Söz var qəlbə toxunur, söz var ilikdən keçir

Loading

“Partizan”  Cəlil  Cavanşirin  şeirlərini  təqdim edir…

***

Nəysə, olur belə şeylər
Olur ki, darıxırsan…
Hər kəs sənə doğru qaçır,
Sən ona sığınırsan
Gecələr tez-tez diksinib
Adını çağırırsan…

Nəysə, olur belə şeylər,
Olur ki, çox sevirsən.
Sən hamıdan vaz keçirsən,
Hamıya yadlaşırsan.
O da səndən uzaqdadır,
Bu oyuna çaşırsan…

Nəysə, olur belə şeylər
Olur ki, ağlayırsan.
Göz yaşların ilıq-ilıq
Töküldükcə üzünə
Evin bütün künclərindən
O görünür gözünə…

Nəysə, olur belə şeylər
Olur ki, yorulursan
Bütün həyat eşqin ölür,
Bezirsən, təklənirsən
Bircə quru zəngi gəlir
Coşub ürəklənirsən…

Nəysə, olur belə şeylər
Olur ki, hər şey bitir.
Yaşadığın sevda zülüm,
Sevgin göz yaşı, kədər
Bir də baxırsan illərin,
Hədər gedibmiş, hədər…

Nəysə, olur belə şeylər,
Olur ki,
sən olmursan…

***

Bu gün arxa çevirir – bir vaxt dost bildiklərim
Qəfil qarşıma çıxsa, sahibsiz küçələrdə
Qəfil yoluma çıxsa, yolda qoyub gedənlər,
Qəfil üz-üzə gəlsək qaranlıq gecələrdə
Dərin bir təəssüflə,
Dönüb, çıxıb gedərəm,
Mən sizə göstərərəm, niyə küsür adamlar…

Yaxşı, bir az romdan süz, yorğun qarson, vaxt gedir
Bu tənhalıq illəti, sıxır canımı yenə
Aylmaq üçün tezdir, yatmaq üçün çox erkən
Bu kloun maskası, bu təmkinsiz təntənə
İcazə verin mənə,
Çıxarım bu maskanı
Mən sizə göstərərərəm, necə gülür adamlar

Bir-iki tüstü çəkim, süstləşsin əl-ayağım
Sən də arxamca düşmə, sərsəm səfil, dilənçi
Bu gün bütün şəhərin sərgərdanı özüməm
Qoy qalsın qursağında, səfalətin sevinci
İnsan dərdin bölüşər,
Sevinci bölmək nədir?
Mən sizə göstərərəm, nəyi bölür adamlar.

Günəş hayandan doğur, gərək dəqiq öyrənəm
Gərək gedib oturum dənizin sahilindəbu gecə sərsəmliyin son Həddinə çatmışam,
Bu gecə danışıram tanrıların dilində,
Sgər vaxtınız varsa,
Səhər gəlin sahilə
Mən sizə göstərərəm necə ölür adamlar….

***

Hamıdan qəşəng darıxıb
Hamınızdan çox içirəm
Dərdlərə meydan oxuyub
Ömrün içindən keçirəm

Taleyimi varaq-varaq
Oxuyuram kitab kimi,
Çox məsumam, günahlarım
Yazılacaq savab kimi.

Mən bir az dəliyəm, dəli
Hər şeyə gülə bilirəm,
Hər sabah erkən doğulub,
Hər axşam ölə bilirəm

Hər gecə döyüb qapımı,
Sonra da özüm açıram.
Təklik qaçır qucağıma,
Baş alıb evdən qaçıram.

Dolaşıram küçələri,
Dolaşıram səfil kimi,
Öz başıma daş tökürəm,
Göylərdən əbabil kimi.

Dərd-səri yavanlıq kimi,
Harda gördümsə, qapıram
Bir az şeirlə ovunub,
Sözlə təsəlli tapıram.

Ömürdü də, yaşayıram,
Harda qırıla, qırıla!
Bir qız da çıxmır bəxtimə,
Düşüb eşqinə, vurulam.

Hamıdan gözəl sevirəm,
Hamıdan tez unuduram
Qəfildən ağlamaq tutur,
Tez özümü ovuduram.

Belə qarışıq adamam,
Gül keç, yoluxaram sənə,
Çıx get,
Bax, aşiq olaram,
Sonra darıxaram yenə.

***

Ulduzlar göz vurarkən parkdakı sahibsiz itlərə
Küçə xəfif dumanlıykən
Sərxoşların ay bildiyi küçə lampalarına daş atmalıydım
Partlatmalıydım,
Bir-bir əldən salmalıydım kimsəsiz, boş skamyaları
Amma mən,
Bu gecə oyandım, ölümümü düşündüm…

Sevgilimin saçları,
Gözləri,
Bədəni bu qədər gözəlkən,
Ona şeir yazmayacaq qədər hüzünlüyəm
Darıxıram, sıxılıram…
Froydun təsbitiylə, dəliyəm
Yunqa qalsa, gülməliyəm
İzdihamın içində qrenuy kimi ölməliykən
Bu gecə oyandım, ölümümü düşündüm…

Bu ucsuz-bucaqsız, kimsəsiz gecədə
Bir şeir yazmalıykən
Oturub alın yazımı qaraladım
Sonra səmaya dikdim gözlərimi, ulduzlara baxdım
Sabahı, baharı, səni düşünməliydim əslində
Amma mən,
Bu gecə oyandım, ölümümü düşündüm…

Gecə bir azca soyuq, sənsə əbədi uzaq
Aramızda küçələr, yollar, gecələr varkən
Səni sevmək bu yaşımda,
Durmadan, dayanmadan düşünmək dəlilikdir
Bu gecə,
Tanrı tumar çəkməliydi başıma,
Qəfil saçlarımı qarışdırdı yorğun əlləri
Bir səkinin üstündə oturub, sənə ağlamalıykən
Bu gecə oyandım, ölümümü düşündüm…