaydı, biz pitikantroplar dövrünü aşa bilməyəcəkdik. Martin Pajın sənətlə, xüsusilə də, incəsənətlə bağlı bu radikal – radikal olduqca da maraqlı fikirlərini kənarda saxlayıb Paleolitə qayıdaq.

Ən erkən Paleolit dövrü mağara rəsmlərinə Qərbi Avropada – Fransa və İspaniyada, Potuqaliyada, İngiltərədə, Qərbi Rusiyanın Ural dağları ətrafında, İndoneziyada və başqa bölgələrdə rast gəlinir. Demək olar ki, bütün dünya ölkələrinin nəsibini aldığı, səssiz və əlçatmaz mağara künclərinə həkk edilən bu rəsmlər qədim çağların özünəməxsus mərasimləri ilə bağlı olan mifləri də içinə alaraq insanlığı topluluq, yetişkinlik və sarsılmaz müdriklik şüuruna çatdıran mistik güclü vasitələrdir.

Professor Cozef Kempbellin (Joseph Campbell) də dediyi kimi, mağaradakı zehin poetikdir, bəşəriyyətin doğuşunu və təkamülünü özündə əks etdirir. O bütün miflərin, tanrıların yaradıcısı, yox edicisi, köləsi və ağasıdır.

Daş dövrü qaya sənətinin yaradıcsı olan insan müşahidə etdiyi təbiət hadisələri qarşısında yaranan qorxuya instinktiv yolla, “sui generis” adlandıra biləcəyimiz ənənəvi sərhədlərini aşan yarı-çılğın oyun, mifik motivli mərasim rəqsləri və rol təqlidləri ilə reaksiya verir. Bu zaman sözün ötəsində, sosial impulslar daxilində dəyərləndirilə bilən yaxşı və pis, yanlış və doğru anlayışları ortadan qalxır, bir növ, özündən keçmə, ucalma və vəcdə gəlmə aktları baş verir. Çin və Yaponiyanın Zen ustaları bu hala “zehin yoxluğu” adını verir, klassik hind terminləri isə bu aktı “mokşa”- qurtuluş, “bodhi”, “nirvana”- aydınlanma, duyğu qanadlarında sərhədsizlik və ya estetik zövqün parıltılı səssiz halı kimi xarakterizə edir.

Azərbaycan, Qobustan qəsəbəsi

Hindistan, Andipatti bölgəsi

Trois Frères (üç qardaş) mağarası 1914-cü ildə Fransanın Aryej bölgəsində 3 qardaş tərəfindən tapılıb və özündə Feriantropiya (Therianthropy – mifologiyada insanların forma dəyişmə yolu ilə metomorfoz keçirmə qabiliyyətidir) üslubunda olan təxminən dörd yüzdən çox son Paleolit dövrü qravür sənətini özündə ehtiva edir. Qayaya həkk edilən əsərlərdən birinə diqqətlə baxaq: maral buynuzlu başı olan heyvan otağın daxilinə çevrilmiş vəziyyətdədir, tüklü qulaqları təkə maralınkına bənzəyir. Gözləri bayquşda olduğu kimi yumru, ayaqları isə insanınkı kimidir. Qurd və ya atınkına bənzər quyruğunun altından çıxan cinsiyyət orqanı pişikkimilər yarımdəstəsindən aslanınkına, əlləri isə ayının pəncələrinə bənzəyir. Arxeoloq Henri Breuilin fikirlərinə görə, bu rəsm ya tanrılaşdırılmış bir şaman cadugərinin simulakrıdır, ya da sənətini əbədiləşdirmək istəyən bir ovçunun əl işidir.
Maral motivinə türk mədəniyyətinin İskit-Sak-Sibir topluluqlarında müqəddəsləşdirilmiş ağacla birlikdə dişi ruhu təmsil etmiş formada rastlamaq mümkündür. Yenə də şamanların ruhlarla və ya öz toplumu ilə trans halındakı bu əlaqəsi ovsun yaradan şaman arxeotipini təsdiq edir. Bundan başqa, maralın ruhdan doğuma keçid almasını, dastanlara və söz mədəniyyətinə təsirini göytürk tayfalarının münasibətdə olduğu kreaturanın maral olduğu dastanda, Aşina soyunun qurddan gəlmiş olmasında (maral-qurd əvəzlənməsi baş verir) və törəyiş dastanında izləmək mümkündür.

”Trois Freresin Şamanı”

Mağaraların bir çoxundakı rəsmlərin estetik yön gözlənilmədən üst-üstə, təhlükəli və dar yüksəkliklərdə çəkilmiş olması, əslində, onların sənətdən daha çox ovsun, cadu məqsədi ilə çəkilmiş ola biləcəyi ehtimalını da verir.

Fokusumuzu yenidən heyvanlar üzərində saxladıqda onlarla yanaşı bəzi alətlərin – bumeranq, döyənək, onlara doğru atılan mizraq və s. təsvir edildiyini də görürük. Bu isə “Vudu” (Voodoo) və ya “qara magiya” kimi tanınan, əsasən, Şərqi Afrikada geniş yayılan animistik ovsunlama ritualıdır. Bu rəsmlər mağaradakı insan zehninin hər cür mümkün qorxudan və qayğıdan kosmik, zamanın ötəsində bir uzaqlıqda yaratdığı mistik mənzərədir. Trois Freresin yaxınlığında yerləşən növbəti “Tuc daudoubert” mağarası da boydan-boya ovçu sənətkarın yaratdığı ovsun xarakterli ov rəsmləri, buffalo rəqsi edən buğa, inək, ağızlarından qan axan bəzi digər heyvan təsvirləri ilə qədim dövr insanlarının həyatın mürəkkəb sferalarındakı yaradıcı təfəkkürlərinə bizi heyran qoyur.

Tuc d’audoubert mağarası, Montöskyö Avantes, Fransa

Qobustan qayaları, Qobustan qəsəbəsi, Azərbaycan.

İnsanlığın öz qaya, torpaq, tarix yaddaşı ilə qarşılaşmasından əldə ediləcək əhəmiyyətli məqamları ümuumiləşdirsək, miflərin, miflərdən doğan sənətin və yaratma eşqinin dünyada uğrunda daim mübarizə aparılan, əldə edilməyə çalışılan 3 təməl anlayışın bünövrəsində meydana çıxdığını görə bilərik: zövq (kama), güc və uğur (artha), ədalətli və əxlaqlı müdriklik (dharma). Müqayisəli şəkildə üzərində dayanacağımız hər bir qaya rəsmləri sənətin alt qatındakı mifoloji motiv bizi sivilizasiyaların, bəşəriyyətin ortaq təfəkkürünün hansı ahəng və vəhdətlə işlədiyini görməyə imkan verir. Son olaraq, 2021-ci ilin fevral ayında polşalı arxeoloqlar Afrikanın Tanzaniya bölgəsində Svaqa qoruğundan Sandave xalqının tarixinə yeni baxış qazandıran təxminən 87 min illik yaşı olan qırmızı maddə ilə çəkilən buffalonun ovlanma səhnəsini və bəzi əhliləşdirimiş heyvan rəsmlərini üzə çıxarıblar. Hələ də müxtəlif səpkili yozumları davam etməkdə olan və minlərlə mağara rəsmlərindən biri olan bu qaya üstü təsvirlər bizdən min illərlə uzaqda olan insan yaşantılarını sənətin səssiz dili ilə bizə daha da yaxın edir və onlarla vizual əlaqə yaratmağımızda böyük rol oynayır.

Lamiyə Həbibova