“Partizan” Salam Sarvanın şeirlərini təqdim edir …
***
Bu xırda, bu cılız insan
yalnız qapısı olan yerlərə can atar:
evə, idarəyə, maşına…
Nəhayətsiz göylərə, çöllərə dartınmaz.
Otağında neçə-neçə qapı var, pəncərə var.
Hətta kitab dolabına da qapı qoydurar.
Doğmalarının şəklini şüşəli çərçivəyə saldırıb
pəncərədən baxar sevdiklərinə.
Bu xırda, bu cılız insan
fani bir ömürdə əbədiyyət rahatlığı qurar özünə –
mətbəxdə yemək yeyər,
qonaq otağında televizora baxar,
yataq otağında yatar.
Utanıb-qızarmadan
küləyin tumarladığı nəhayətsiz zəminin yanında
başındakı beş-altı tükü darayar…
Gur-gur axan çayların böyründə beş-altı damcı göz yaşı axıdar…
Uca dağların ətəyində beş-altı qarış boy atar.
Od saçan Günəşin altında tüstü saçan ocaq qalayar.
Guya onun azadlığının həddi
başqasının azadlığının civarına qədərdi…
Əslində isə, dustaqlığının sərhəddi
başqasının kamerasının divarına qədərdi.
Əslində isə…
Bu xırda, bu cılız insançün
bütün azadlıqlar tələdi:
çünki hətta hər gün ütülədiyi
paltarının qulluğunda kölədi.
Bu xırda, bu cılız insan
əlvan parıltılar yaradar qapqara niyyətindən…
Hər qarış torpaqda nəsə tikər –
fələyin gərdiş eləməsi üçün
bir metr də yer saxlamaz həyətində.
Belə…
Tanrı bu xırda, bu cılız insanın
başını soxması üçün qapılar yaradıb yalnız –
dünyanı yaratmayıb hələ…
***
Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.
Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.
BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.
***
Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.
Atsana bu ağır çəkiylə məni,
yarı ruh-yarı can bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
bir lopa palçıq tək silib atsana.