Bəlkə də, balıqların dənizlər göz yaşıdır.

Loading

“Partizan”  Şəhriyar Heydərin  şeirlərini təqdim edir …

Müasir Heydərbaba

Heydərbaba, səsim sənə çatmadı
Bakı ginə arzusuna yetmədi
Təbriz deyib, qan ağladı, yatmadı
Heç bilməzdim, yaman olur ayrılıq
Heç bilməzdim ilan olur ayrılıq

Heydərbaba, duman yordu yolları
Qovuşmadım, ömrüm oldu bax yarı
Quruyaydı kaş Arazın qolları
Sən o tayda, mən bu tayda qəm yedux
Ayrı düşdük bir birindən, incidux.

Heydərbaba, Məhsa öldü yazıq qız
Bir çiçəkdi, yazda soldu yazıq qız
Saçlarını molla yoldu, yazıq qız
Gün görmədi, bax yıxdılar küməsin
Heç Allah da eşitmədi naləsin.

Heydərbaba, kim dayandı qəsdinə
Yanıb, yanıb kor olmuşam tüstümə
Savalanın qəmmi yağır üstünə
Ona denən çox darıxma düzələr
Qovuşarux, sağlıq olsun, gün gələr.

Heydərbaba, səni gec tez taparam
Sızıldayan yaraların öpərəm
Mən qoymaram düşman səni apara
Heydərbaba, vətənimsən sən mənim
Vətənimsən, vətənimsən, vətənim!!

***

Kimin yuxusudur görən bu ömür
İlahi, nə olar qoyma çin çıxa
Mən bir ev tikirəm sevgi adında
Qoyma ki, ayrılıq küləyi yıxa

Önümdə nə çox yol, hansını azım
Hansı yolu gedim, qalmasın izim?
Nə olar, güzgüsü olum o qızın
Bircə yol, özünə o məndən baxa

İndi tənhalıqdır mənim vətənim
Sevginin təklikdi yoxsa bədəli?
Qəlbim Nazaretli İsadır mənim
O Roma əsgəri, çəkir çarmıxa

***

Gördüm, adəm oğlun, günah içində
Gördüm, bu dünyanı, hiylə, kələkdir
Gördüm, Xirosimanı, Naqasakini
Mən onda anladım, şeytan mələkdir

O kimdi, batırdı dünyanı yasa,
Hördü aramıza insandan hasar,
Gördüm bir uşağı, deyir, ya İsa
Nə oldu, yalançı bəs gələcəkdin?

Çəkdim bu dünyanın, hər qəmin, ahın
Yıxdı evimizi buğda tamahı,
Gördüm göy üzünə qaçdı Allahı
Əlimə düşmədi, öldürəcəkdim.

***

İxlas ilə zikr etdiyim
Adına min salam olsun,
Mənim məbudum sənsən bil,
Sənə həmdü-səna olsun,

Göz yaşlarım dəryadır, bax,
Keçdim onu Musa sayaq,
Sinəmə çəkdiyin bu dağ,
Nəola Turi-Sina olsun,

Kimdir eşqə yenilməyən,
Yıxılmayan, əyilməyən?
Bu ömrün heç döyülməyən,
Lənət qapısına olsun.

***

Olan oldu, keçən keçdi, sən məni,
Olanlara, keçənlərə bağışla,
Öz bətnində sirrimizi gizlədən,
Bu qaranlıq gecələrə bağışla
——
Xarabanı tərk etməyən bayquşa,
Bu quşdan yan ötən müqəddəs daşa,
Lap elə bu unudulmuş əyyaşa,
Vətən olan küçələrə bağışla
—-
Biz dərdlərdən düşdük, çölün düzünə,
Gəl, tüpürək ayrılığın üzünə,
Bu soyuqda yem gəzərkən özünə
Şaxta vurmuş sərçələrə bağışla.

***

Bəlkə də balıqların, dənizlər göz yaşıdır,
Bəlkə də balıqların qayalar başdaşıdır,
Bəlkə balıqlar elə, adam olub, kim bilir
Ya da balıq adamın, elə su yaddaşıdır?
—-
Bəlkə Allah bəndəymiş, yerdən qaçıb nə vaxtsa
Bir yolluq küsüb bizdən, göyə köçüb nə vaxtsa
Bəlkə də quşlar elə ağac olub kim bilir,
Ya da ağac quş olub, qanad açıb nə vaxtsa?
—-
Bəlkə birmiş. Odla su, yolları haçalanıb,
Sular göz yaşlarına, od aha parçalanıb,
Bəlkə qadınlar günəş, kişilər göy üzüymüş
Sonra dünya gecəyə, sabaha parçalanıb?
—-
Bəlkə keçmiş hamıdır, ağac, adam, hə, şair ?
Bəlkə bu üzdən, heç kim, heç cür yer tapa bilmir,
Bəlkə də, keçmişinə qayıtmaqdan ötəri
Saat əqrəblərinin əksinə fırlanır, yer?!

***

Bilirsən, müəllim
Mənim nəyimə gərəkdir
Azarbaycanda
qədim insanın
alt çənə sümüyünün
Tapılmağı
xoşbəxtlik tapılıbmı?
Onu de,
Bilmirsən
əlləri cibində
harda sülənir?
Yoxsa o da əl açıb
Dilənir…
Düşüb Tanrının ayağına
Alnımıza yazılmağı diləyir
Mənə danışma
Buzlaşma dövründən
Nəyimə gərəkdir hansı
Canlı ölüb hansı yaşayır
Bacarsan
Üstünə Günəşi sər
Odlar yurdunun, gör necə
üşüyür..
Yalan demə, quldarlıq,
Quldurluq dövrüdür, burda hələ də
Özüm canlı görmüşəm
Spartakı
“Qul bazarı”nda
Şallaq çəkmişdilər
Ürəyinə neft kəmərilə.
Bilirsən, müəllim
Nəyimə gərəkdi
Orta əsrlər
Lüdovikin edamı…Gilyotinin ləğvi
Burda gilyotinlə yox ,
pambıqla baş kəsir cəlladlar.
Sus, Babəkin kəsilən qolları
İnanmıram sənə,
inan mənə.